AXCP yeni siyasi birlik yaradır - SİYASİ ANALİZ

Yeni qurumda Müsavat olmayacaq, İctimai Palata buraxılır

AXCP ilə Müsavatın yollarının ayrılacağı ilə bağlı deyilənlər təsdiqini tapmaqdadır. Əli Kərimlinin  ADP qərargahında AXCP Bakı şöbələrinin fəallarının iştirakı ilə keçirilən görüşdə səslənən fikirlər, eyni zamanda Müsavat İcra Aparatının rəhbəri Arif Hacılının, AXCP Ali Məclisinin sədri Həsən Kərimovun  mətbuata açıqlamaları belə deməyə əsas verir. AXCP sədrinin Müsavatın yox, ADP-nin qərargahında görüş keçirməsi Əli Kərimli ilə Sərdar Cəlaloğlu və "Səkkizlər" arasında ilıq münasibətlərin yaranmasından xəbər verir.  Aparılan danışıqlar görünür, nəticə verib. ADP və "Səkkizlər"in digər üzvləri AXCP-ni Müsavatdan ayrılıb yeni blok yaratmağa razı salıblar. AXCP sədrinin ADP-dəki görüşdə çıxışı və səsləndirdiyi fikirlər başdan-ayağa Müsavata mesajdır. Və belə anlaşılır: son dəfə şans verirəm, ya AXCP sədrinin vahid namizədini dəstəklə, ya da AXCP yeni birlik yaradacaq. Əli Kərimli görüşdə uzun-uzadı birlikdən. AXCP-nin birlik üçün çalışmasından danışır, atılan addımların bəhrə verdiyini bildirir, sonda qeyd edir ki, müxalifətin uğurunun yeganə yolu qüvvələrin birliyindən, vahid namizədin elliklə qəbul edilməsindən keçir. AXCP sədri Müsavatın bütün arqumentlərini kənara atmış olur. Halbuki Müsavat onun üçün prioritetin vahid namizəd deyil, əsas namizəd olduğunu ortaya atıb. Əli Kərimli görüşdə cəbhəçilərə səslənərək deyir:  "Hamının qəbul etdiyi vahid namizəd olmağa hazıram, amma əgər müxalifət başqasını vahid namizəd olaraq qəbul etsə, sizin etirazlarınıza baxmayaraq mən bunu da qəbul etməyə hazıram" deyir. Aydın məsələdir ki, müxalifətdə rəy sorğusu keçirilərsə, daha çox səsi Müsavat başqanı deyil, AXCP sədri alar. Əli Kərimli başqa partiyaların ona olan münasibətini bilir və Müsavat başqanını fakt qarşısında qoymağa çalışır. Əli Kərimlinin çıxışı belə deməyə əsas verir ki, yaxın günlərdə vahid namizəd məsələsi yenidən müzakirə olunacaq. Müsavat öz mövqeyində israr etsə, AXCP Müsavatdan ayrılacaq. Əli Kərimlinin "Səkkizlər"in vahid namizədi olacağı artıq məlumdur. Müsavatı dağılmış "Bizim Azərbaycan" blokunun cırtdan üzvləri dəstəkləyirsə, AMİP, ADP, ALP, AVİP kimi partiyalar AXCP sədrinin vahid namizədliyini qəbul etməyə hazırdır. AXCP sədri Müsavatdan ayrılıb "Səkkizlər"in vahid namizədi olmağa razıdır. Müsavatın yeni birliyə yeganə əngəli İctimai Palatadan çıxmaq ola bilər. Müsavat funksioneri Arfi Hacılı artıq buna işarə vurub. Arif Hacılı deyib ki, yeni bilrik yaranarsa, İctimai Palataya ehtiyac olmayacaq. Ona cavab verən Həsən Kərimov deyib ki, "Arif Hacılı bundan heç də narahat olmasın. Cəmiyyət İctimai Palatanı güc mərkəzi kimi tanıyır. İctimai Palatanın əsas aparıcı qüvvəsi olan AXCP müxalifətin daha geniş inteqrasiyasına nail olmaq istiqamətində çalışır". Funksionerlərin açıqlamalarından da görünür ki,  tərəflər artıq nə baş verəcəyinin fərqindədirlər. Müsavat AXCP-ni İP-in dağılması ilə təhdid edib, yeni birliyin yaranmasına əngəl olmaq,  AXCP isə həm İP-i saxlamaq, həm də yeni siyasi birliyin yaranmasına mane olmaq niyyətindədir. İstənilən halda, AXCP ilə Müsavat arasında soyuq münasibətlərin yarandığı, ittifaqın pozulma astanasında olduğu faktdır. Müsavat-AXCP ittifaqını yalnız Rüstəm İbrahimbəyovun Milli Şura ideyası xilas edə bilər. Milli Şura yeni və cəlbedici ideyadır. İbrahimbəyov siyasi passivliyini davam etdirərsə, o zaman İctima Palatanın dağılması labüd olacaq.

Ərhun Abbas

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00