"Ləzgilərin Azərbaycan dövlətindən Avropaya şikayət etməyə heç bir haqları yoxdur” - Qabil Hüseynli
“Azərbaycanın taleyini Avropa Komissiyası təyin etmir, ona görə də ləzgilər “pozulmuş hüquqlarını bərpa etmək” üçün tamam səhv təşkilata müraciət ediblər”
25 Aprel 2013 17:47 Siyasət"Rusiya prezidentinin rəhbərlik etdiyi millətlərarası münasibətlər üzrə Şuraya daxil olan təşkilatın rəhbəri, Azərbaycanın Oğuz rayonundan olan milliyyətcə ləzgi Arif Kərimov Brüsselə gedib və AP üzvləri ilə görüşlər keçirərək Azərbaycanda "etnik qrupların sıxışdırılması" barədə təbliğat aparır. A.Kərimov Azərbaycan hakimiyyətinin "ləzgiləri və digər köklü xalqları sıxışdırması" barədə təşkilat üzvlərinə məlumat verib". "Yenimusavat.com" saytı belə yazır. Ləzgi separatçı təşkilatlarının Avropa Parlamanteniə Azərbaycan hakimiyyətinin etnik azlıqları sıxışdırması barədə etdikləri müraciətlərin heç bir hüquqi əsasının olmadığını deyən politoloq Qabil Hüseynlinin sözlərinə görə Azərbaycan istər Cənubi Qafqazda, istər MDB-də, istərsə də Avropada ən tolerant ölkədir: "Azərbaycan Respublikası istənilən millətin yaşaması üçün ən rahat ölkələrdən biridir. Bir ölkənin ki, müdafiə naziri ləzgidirsə, həmçinin digər əhəmiyyətli dövlət orqanlarında mühüm vəzifələri etniklər tutursa, ona görə də ləzgilərin AP qarşısında problem kimi qaldırmaq istədikləri məsələ tam şəkildə cəfəngiyyatdır. Ləzgiləri qızışdırıb ortaya atan Rusiya hakimiyyətidir. Müxtəlif yollarla Azərbaycana təzyiq etməyin mümkünsüz olduğunu başa düşən Kreml öz məkrli planını həyata keçirmək üçün rəsmi Bakıya qarşı etnik kartı işə salmağa çalışır. Əsas məqsəd isə Azərbaycan daxilində etnik qarşıdurmalar yaratmaqdır. Azərbaycanın taleyini Avropa Komissiyası təyin etmir. Ona görə də ləzgilər "pozulmuş hüquqlarını bərpa etmək" üçün tamam səhv təşkilata müraciət ediblər. Ləzgilərin Azərbaycan dövlətindən Avropaya şikayət etməyə haqqları yoxdur, çünki buna səbəb verən acınacaqlı vəziyyət yoxdur". ("OLAYLAR" İA)