Müxalifətin 2023-cü il üçün cızdığı siyasi palitra, yaxud köhnə qvardiyanın “X” gücünə itaət
Müxalifətin ənənəvi uğursuzluq həlqəsi 2013-cü il üçün bu cür tamamlanacaq: “Bizim Azərbaycan” – boykot - “Azadlıq” - İctimai Palata...
23 Aprel 2013 14:48 SiyasətMüsavat Partiyası mexaniki birliklərin tərəfdarı deyil. Birliklər yalnız ayrı-ayrı fərdlərin istəklərinə uyğun olaraq deyil, prinsip üzərində qurulmalıdır, hədəflər əvvəlcədən müəyyən edilməlidir. Biz yalnız Müsavat Partiyasının ideoloji-siyasi xəttinə zidd olmayan siyasət yürüdən qurumlarda iştirak edərik. Əgər Milli Şura Müsavat Partiyasının qəbul etdiyi prinsiplərə uyğun yaradılacaqsa, yalnız o zaman partiyamız bu prosesə qatılacaq". Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı mətbuata açıqlamasında belə deyib. Məsələ ilə bağlı Müsavatın Divan üzvü Vurğun Eyyubdan münasibət öyrənməyə çalışdıq. "Milli Şuranın hansı ideoloji-siyasi xətti Müsavatın ideologiyasına ziddir" sualına Vurğun Eyyub kobudcasına bu cür cavab verdi: "Milli Şura hələ yaradılmayıb, nə də ki, onun ideoloji-siyasi xətti bəlli deyil. Arif Hacılı Milli Şura haqqında nəsə deməyib ki?! Siz olmayan bir şey haqqında soruşursunuz ki, Müsavat Milli Şurada iştirak edəcək, ya yox?! Arif bəy adı olub, özü olmayan təşkilatdan danışa bilməz!"
AXCP və Müsavat Milli Şuradan nicat gözləyir, Rüstəm İbrahimbəyov isə rus havasına oynayır
Müsavat yetkililərinin Rüstəm İbrahimbəyovun Milli Şurasına qarşı aqressiyası başqan İsa Qəmbərdən qaynaqlanır. Çünki, Milli Şura yaranacağı təqdirdə birliyin vahid namizədi heç də İsa Qəmbər yox, politoloq Eldar Namazov olacaq. Bu isə Arif Hacılı və Vurğun Eyyubun dediyi siyasi-ideoloji xəttə tamam ziddir. Müsavatın siyasi xəttini və ideologiyasını başqan İsa Qəmbər müəyyənləşdirdiyindən Milli Şuranın yaradılması müsavatçıların şəxsi maraqlarını əks etdirmir. Bu baxımdan Müsavat Partiyası İctimai Palata və Milli Şuranı boykot yolunu tutub. Palata daxilində AXCP sədri Əli Kərimli faktorunun olması da İsa Qəmbəri narahat etməyə bilməz. Çünki, 1993-cü ildən sədr Əli Kərimli və başqan İsa Qəmbər müxalifətdaxili müharibənin mərkəzində dayanan fiqurlardır. Ona görə də İctimai Palatada Əli Kərimlinin, Milli Şurada Rüstəm İbrahimbəyovun İsa Qəmbərə güzəşt edəcəyi inandırıcı deyil. Müsavat başqanı isə payızda keçiriləcək prezident seçkilərində müxalif düşərgəyə daxil olan siyasi partiyaların dəstəklədiyi yeganə namizəd olmaq arzusundadır. Müsavat başqanı İctimai Palata çərçivəsində seçkilərə uzun müddət qalmış namizədliyini irəli sürməklə tezgəlmişlik etməyə çalışdı. İsa Qəmbər zənn edirdi ki, İP-ə daxil olan müxalif qüvvələr onun namizədliyini yedilliklə dəstəkləyəcəklər. Lakin, başqan unudurdu ki, İctimai Palatanı təşkil edən əsas fiqurlardan olan Əli Kərimli ən azı onun qədər hakimiyyət hərisidir. İsa Qəmbər İctimai Palatanı boykot etməklə istəklərinin təmin olunmasına görə Milli Şura və "EL" Hərəkatına ümid edir. Arif Hacılı mətbuata açıqlamasında onu da bildirdi ki, Müsavat Partiyası Milli Şuraya daxil olmaq üçün Rüstəm İbrahimbəyov və ətrafilə danışıqlar aparır. Həmin danışıqların bir nəticə verəcəyi gözlənilən deyil. Çünki, bütün hallarda yaradılacaq Milli Şuranın əsas fiquru İsa Qəmbər deyil. Müsavat başqanı isə seçkilərdə özündən başqa digər namizədi dəstəkləmək niyyətində görünmür. Ən azından İsa Qəmbərin bəzi müxaliflərin gözündə şişkin görünən xarizması buna imkan vermir. Başqan müavinləri isə mətbuat vasitəsilə İsa Qəmbəri köhnə kommunist briqadasına liderlik qabiliyyətli xarizmatik şəxsiyyət kimi inandırmağa çalışırlar.
Müxalifətin ənənəvi uğursuzluq həlqəsi 2013-cü il üçün bu cür tamamlanacaq: "Bizim Azərbaycan"-boykot-"Azadlıq"-İctimai Palata...
Müsavat başqanı Milli Şura yaranacağı təqdirdə birliyin seçkilərdə nəsə edəcəyinə inam bəsləyir. Lakin müxalifətin tarixi və ənənəvi uğursuzluğunun 2013-cü ildə də təkrarlanacağı inandırıcıdır. Birincisi Rüstəm İbrahimbəyov və Eldar Namazovun Rusiyaya xidmət etməkləri kimi fikirlər irəli sürülür. Bu amil isə nə Əli Kərimli, nə də ki, İsa Qəmbərin şəxsi maraqlarını təmin etmir. AXCP sədri və Müsavat başqanı nicat yolu tapmaq üçün ən çox üz tutduqları məkan Qərb və ABŞ olub. Faktiki olaraq "EL" Hərəkatı və Rüstəm İbrahimbəyov Kremlin imperialist ambisiyalarına sadiq siyasi xətt izləyir. "EL" Hərəkatını təşkil edən qüvvələr Rusiya meyillidir, Milli Şuranın siyasi və ideoloji xəttinin bu müstəvidə təsis olunacağı inandırıcıdır. ABŞ, İsrail və Qərbin Cənubi Qafqazda artan gücü Rüstəm İbrahimbəyovun səylərini puç edə bilər. Bunu yaxşı başa düşən AXCP sədri Əli Kərimli Müsavatsız təşkilat yaratmağa səy göstərir. Müsavat da həmçinin Xalq Cəbhəsinin səylərinə adekvat addımlar atır. Bu isə müxalifətin seçkilərdə uğursuzluqla üzləşəcəyini və daxildəki AXCP-Müsavat hərcmərcliyini dərinləşdirir. Ən başlıcası isə müxalifətin sosial bazasını parçalayır. Sadalanan faktorlar isə müxalifətin bütün seçkilərdə uğursuzluğunun əsas göstəriciləridir. İkinncisi, 1993-cü ildən müxalifətin hakimiyyətə qarşı yaratdıqları alternativlərin hamısı daxili hərcmərcliyin və şəxsi maraqların qurbanı olub. 1998-ci ildə nəticə əldə edə bilməyəcəyini başa düşən müxalifətin seçkiləri boykot yolu seçməsi, 2003-cü ildə "Bizim Azərbaycan" blokunu təşkil edən qüvvələrin az hissəsinin İsa Qəmbəri dəstəkləməsi, 2008-ci ildə "Azdlıq" blokunun yenidən seçkiləri boykot etməsi müxalifətin xəstəliyə çevrilmiş ənənəsidir. 2010-cu ildə yaradılmış İctimai Palata da sələflərinin çəkdiyi cızıqdan kənar çıxmayacaq. Artıq Palata daxilində AXCP-Müsavat böhranının dərinləşməsi birliyin dağılmasını sürətləndirib. İP demək olar ki, yaradıldığı məqsəd üçün fəaliyyət göstərə bilmir. Birlik ən yaxşı halda Müsavat-AXCP dialoqu üçün masa rolunu oynayır. İP-in seçkilərdə qalib gəlməsini önləyən bir sıra problemlər mövcuddur. Palatada təmsil olunan partiyaların (Müsavat, AXCP) sosial bazası tamamilə parçalanıb, regional strukturları lazımi səviyyədə deyil, təşkilatlanma yoxdur. Ən əsası isə İP-in aparıcı adları hesab olunan Əli Kərimli və İsa Qəmbər cəmiyyətin əsas fiqurları sayılmırlar. Başqan və sədrin liderlik ambisiyası sosial bazanı inamsızlığa itələyib. Müxalifətin ənənəvi uğursuzluq həlqəsi 2013-cü il üçün bu cür tamamlanacaq: "Bizim Azərbaycan"-boykot-"Azadlıq"-İctimai Palata...
Bəzən müxaliflərin məğlubiyyət seriyası insanı düşündürür ki, bu müxalifət uduzanda daha xoşbəxt olur
Əli Kərimli və İsa Qəmbər müxalifətdə qalacaqsa 2023-cü ilə qədər müxaliflər məğlubiyyət sindromunu qıra bilməyəcəklər. Çünki, müxalifət daxilindəki Əli Kərimli İsa Qəmbər gərginliyi müxalifətin yaxın on il üçün siyasi palitrasını cızıb. Ən yaxşı halda AXCP və Müsavat Rüstəm İbrahimbəyovun "X" gücünə səcdə edə bilərlər. Sovet qvardiyasının kommunist şinelli əsgəri isə heç bir vəchlə Kremlin inşa etdiyi relsdən kənara sıçramayacaq. Eləcə də Milli Şura və "EL" Hərəkatının da qələbə qazanacağı inandırıcı görünmür. Mətbuatda uzun müddətdir adının hallanmasına baxmayaraq Rüstəm İbrahimbəyov və komandası cəmiyyət arasında populyarlıq qazanmayıb. Bu isə faktiki olaraq AXCP-li, Müsavatlı ümummüxalifətin ənənəyə çevrilmiş məğlubiyyəti deməkdir. Bəzən müxaliflərin məğlubiyyət seriyası insanı düşündürür ki, bu müxalifət uduzanda daha xoşbəxt olur.
Ömər Zamin