“Erməni soyqırımı”, yoxsa ermənilərin türklərə qarşı soyqırımı?

Bu günlərdə ermənilər özlərinin iddia etdiyi qondarma soyqırımın 98-ci ildönümünü qeyd edirlər. Ötən illər ərzində bu iddia ilə geniş təbliğat işləri aparan və dünyanın bir sıra ölkələrini öz yalanlarına inandıraraq onları bu yalana şərik edən ermənilər son illər bu istiqamətdə daha çevik addımlar atmağa başlayıblar. Xüsusilə, bu hərəkətlilik özünü okeanın o tayı, həmçinin Avropanın bir sıra ermənipərəst ölkələrində daha qabarıq şəkildə büruzə verir. Bu gün ermənilərin əsas istəyi və qarşılarına qoyduqları məqsəd ondan ibarətdir ki, 1915-ci ildə məhz onların Osmanlı dövlətinə xəyanəti nəticəsində baş verən köçürülmə siyasətini soyqırım kimi bütünlüklə dünyada tanıdaraq Türkiyədən təzminat əldə edə bilsinlər. Hətta Türkiyə ərazilərinin bir hissəsini, Ağrı dağını Ermənistana birləşdirsinlər. Ermənilər qondarma soyqırımın ildönümünü qeyd etdikləri bir ərəfədə ötən əsrdə baş vermiş bu hadisənin əsl mahiyyəti, soyqırım kimi iddia edilən, əslində isə ermənilərin bir yerdən başqa bir yerə köçürülməsi ilə nəticələnən 1915-ci il olaylarının hansı zərurətdən meydana çıxdığına bir daha nəzər yetirmək zəruridir.

Reallıq və fakt bundan ibarətdir ki, I Düya müharibəsi zamanı Antanta dövlətləri müharibədə Almaniyanın tərkibində çıxış edən Türkiyəyə təzyiq göstərməyə başladılar. Bu təzyiq getdikcə güclənirdi. Hətta 1914-cü il, oktyabrın 29-da Rusiya Türkiyəyə müharibə elan etdi. Belə bir vaxtda Türkiyə ərazisində yaşayan ermənilər arxa cəbhədə böyük bir ordu yaradıb Rusiyanın köməyi ilə silahlandılar və hər yerdə türkləri qırmağa başladılar. Erməni silahlı dəstələri türkləri qəddarcasına doğrayır, tonqallarda yandırır, gözlərini çıxarır, başlarının dərisini soyur, körpələri nizəyə keçirirdilər. Ermənilərin bu vandalizmi nəticəsində 600 min türk öldürüldü. Təbii ki, Türkiyənin başı bu zaman müharibəyə qarışdığı üçün daxildəki prosesləri  diqqətdən yayındırmışdı. Hadisələri belə görən Türkiyə hökuməti və türk hərbi komandanlığı erməni cəlladlarına cavab vermək məcburiyyətində qaldı. 1915-ci il, aprelin 24-də Türkiyənin daxili işlər naziri Tələt Paşa İstanbul və digər böyük şəhərlərdə erməni komitələrinin təcili bağlanması, millətçi erməni rəhbərlərinin həbsi və sənədlərinin müsadirəsi haqqında əmr verdi. 1915-ci il, may ayının 30-da döyüş bölgəsində yerləşən ermənilərin daha təhlükəsiz yerlərə köçürülməsi barədə çox ədalətli və humanist bir fərman da verildi. Fərmana əsasən köçürülən ermənilər üçün hər cür şərait də yaradıldı. Hətta əmlakını aparmaq istəməyənlər onu pulla sata da bilərdilər. Mənbələrdən məlum olur ki, köçürülən ermənilərin çoxu könüllü olaraq sonradan xarici ölkələrə  mühacirət etmişdir. Nəticədə 200 min erməni Türkiyədən ölkənin cənub hissələrinə, o cümlədən İraq, Suriya və digər yerlərə köçürüldü. Köçürülən ermənilərin bir hissəsi Qarabağda, Qərbi Azərbaycanda, Bakıda məskunlaşdırıldı. Göründüyü kimi, baş verən qırğınların başlıca günahkarı ermənilər, daha çox ölənlər isə türklər olub. Ancaq zaman keçdikcə ermənilər tarixi faktları saxtalaşdıraraq və ölən ermənilərin sayını süni surətdə şişirdərək əvvəlcə 600 min, sonra 800 minə, daha sonra isə 1,5 milyon nəfərə qaldırmışdılar. Halbuki, 1914-cü ildə Türkiyə ərazisində cəmi 1294851 nəfər yaşayırdı ki, bu da ümumi əhalinin cəmi 6,9 faizini təşkil edirdi.

O zamankı şərait onu deməyə əsas verir ki, Türkiyənin köçürülmə ilə bağlı verdiyi qərar çox doğru olub.

Erməni qaniçənlərinin türklərə qarşı qəddarlıqları sonrakı illərdə də davam edib. Belə ki, erməni quldurları 1916-cı il, mayın 11-də Türkiyənin Malazgird şəhərində 20 min adamı vəhşicəsinə öldürüb, mayın 22-də isə Van şəhərində 15 min adamı məhv etmişdi. Təkcə həmin günlər ərzində 1000 nəfər körpə ermənilər tərəfindən  boğularaq öldürülmüşdü. 1918-ci ilin yanvarında isə ermənilər Türkiyənin Qətranlı kəndində 1400 uşağı bir yerə yığaraq yandırırlar.Martın 17-də isə Urmiyada 10 min dinc sakin öldürülür. Ümumilikdə, XX əsrin əvvəllərində ermənilərin törətdikləri qanlı hadisələr zamanı ermənilər 1,5 milyon  müsəlmanı qətlə yetirmişdilər.

Günümüzdə aşkar edilən arxiv materialları təsdiq edir ki, özlərini dünyada məzlum kimi qələmə verən ermənilər əslində zaman-zaman müsəlmanlara qarşı soyqırım həyata keçiriblər. Bu məqsədlə isə onlar tarixin müxtəlif dövrlərində terror təşkilatları yaradıblar. Həmin terror təşkilatları aşağıdakılardır.

Hınçak-1887-ci ildə İsveçrədə yaradılıb. Terror, şantaj bu partiyanın əsas fəaliyyət istiqamətlərinə daxildir.

Daşnaksütyun-1890-cı ildə Tiflisdə təsis edilib. Bu təşkilatın da fəaliyyət istiqamətləri terror və şantajdan ibarətdir.

ASALA-Erməni Azadlığı üçün Erməni Gizli Ordusu 1975-ci ildə Akon Akopyan tərəfindən yaradılan ən güclü terror təşkilatıdır.

Yeni Erməni Mübarizəsi-Fransada yaradılıb. Fəaliyyəti dövründə Paris və Avropanın digər şəhərlərində partlayışlar törədib.

Erməni Azadlıq Cəbhəsi-1929-cu ildə yaradılan təşkilat Türkiyə və Azərbaycana qarşı bu gün də terror hadisələri törədir.

Erməni Birliyi-1988-ci ildə Vazgen Sisilyan tərəfindən yaradılıb. Əsas mərkəzi Qarabağ və Moskvada yerləşir.  Bunlarla yanaşı 7 oktyabr qrupu, Erməni Azadlıq Hərəkatı, 9 iyun qrupu, Erməni Gənclər Birliyi, HEKO, Demokratik Cəbhə, Siyasi Dustaqlara Kömək üçün Erməni Komitəsi, Özünəqəsd qisasçıları, Erməni Mübarizə Təşkilatı, Erməni Gənclərinin Basqın Təşkilatı, "Erməni soyqırımı"nın ədalətli qisasçıları, Erməni İnqilab Ordusu, Azadlıq Pələngləri, Qartal Cəmiyyəti və İsveçrə Qrupu kimi erməni terror təşkilatları da var ki, onların başlıca hədəfi və fəaliyyət istiqamətləri azərbaycanlılara və türklərə qarşı soyqırımlar, terror aktları həyata keçirməkdir. Bütün bunlar onu deməyə əsas verir ki, əslində ermənilər soyqırıma məruz qalan yox, məhz soyqırım həyata keçirənlər olublar. Ancaq buna baxmayaraq onlar öz yalanlarını dünya ölkələrinə həqiqət kimi sıramağa müvəffəq olublar.

Süleyman İsmayılbəyli 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00