Sergey Lavrov Rusiyanın xarici işlər naziri olsa da... - AÇIQLAMA
Cümşüd Nuriyev: “Rusiyanın XİN başçısı bu çıxışı ilə gələn ay keçiriləcək ikitərəfli görüşün Ermənistanın lehinə başa çatacağını bildirdi”
26 Aprel 2013 17:41 SiyasətMoskvada erməni həmkarı Edvard Nalbandyanla görüşən Rusiyanın xarici işlər naziri Sergey Lavrov Daqlıq Qarabağ münaqişəsi barədə danışıb. XİN başçısı münaqişənin həlli prosesində irəliləyişlərin olmadığını bildirib: "Lakin, həll prosesində irəliləyişin olmaması danışıqların çıxmaza girməsi demək deyil!". Sergey Lavrovun açıqlamasının səmimiyyətdən çox hiyləgər çıxış olduğunu deyən politoloq Cümşüd Nuriyevin sözlərinə görə xarici işlər naziri bununla Azərbaycanı sakitləşdirməyə çalışır: "Azərbaycanın tanınmış siyasətçiləri çoxdan bəyanat veriblər ki, artıq Dağlıq Qarabağ münaqişəsi dalana dirənib. Lavrov bu açıqlamanı ona görə verib ki, ABŞ bir müddət qabaq bildirdi ki, Dağlıq Qarabağ münaqişəsi sülh yolu ilə həll edilməlidir. Kreml də bir növ ABŞ-ı zərərsizləşdirməyə çalışır. Həmçinin Rusiyanın Azərbaycana qarşı olan həddindən artıq aqressiv mövqeyi başa düşülən deyil. Kreml Qarabağ münaqişəsinin həllini necə istəyir ki, bu yaxınlarda Rusiyanın dövlət televiziyasında Sivanidzenin həddindən artıq təhlükəli verilişi yayımlandı. Svanidze bildirdi ki, rəsmi Tiflis özünü yaxşı aparsa, Azərbaycanın Şəki-Zaqatala bölgəsi MDB-yə daxil olsa Gürcüstana, Naxçıvan Ermənistana, Dağlıq Qarabağ Rusiyanın tərkibinə, Azərbaycanın Şimal bölgəsi "Ləzgistan"a, Cənub bölgəsi - Biləsuvara qədər İrana veriləcək. Azərbaycana isə ortada dar bir zolaq qalacaq. Rusiya bununla müharibənin Azərbaycan üçün hansı nəticəni verəcəyini ortaya qoymağa çalışır. Svanidze televiziyada aparıcı olmasına baxmayaraq rus kəşfiyyatının bir nömrəli agentidir. Svanidze də Rusiyanın gizli planını açıq konturlarla gündəmə gətirdi. Həmin verlişdən dərhal sonra Sergey Lavrov belə bir bəyanat verir. Həmçinin Lavrov bu çıxışı ilə gələn ay keçiriləcək ikitərəfli görüşün Ermənistanın lehinə başa çatacağını bildirdi. Çünki, Lavrovun da bir tərəfi ermənidir. Sergey Lavrov Rusiyanın xarici işlər naziri olsa da o, erməni kimi çıxış edir. Lavrovun bəyanatı tamamilə absurddur, çünki, Dağlıq Qarabağın həlli prosesi tamamilə dalana dirənib. Əgər məsələ prezidentlər səviyyəsinə qaldırılmırsa bu xarici işlər nazirləri tərəfindən necə həll oluna bilər?! Artıq Sergey Lavrovun Qarabağ haqqındakı bəyanatları iylənmiş su qoxusu verir, lax yumurta iyi gəlir. İndiki məqamda Qarabağ münaqişəsinin həllində Azərbaycanın lehinə qərarın qəbul ediləcəyi sadəlövhlükdür. Lavrov başa düşməlidir ki, Azərbaycan siyasi cəhətdən yetkin bir dövlətdir, biz kor deyilik və bizi aldatmağa ehtiyac yoxdur". ("OLAYLAR" İA)