Seçkilərin şanslı namizədi kim olacaq?
22 Aprel 2013 18:34 SiyasətBu ilin oktyabrında Azərbaycanda keçiriləcək prezident seçkilərinə altı aya yaxın bir vaxt qalsa da, indidən 10-a yaxın siyasi partiya lideri seçkilərdə namizəd kimi mübarizə aparacağını açıqlayıb və seçkilərə qoşulacağını bəyan edib. Bu sıraya Müsavat Partiyasının başqanı İsa Qəmbər, Ümid Partiyasının sədri İqbal Ağazadə, Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu, Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev, Azadlıq Partiyasının sədri Əhməd Oruc, "EL" Hərəkatının rəhbəri Eldar Namazov və digər siyasiləri aid etmək olar. Azərbaycan Xalq Cəbhəsi Partiyası da seçkilərdə öz namizədi ilə iştirak etmək niyyətini açıqlayıb. Düzdür, hələlik partiyanın sədri Əli Kərimli namizədliyini irəli sürəcəyini tam mənada açıqlamasa da, görünən odur ki, AXCP sədri də seçki mübarizəsinə qoşulacaq. Müxalifət düşərgəsindən fərqli olaraq isə hakim Yeni Azərbaycan Partiyası, ümumilikdə iqtidar öz ənənəsinə sadiq qalaraq seçkilərə bir namizədlə-hakim partiyanın sədri, hazırkı dövlət başçısı İlham Əliyevlə getməyi qətiləşdirib. Hakim partiyanın sədri İlham Əliyev özü də seçkidə namizədliyini irəli sürəcəyini açıqlamasa da, seçki prosesinə rəsmi şəkildə start veriləcəyi zaman İlham Əliyevin xalqın böyük əksəriyyətinin tələbi ilə namizədliyini irəli sürəcəyi şübhə doğurmur. Seçkilərə altı aya yaxın bir müddət qaldığı zamanda bu qədər namizəd bolluğunun müşahidə edilməsi bu dəfəki seçkilərin kifayət qədər gərgin keçəcəyini söyləməyə əsas verir. Bəs görəsən prezidentliyə namizədliyini irəli sürəcəyini bəyan edən siyasilərdən kim daha şanslıdır və hansı namizəd seçicilərin böyük bir qisminin səsini qazanmağa müvəffəq olacaq? Əvvəlcə müxalifət düşərgəsindən prezidentliyə namizədliyini irəli sürən siyasilərin şansına nəzər yetirək.
Özünü ana müxalifət partiyasının lideri hesab edən, müxalifət düşərgəsinin bir araya gəldiyi zaman özünəməxsus siyasi gedişləri ilə bu birliyi pozan Müsavat başqanı İsa Qəmbər-Prezident seçkilərində hansısa uğur qazanacağı qeyri-mümkün görünən namizədlərdən sayılır. Buna səbəb isə İsa Qəmbərin əvvəlki bir neçə seçkidə biabırçı məğlubiyyətlə üzləşməsidir. 2003-cü ilin prezident seçkilərində müxalifət partiyalarının böyük əksəriyyətinin ona dəstək verməsinə baxmayaraq seçkilərdə qələbəni təmin edə bilməyən İsa Qəmbər buna rəğmən seçkinin qalibi olduğunu iddia edərək tərəfdarlarını, müttəfiqlərini meydanlara çağırdı. Lakin "oğurlanmış" səslərinin bərpası istiqamətində təşkil edilən "mübarizə"yə özü qoşulmayaraq prosesləri rahat kabinetindən müşahidə etməklə kifayətləndi. Nəticədə yüzlərlə müxalifət fəalı kütləvi qarşıdumalar yaratmaqda günahkar bilinərək həbs olundu. Bu xoşagəlməz olay onsuz da elektorat baxımından azlıq təşkil edən Müsavat Partiyası və onun başqanı İsa Qəmbəri yaxın ətrafından məhrum etdi. Nəticədə minlərlə sıravi şəxs bu partiyanı tərk etdi. Eyni zamanda Müsavat başqanının öz müttəfiqlərini meydanda tək qoyması seçkilərdə onu dəstəkləyən siyasi dairələrin də İsa Qəmbərdən uzaqlaşmasına səbəb oldu. Hazırda da Müsavat Partiyası və onun başqanı siyasi meydanda tək qalmış vəziyyətdədir. Qeyri-sağlam rəqabəti, müttəfiqlərinə quyu qazmaq kimi oyunları ilə hətta dünənə qədər İctimai Palata adlanan qurumda təmsil olunan AXCP ilə münasibətlərini korlayan Müsavat başqanı nə qədər qəribə olsa da, qarşıdan gələn prezident seçkilərinə qələbə qazanacağını iddia edir. Ancaq reallıq isə tamam fərqlidir. Müsavat başqanının seçkilərdə qalib gələ bilməməsini sübuta yetirən yalnız bir faktı qeyd etmək kifayətdir. Belə ki, 2005-ci ilin parlament seçkilərində yaşadığı dairədən belə səs toplayıb Milli Məclisə düşə bilməyən İsa Qəmbərin bütün ölkə boyunca səs qazanıb prezident seçiləcəyi reallaşması qeyri-mümkün olan ideya kimi bir şeydir.
Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli də seçkilərdən məğlub ayrılacaq siyasilərdən sayıla bilər. Müsavat Partiyasının apardığı pozuculuq siyasəti, müttəfiqlərinə xəyanət hallarını AXCP üçün də söyləmək mümkündür. Bu partiya da zaman-zaman müxalifətin birlik və bərabərliyinə mane olmağa çalışaraq ölkənin ana müxalifəti adına iddia edib. Nəticədə cəbhəçilər və onların lideri Əli Kərimli də bu gün siyasi meydanda tək qalıb. Digər tərəfdən Əli Kərimlinin zamanında AXC daxilində apardığı pozuculuq siyasəti, təşkilat daxilində gizlicə "Yurd" birliyi yaratması, sonradan isə siyasi müəllimi hesab etdiyi mərhum prezident Əbülfəz Elçibəyə qarşı cəbhə açaraq onu gözdən salması müxalifətdə təmsil olunan bütün siyasi qüvvələrə, eyni zamanda Azərbaycan ictimaiyyətinə bəllidir. Son vaxtlar isə AXCP sədrinin Elçibəyin ölümündə əli olması barədə gündəmə gələn informasiyalar AXCP sədrinin onsuz da aşağı olan siyasi reytinqini tamamilə heçə endirib. Belə olan halda isə Əli Kərimlinin də seçkilərdə ciddi uğur qazanacağı mümkünsüz görünür.
"EL" Hərəkatının rəhbəri Eldar Namazov, son vaxtlar siyasi aləmə baş vuran kinorejissor Rüstəm İbrahimbəyova gəlincə isə onlar yanmış fiqur hesab edilirlər. Dünənə qədər hakimiyyətdən yarınıb, bu gün isə maraqlarının təmin olunmadığını görərək ona arxa çevirənləri xalq heç zaman dəstəkləməyib. Necə ki, Açıq Cəmiyyət Partiyasının lideri Rəsul Quliyev neçə illərdir ki, xalqın dəstəyindən məhrum olub. Xalq gözəl bilir ki, gündə bir mövqe nümayiş etdirənlərdən ona rəhbər olmaz. Ümid Partiyasının sədri, millət vəkili İqbal Ağazadə barədə 2003-cü ilin oktyabrından mənfi imic formalaşdığından onun da şanslı namizəd imkanları məhdud görünür. O ki qaldı VİP, KXCP, Azadlıq Partiyası sədrlərinə, sözügedən partiyaların məhdud sayda üzvlərinin olması bu liderlərin mənasız olaraq seçki mübarizəsinə qoşulduqlarını söyləməyə əsas verir. Bütün bunlardan belə nəticəyə gəlmək olur ki, bu dəfəki seçkilərin də şəriksiz qalibi hakim Yeni Azərbaycan Partiyasının namizədi, cənab İlham Əliyev olacaq. Bunun üçünsə kifayət qədər əsaslar var. Birincisi, İlham Əliyev bundan əvvəlki müddətdə gördüyü işlər, həyata keçirdiyi islahatlarla buna zəmin yaradıb. Prezident kimi fəaliyyət göstərdiyi gündən daim hər bir vətəndaşın problemi, qayğıları ilə yaxından maraqlanan İlham Əliyev ötən müddət ərzində xalqın böyük etimadını qazanıb. İkincisi, İlham Əliyev digər namizədlərdən fərqli olaraq xalqa boş vədlər deyil, reallaşması mümkün olan vədlər verib və həmin vədlərə də əməl edib. Məhz bu vədlərin reallaşması və həyata keçirilən uğurlu daxili və xarici siyasət nəticəsində Azərbaycan regionun və dünyanın lider dövlətlərindən birinə çevrilib, xalqın həyat tərzi, yaşayış səviyyəsi nəzərəçarpacaq dərəcədə yaxşılaşıb. Bu gün ölkəmizin əldə etdiyi uğurlar, insanların həyat şəraiti daha da yaxşılaşır ki, bu da xalqın qarşıdan gələn seçkilərdə yenidən İlham Əliyevə səs verəcəyi və onu növbəti müddətə prezident seçəcəyini zəruri edir.
Süleyman İsmayılbəyli