“Milli Şura da “El”-in aqibətini yaşayacaq”
22 Aprel 2013 17:53 Siyasət"Müxalifətin istənilən dəbdəbəli ad altında, formatda birləşməsi onsuz da onlara heç bir uğur, şans gətirməyəcək. Çünki 1993-cü, xüsusilə, 2003-cü ildən bu yana müxalifətin, əsasən də onun radikal, barışmaz cinahının Azərbaycan cəmiyyəti içərisində ciddi dayağı, sosial bazası, nüfuzu yoxdur". Bunu deyən millət vəkili Jalə Əliyevanın sözlərinə görə, əgər "El" hərəkatı nüfuzlu, çəkili və perspektivli bir siyasi qurum olsaydı, o zaman ən azı E.Namazovun özünün təmsil olunduğu Ziyalıların Forumunun digər simaları adıçəkilən təşkilata üzv olardılar: "Deməli, Ziyalılar Forumu adlanan qurumun üzvləri də fərqindədirlər ki, "El"-in hansısa bir perspektivi, uğura hesablanmış gələcəyi yoxdur. Onlar bunu birbaşa dilə gətirməsələr də, dolayısı ilə öz mətbu açıqlamalarında büruzə verirlər. Bundan sonra "El"-in təşkilatçılarının iddialarına rəğmən, həmin qurumun hansı uğurundan söhbət gedə bilər? Həm də hərəkat ona deyilir ki, orada ən azı bir neçə partiya, qeyri-hökumət təşkilatı və sair təmsil olunsun. Ancaq "El" bu sarıdan da çox şanssızdır. İndiyənəcən orada hansısa siyasi partiya və qeyri-hökumət təşkilatının iştirakına, təmsilçiliyinə, ən azı kimlərinsə buna işarə vurmasına rast gəlinməyib". J.Əliyeva eyni zamanda, Ziyalıar Forumu və "El" hərəkatı yaratmaqla heç bir uğura nail ola bilməyən E.Namazovla R.İbrahimbəyovun indi də Milli Şura adlı amorf qurum yaratmaq cəhdlərinin səmərəsiz və effektsiz olacağı qənaətindədir: "Rüstəm İbrahimbəyov tanınmış yazıçıdır, kinossenaristdir, bir sıra ünlü əsərlərə imza atıb. Amma o, siyasətçi, siyasət adamı deyil. Yaxşı olardı ki, o özü də nəhayət, bunun fərqinə varaydı. Demək istəyirəm ki, hansı cəhdlər göstərmələrinə baxmayaraq, onunla Eldar Namazovun siyasi proseslərdə ciddi uğur qazanacağı mümkünsüzdür. Onların "El" təşkilatının aqibətini eynilə də Milli Şura - hətta, yaransa, belə - yaşayacaq".