Knesset İsrail-Azərbaycan və Türkiyə əlaqələrinə kölgə salır
Elxan Şahinoğlu: “İsrail parlament üzvlərinin “erməni soyqırımı”ndan əldə etmək istədiyi qazanc xaricdəki erməni lobbisinin dəstəyini qazanmaqdır”
25 Aprel 2013 16:05 SiyasətAprelin 23-də İsrail Knesseti millət vəkili Zehava Gal-Onun təşəbbüsü ilə "erməni soyqırımı" məsələsini müzakirə edib. Zehava Qal-On İsrail və Türkiyə arasında münasibətlərin yaxşılaşması səylərinə baxmayaraq, Knessetin "erməni soyqırımı" ilə bağlı qanun qəbul etməsinin vacib olduğunu söyləyib. "İsrail Knessetinin üzvləri həmişə "erməni soyqırımı" məsələsini gündəmə gətirirlər, amma heç vaxt da alınmayıb. Məsələnin bu dəfə də İsrail parlamenti tərəfindən qəbul ediləcəyi inandırıcı deyil. Rəsmi Təl-Əviv başa düşünməlidir ki, belə bir qanun qəbul ediləcəyi təqdirdə İsrail Azərbaycan və Türkiyə ilə münasibətləri yenidən gərginləşdirəcək!" Politoloq Elxan Şahinoğlu məsələyə münasibət bildirərkən belə deyib. E.Şahinoğlunun sözlərinə görə Türkiyə ilə İsrailin münasibətləri indi normallaşmağa doğru gedir: "Azərbaycanla da münasibətlər strateji tərəfdaşlıq xarakteri daşıyır, bunun üçün də xarici işlər naziri Elmar Məmmədyarov İsraildə rəsmi səfər edib. Ona görə də İsrail Knessetinin məsələ ilə bağlı qanun qəbul ediləcəyi halda hər iki ölkə ilə əlaqələri kölgə altına sala bilər. İsrail parlament üzvlərinin "erməni soyqırımı"ndan əldə etmək istədiyi qazanc xaricdəki erməni lobbisinin dəstəyini qazanmaqdır. Bunun əvəzində isə İsrail faktiki olaraq Azərbaycan və Türkiyəni itirə bilər. İsrail parlamentinin məsələni gündəmə gətirməsinə baxmayaraq Netanyahu hökuməti son anda "erməni soyqırımı" ilə əlaqədar qanunun qəbul edilməsinin qarşısını alacaq. ("OLAYLAR" İA)