Sərdar Cəlaloğlu Rəmişin cavabını verdi

“Mən niyə səni təhqir etməliyəm? Sadəcə sənin dədə-baba torpaqlarının boşaldılması haqda danışıram”

Ötən gün mediada ən çox diqqət çəkən musiqiçi Rəmişin ADP sədri Sərdar Cəlaloğlu haqda səsləndirdiyi sərt fikirlərə qarşı tərəf də münasibətini bildirib

-Xəbər portallarının birində sizin qubadlılar, Həcər haqda yazılan fikirləriniz cəmiyyətdə böyük rezonansa səbəb olub. Musiqiçi Rəmiş də yazılan fikirlərə sərt münasibət bildirib. O, verdiyi açıqlamasında  "Sərdar Cəlaloğlu, sənin yerini bilirik. Səni harda tutsam, bu sözün heyfini çıxacağam. Qarabağın qeyrətli oğlanları gəlib səni bir gecədə məhv edər. Deyəsən, hakimiyyətdə heç bir yer ala bilməmisiniz, içinizin yanğısını xalqı təhqir etməklə soyudursunuz. Qarabağlılar Qarabağı qoyub gəlməyib. Onu sənin kimilər, yan-yörəndəkilər satıb. Başın ayılanda yan-yörəndəki qadınların əxlaqına diqqət elə. Bu xalq axmaq deyil ki, illərdir Həcəri qəhrəmanlıq simvoluna çevirib. Özünü yığışdırmasan, sonundan qorx" deyə fikirlər səsləndirmişdir. Bununla əlaqədar münasibətinizi öyrənmək istəyirik...

-Yazını jurnalist istədiyi tərzdə təqdim edib. Mənim məqsədim Qubadlının boşaldılması faktını üzə çıxartmaq idi. Camaatı vuruşmağa qoymayıblar, məcburi sürətdə onları ərazidən köçürdüblər. Jurnalist bu cür yazı yazmaqla qubadlılarla mənim aramda konflikt yaratmaq istəyir. Sadəcə Qubadlının boşaldılması səbəbləri haqda danışmışam. Qətiyyən qubadlılar, onların mənəviyyatı haqda təhqiramiz fikir səsləndirməmişəm. Bu jurnalistin öz təfəkkürüdür. Məni sadəcə digər işğal olunan rayonlar kimi Qubadlının boşaldılması məsələsi maraqlandırır. Onların çox cəsur, igid olmasını hamı bilir. Sadəcə qubadlıları da döyüşməyə qoymayıblar. Azərbaycanın altı rayonu müharibəsiz boşaldılıb. Biz bu məsələni gündəmə  gətirməliyik. Məgər mən Həcərin əxlaqı haqda nəsə söz demişəm? Sadəcə Azərbaycan xalqının qəhrəmanlıq simvollarının düzgün seçilmədiyini söyləmişəm. Yadellilərə qarşı amansız mübarizə aparanları gizlədiblər. Yadellilərlə yox, özü-özü ilə vuruşanları isə bizə qəhrəman kimi təqdim ediblər. Burda qubadlıları təhqir etmişəm? Həcərin Azərbaycan qadınlarının simvolu olmasını necə demək olar? Əli silahlı erməni ilə vuruşan elə qadınlarımız var ki, heç Azərbaycan xalqı onları tanımır. Rus kimi istədi bizə simvol kimi təqdim edir. Jurnalistin mövqeyi elə onun yazısının başlığından bilinir. Güya mən Həcər haqda nəsə təhqiramiz fikir səsləndirmişəm.  26 Bakı kommissarının,"Vaqif" dramının xəyanət olmasını kimsə deməlidir, ya yox? Mənim Səməd Vurğunla nə işim var ki.

- "Qubadlılar Həcər ruhlu olduğuna görə, Qubadlını qoyub gəldilər. Onlar Sultan bəy ruhunda olsaydılar, nə Qubadlı işğal olunardı, nə də bu söz-söhbət yaranardı" fikrini necə, səsləndirmisinizmi?

-  "Həcər ruhlu" ifadəsini işlətməmişəm. Sadəcə demişəm ki, Sultan ruhlu olan bölgələr müharibəsiz təslim ola bilməz. Camaat doğma el-obalarından necə uzaqlaşmalarının səbəblərini demək əvəzinə səsləndirmədiyim bir ifadəyə görə mənim üstümə düşür. Bu gün hədəfimiz işğal altında olan torpaqlarımız boşaldılması olmalıdır. Jurnalistin camaatı mənim üstümə qaldırması elə bir xəyanətdir. Həmişə xalqın başına belə oyun açıblar. Oyunçular bir qıraqda qalıb, oturub özləri üçün vətənpərvərlikdən danışırlar. Bu neçə illər ərzində rayonların boşaldılma, silahların yığılma səbəblərini hər kəsə başa salmağa çalışmışam. Qubadlıların vuruşmadığını yox, o ərazinin boşaldılmasını demişəm. İndi belə çıxır ki, Sərdar Cəlaloğlu xain olub? Beş-üç manata sayt açıb, bizi xain kimi təqdim etməyə çalışırlar. Həmişə belə olub. Məhəmməd Əmin Rəsulzadənin dövründə də. Niyə qubadlılar haqda alçaldıcı fikir səsləndirməliyəm? Mən milli məsələ qaldırıram. Amma biri məni söyür, biri də deyir ki, gəl gedək hücum edək, A kişi, bir sən bax gör mən nə deyirəm? Qubadlının niyə boşaldılmasını deyirəm? Üç, dörd ildir ki, bu məsələ haqda danışıram. Həcər məsələsində diskussiya açılanda "Həcər əgər qəhrəmanlıq nümunəsidirsə, onda Qubadlı niyə boşaldılıb?" deyə fikir səsləndirdim. Qubadlılar da bu fikrimin qarşılığında ərazidən niyə çıxarıldıqlarının səbəblərini deməlidir. Niyə demirlər? Hər kəs öz torpağını qorumaq istəyir. Laçınlı, şuşalının silahı yığılmasaydı, bir qarış torpağımız da işğal olunmayacaqdı,

-Bu cür danışmamısınızsa, niyə fikirləriniz bu tərzdə təhrif olunub?

-Jurnalistin vətəndaşlıq mövqeyi yoxdur? Camaatı mənim üstümə qaldırmaq istəyirsə, qaldırsın. Camaat küyə gedəcəksə, mən neyləyim?  Bir dəfə qubadlılar öncələr Qubadlı, onlar haqda səsləndirdiyim fikirlərlə maraqlanıblar? Biri mənə "sağ ol" deməyib. Bu gün eşitdim ki, qəzetdə bir qubadlı zorla el-obasından çıxarıldığını dedi. Bu qədər önəmli məsələlər kənarda qala-qala hansısa jurnalist xalqı mənim üstümə qaldırmaqla məşğuldur. İndi də Rəmiş mənim haqqımda danışır,  O da ərazinin məcburən boşaldılması haqda yazmalıdır. Hansısa jurnalist, iki, üç boğazdan yuxarı vətənpərvərlər mənim üstümə düşərək onları təhqir etdiyimi deyir. Mən niyə səni təhqir etməliyəm? Sadəcə sənin dədə-baba torpaqlarının boşaldılması haqda danışıram.

Nigar Məhərrəm

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00