AXCP-Müsavat savaşı başlanır - SİYASİ ŞƏRH

Əli Kərimli İsa Qəmbərə təzyiq edir, Müsavat bölünə bilər

AXCP sədri Əli Kərimlinin ADP qərargahında gənclərlə görüşündən sonra Müsavata qarşı təzyiqlər başlayıb. Gənclərlə toplantıda iddialı və inamlı danışan AXCP sədri tərəfdarlarına "İsa Qəmbəri vurun" əmri verib. Artıq AXCPyanlı qəzetlərdə Müsavat başqanına qarşı təbliğat kampaniyası başlayıb. Bir zamanlar "Yurd"da "klassiklər"ə və Müsavata qarşı birlikdə mübarizə aparmış, "İsaq Əvəzoğlu məktəbini keçmiş", indi başqa-başqa qəzetlərdə çalışan  yazarlar mətbu orqanlarda və sosial şəbəkələrdə Müsavat əleyhinə təbliğat aparırlar. Srağagün məlumat yayılıb ki, İsa Qəmbər namizədliyini geri götürəcək. Xəbər o gündə yayılıb ki, "Yeni Müsavat" qəzetində "İsa Qəmbərin seçki qərargahı toplaşdı" xəbəri dərc olunub. AXCP bütün gücü ilə cəmiyyəti inandırmağa çalışır ki, Müsavat başqanı zəif namizəddir və prezidentliyə namizədliyini geri götürməlidir.  Müsavat başqanı geri addım atmayacaq. Onun ətrafında olan qüvvələr, 2003-cü ilin oktyabrında ondan ötrü həbsə düşmüş adamlar Müsavat başqanının namizəd olmasını istəyirlər. Onlar israrlıdırlar və geri çəkilmək niyyətində deyillər. Onlara görə, İsa Qəmbər bu il də namizəd olmalı, ana müxalifət statusuna yiyələnməli  və siyasi divident qazanmalıdır. İsa Qəmbəri seçkiyə itələyənlər üçün bu il son şansdır. Onlar müxalifətdən rəsmi ikinciliyi qazanıb yenə də parlament seçkilərində mandat əldə etmək niyyətindədirlər. Müsavat başqanının AXCP sədrinə güzəşt etməsi onların ağlından belə keçmir. AXCP isə öz mövqeyindədir və Əli Kərimlinin hücum taktikasına üstünlük verməsi göz önündədir. AXCP bütün gücü ilə Müsavatı sıxışdırmaq, müxalifət düşərgəsində təkləmək və sonda Əli Kərimlinin namizədliyinə razı salmaq xətti tutub. İsa Qəmbər olduqca ağır siyasi situasiya ilə üz-üzədir. O, sona qədər güzəştsiz oynaya bilməz. İctimai Palatanın dağılmasına, cəmiyyətdə "müxalifət birləşə bilmir" görüntüsünün yaranmasına bais ola bilər və Müsavat-AXCP ittifaqının pozulmasında ittiham olunar. Müsavat başqanı Əli Kərimlinin dediyi şərtlə və vaxtda AXCP-yə güzəşt də edə bilməz. Bu halda Müsavat özü iki yerə bölünər. Artıq bununla bağlı politoloq Cümşüd Nuriyev həyəcan təbili çalıb. Nuriyev bildirib ki, AXCP sədri Müsavatı parçalamaq istəyir. Onun məqsədi heç də bu seçkiyə hazırlaşmaq deyil, qarşıdakı parlament və prezident seçkilərində rəqibini sıradan çıxarmaqdır.  AXCP sədrini güclü göstərən Ankaradan yayımlanan və AXCP funksionerlərinin rəhbərlik etdiyi "Azərbaycan saatı" televiziya proqramıdır. Bu veriliş, AXCP-çi gənclərin sosial şəbəkələrdəki fəallığı vəziyyəti AXCP-nin xeyrinə dəyişib. Hələ qış aylarından məlum idi ki, bu avantaj gec-tez AXCP sədrini dilə gətirəcək. Nəhayət, o, ADP qərargahındakı görüşdə AXCP-nin məhz yuxarıda sadalanan amillərlə görə güclü olduğunu dilə gətirdi. Cəbhəçilər açıq-aşkar deyirlər ki, protest elektoratın nüvəsini cəbhəçilər təşkil edir. Mitinqdə onlar öndədir, toplantılar cəbhəçilərin hesabına keçirilir. Bu halda nədən namizəd AXCP-dən deyil, başqa partiyadan olmalıdır? Artıq bu fikri təkcə cəbhəçilər deyil, bitərəf siyasi analitiklər də təkrarlayırlar. Siyasi ekspertlərin fikrincə, AXCP ictimai qınaq hesabına Müsavat başqanını yola gətirə biləcək. İsa Qəmbər tamam siyasi iflasa uğramamaq üçün sçekiyə bir ay qalmış AXCP sədrinin xeyrinə güzəştə gedə bilər. Bu halda isə Müsavatın parçalanması qaçılmaz olacaq.  Müsavatda zaman-zaman "Yurd"la mübarizə aparmış Arif Hacılı və tərəfdarlarının Müsavatdan ayrılacağı qaçılmaz olacaq.     

Ərhun Abbas

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00