Şimon Peres İlham Əliyevin siyasətini yüksək qiymətləndirib

Aprelin 22-də xarici işlər naziri Elmar Məmmədyarov İsrailə səfəri çərçivəsində İsrail Prezidenti Şimon Pereslə görüşüb.
Olaylar İA -nın xəbərinə görə, İsrail Prezidenti Azərbaycanı böyük potensiala və gələcəyə malik ölkə kimi dəyərləndirərək, ölkəmizin sürətlə inkişaf etdiyini vurğulayıb. Eyni zamanda İsrail Prezidenti Azərbaycanı regionun aparıcı ölkəsi adlandırıb və tolerantlığın yüksək səviyyədə inkişaf etdiyini bildirib.
İsrail Prezidenti ölkəmizin bu gün dünya arenasında əldə etdiyi nüfuzu və yerləşdiyi regionun liderinə çevrilməsində ümummilli lider Heydər Əliyevin müstəsna rolunu vurğulayaraq, Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi uzaqgörən siyasəti yüksək qiymətləndirib.
Nazir Elmar Məmmədyarov regionda gedən proseslər, xüsusilə Ermənistan-Azərbaycan münaqişəsinin həlli prosesi barədə İsrail Prezidentinə məlumat verərək, Azərbaycanın işğal olunmuş ərazilərində azərbaycanlı əhaliyə qarşı Ermənistan tərəfindən etnik təmizləmə siyasətinin aparıldığını vurğulamış və BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi məlum qətnamələrə Ermənistanın riayət etmədiyini bildirib.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00