"Müxalifət deyillər, gedib bir partiyada birləşsinlər”
Hadı Rəcəbli: “Yığılsınlar bir yerə, bir partiya yaratsınlar və bizim partiya ilə siyasi müstəvidə mübarizə aparsınlar”
25 Aprel 2013 18:07 Siyasət"Seçki öncəsi müxtəlif hərəkatların, birliklərin yaranması təkcə bizdə deyil, dünya praktikasında da mövcuddur. Heç şübhəsiz ki, bu təşkilatların ilk növbədə hüquqi statusları olmalıdır". Bunu millət vəkili Hadı Rəcəbli "El" hərəkatı və Milli Şuraya münasibətini bildirərkən deyib. Millət vəkili bildirib ki, həmin-yeni yaranan təşkilatların hüquqi statusları yoxdur və odur ki, onlar qeydiyyata alınmalıdırlar: "Onlara nə mane olur ki, Müsavat Partiyasının ətrafında birləşsinlər, nə mane olur ki, getsinlər AXCP-nin tərkibində birləşinlər? Gərək elə hökmən "El" yaranmalıdır, hökmən Milli Şura yaranmalıdır? Mən şəxsən bunu başa düşə bilmirəm". H.Rəcəbli əlavə edib ki, siyasi mübarizədə siyasi partiyalar iştirak edir və vuruşur. Onlar da gedib bir partiyanın tərkibində bir yerə yığışsınlar, güclü bir siyasi partiya formalaşdırsınlar və həmin partiya da bizim partiya ilə siyasi müstəvidə vuruşsun, siyasi mübarizə aparsın. Çünki hər yerdə hakimiyyət uğrunda mübarizəni partiyalar aparırlar- hərəkatlar da o partiyaların içində ola bilərlər: "Düşünürəm ki, onlar üçün ən yaxşı, məqbul yol elə həmin partiyaların möhkəmləndilməsi ola bilər. Odur ki, getsinlər Müsavatı gücləndirsinlər, getsinlər AXCP gücləndirsinlər. Müxalifət deyillər, gedib bir partiyada birləşsinlər. Yoxsa, "El" hərəkatı yaratmaqla, Milli Sura təsis etməklə, cürbəcür adlar qoymaqla, əksinə, öz işlərini bir az da xırdalayılrlar, bir az da qüvvələrini parçalayırlar. Yenə deyirəm, yığılsınlar bir yerə, bir partiya yaratsınlar və bizim partiya ilə siyasi müstəvidə mübarizə aparsınlar. Digər variantların siyasi proseslərdə yeri və rolu yoxdur".