“Əli Kərimli şəxsi maraqlarına görə bütün müxalifəti, xüsusilə Müsavatı satdı”

“Əli Kərimli şəxsi maraqlarına görə bütün müxalifəti, xüsusilə Müsavatı satdı”

"Müxalifətdə İsa Qəmbərin vahid namizədlik məsələsini pozacaq birinci insan AXCP sədri Əli Kərimlidir. Sədr pozuculuq işini şəxsi istəkləri müstəvisində aparır. İsa Qəmbərin öz namizədliyini geri götürməsində Əli Kərimli və mənsub olduğu klanın da maraqları var. Əgər Müsavat başqanı namizəd olsa Əli Kərimli ilə müqayisədə İsa Qəmbərin şansı daha yüksək olacaq!" "Olaylar"a açıqlamasında politoloq Cümşüd Nuriyev belə deyib. Politoloq hesab edir ki, başqanın namizədliyindən imtina etməsi bəzi xarici dövlətlərin maraqlarını da təmin edir. C.Nuriyevin sözlərinə görə Əli Kərimli kənardan asanlıqla idarə olunan adamdır. AXCP sədrilə müqayisədə başqanın kənardan idarə olunmasının həmin qüvvələr üçün çətin olduğunu deyən siyasi analitikin sözlərinə görə Eldar Namazovla şəxsi görüşdən sonra Əli Kərimli İsa Qəmbərin bir nömrəli əleyhdarına çevrilib: "Bu AXCP sədrinin buqələmun kimi dəyişkən siyasətçi və şəxsi maraqlarına xidmət etməsindən irəli gəlir. 90-cı illərdə Əli Kərimli iki dəfə Azərbaycan parlamentində təmsil olundu, amma bunun qarşılığında İsa Qəmbər millət vəkili kimi Milli Məclisə buraxılmadı. Bu amil tam şəkildə Əli Kərimlinin kimliyini sübut edir. Eldar Namazov isə başqa-başqa qurumlara xidmət etmək bacarığı olan və müxalifəti içindən dağıtmağı bacaran uzaqgörən siyasətçidir. "EL" Hərəkatının fəaliyyətinə baxanda tam şəkildə məlum olur ki, bu qurum kimə xidmət edir. Əli Kərimlinin isə bu proseslərdən əldə etmək istədiyi qənimət 2015-ci ildə parlamentdə yenidən təmsil olunmaqdır. Əli Kərimlinin şərtləri budur ki, Fazil Mustafa, Qüdrət Həsənquliyev, Asim Mollazadə və Əli Məsimli parlamentdən getməli və Əli Kərimli başda olmaqla AXCP-dən beş nəfər heyət gəlməlidir. AXCP sədrinin İsa Qəmbərə olan nifrətinin arxasında onun şəxsi maraqları durur. Amma Eldar Namazov AXCP və Müsavat arasında nifaq salmağı bacardı. "EL" Hərəkatının səyləri nəticəsində seçkilərə buket şəklində gedən müxalifət Prezident İlham Əliyevin yenidən heç bir saxtalaşdırılma aparılmadan öz postunda qalmasına zəmin yaradıb. Azərbaycanda demokratik seçkilərin keçirilməsi üçün münbit şərait yaradılıb. Əli Kərimli şəxsi maraqlarına görə Azərbaycan müxalifətini və xüsusilə Müsavatı satdı". ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00