İctimai Palatanın Milli Şura qısqanclığı - SİYASİ ANALİZ
Qurumun fəalları yeni təşkilatda da başda olmaq istəyirlər
26 Aprel 2013 14:35 SiyasətMüxalifətçi elektoratın səbrlə gözlədiyi Milli Şuranın may ayında elan olunacağı gözlənilir. Bu barədə mətbuata danışan qurumun təsisçilərindən biri, El hərəkatının sədr müavini Eldəniz Quliyev bildirib ki, aparıcı müxalifət partiyaların ilə danışıqlar gedir. AVİP, ADP kimi partiyalar Müsavata və Rüstəm İbrahimbəyova qarşı qara piar apardığını nəzərə alsaq, söyləmək olar ki, bu tip partiyalar Milli Şurada olmayacaqlar. Qeyd edək ki, AVİP Müsavatın və İbrahimbəyovun Rusiyanın təsiri altında fəalliyyət göstərdiyini vurğulayb. Böyük ehtimalla, Milli Şura Müsavat, AXCP, El hərəkatı və razılıq verərsə ALP-nin iştirakı ilə yaranacaq. Şurada İctimai Palatada fəaliyyət göstərən şəxslər də olacaq. Bir sıra İP rəhbərlərinin fəallığı göstərir ki, onlar MŞ-da üstün mövqeyə sahib olaq istəyirlər. Pənah Hüseyn mətbuata açıqlamasında İP-in varlığını xatırladıb və bəyan edib ki, üçlərin danışı İP-in razılığı olmadan aparılıb. Bu o deməkdir ki, biz də varıq və MŞ-nın yaranmasına mane ola bilərik. Ondan öncə Müsavat yetkilisi Arif Hacılı "Müsavat Avropaya inteqrasiya tərəfdarı olmayan qüvvələrlə əməkdaşlıq etməyəcək" bəyanatını vermişdi. İP rəhbərlərinin Milli Şura qısqanclığının səbəbi aydındır. Məlumdur ki, Milli Şura yaranacaqsa, İctimai Palata sıradan çıxmış olacaq. Onsuz da bu qurumun əsas bitərəf üzvləri istefa veriblər. Ərəstun Oruclu, Zəfər Quliyev İP-də deyillər. Onlar Milli Şurada təmsil olunacaqlar. Bu adamlarla yanaşı onlarla sabiq İP üzvü var ki Milli Şurada təmsil olunacaq. İctimai rəydə İP-in MŞ-a uduzduğu faktdır. Müsavat və AXCP liderləri çox çalışsalar da İctimai Palatanı qoruyub saxlaya bilmədilər. Artıq bu qurumun adı qalıb. Milli Şura elan ediləndən sonra İP-in yaşamasına heç bir lüzum qalmayacaq. Bunu anlayan Pənah Hüseyn və Arif Hacılı Milli Şuradan mümkün qədər çox yer qopartmağa çalışırlar. Amma onların bu istəyi real görünmür. AXCP rəhbərliyi radikal yazarların əli ilə Pənah Hüseyn, Rauf Arifoğlu və Arif Hacılıya qarşı qara piar aparıblar. Onların reputasiyasına zərbə vurublar. Yəqin ki İP-in Koordinasiya Şurasına seçilməyi bacarmış bu adamlar Milli Şuranın rəhbərliyində olmayacaqlar. Bunu onlar özü də bilir. O üzdən Milli Şuraya qarşı qara piar aparır, onu yaradanları Rusiyaya bağlamağa çalışırlar. İP təmsilçiləri mümkün qədər Milli Şura təsisçilərinə təzyiq etmək məqsədi güdürlər.
Milli Şuranın yaradılmasına hazıqlıq prosesi ilə onu demək olar ki, proses ləng gedir. Görünür, MŞ başbilənləri qurumun El hərəkatı kimi urvatsız olmasını istəmirlər. Qurumun yaradılması yəqin ki mayda da baş tutmayacaq. Böyük ehtimalla, yaranma tarixi kimi 28 may seçilib. Amma ona qədər danışıqların yekunlaşacağı və razılığın əldə olunacağı mümkün görünmür. Qurumun prezidentliyə namizədinə gəlincə, Eldəniz Quliyev İbrahimbəyovun vahid namizəd olmaq istəmədiyini bildirib. Onun sözlərinə görə, vahid namizəd ya El hərəkatının, ya Müsavatın, ya da AXCP-nin namizədi olacaq. Əgər üçlüyə qalarsa, vahid namizəd müəyyən edilməyəcək. Yenə də 1998, 2003-cü ildəki vəziyyət yaranacaq.
Ərhun Abbas