AXCP-ın Müsavata nifrəti nədən qaynaqlanır, yaxud müxalifət tortun böyük payını niyə yeyə bilmir? - AÇIQLAMA
Elxan Şahinoğlu: “İctimai Palata tarixin arxivinə göndərilir, artıq Müsavat-AXCP birliyi öz effektini itirib, Prezident seçkilərinə az müddət qalıb, Müsavat öz namizədini irəli sürüb, İP-in vahid namizədi hələ də bəlli deyil”
22 Aprel 2013 15:02 Siyasət"İctimai Palata tarixin arxivinə göndərilir, artıq Müsavat-AXCP birliyi öz effektini itirib. Çünki, Prezident seçkilərinə az müddət qalıb, Müsavat öz namizədini irəli sürüb, İctimai Palatanın vahid namizədi bəlli deyil. İP-in vahid namizədinin irəli sürülməsi üçün Müsavat və AXCP arasında razılaşma əldə edilməlidir, əks təqdirdə isə müxalifətin seçkilərə vahid namizədlə getməsi mümkün olmaycaq. Palata daxilində isə nə Müsavat AXCP-yə, nə də ki, Əli Kərimli İsa Qəmbərə güzəştə gedir". "Olaylar" a açıqlamasında Politoloq Elxan Şahinoğlu belə deyib. E.Şahinoğlu hesab edir ki, AXCP-ın sonuncu toplantısında Əli Kərimlinin sölədiyi fikirlər Xalq Cəbhəsinin Müsavatın namizəd məsələsinə qarşı addım atacağına və İP-dən də böyük geniş koalisiyanın yaradılması istəyinə dəlalət edir: "Digər tərəfdən AXCP Milli Şura ilə əlaqələri sürətləndirib. Yəqin ki, Əli Kərimli geniş koalisiya deyəndə Milli Şuranı nəzərdə tutur və Şura çərçivəsində irəliləməyi deyir. Amma bütün hallarda Müsavat AXCP-ın yaratmaq istədiyi bütün bloklardan və təşkilatlardan kənarda qalacaq. Hətta indiki məqamda Müsavat İctimai Palatadan da ayrılmaq istəyir. Milli Şuranın irəli sürəcəyi vahid namizədə Müsavat dəstək verməyəcək. Böyük ehtimalla Müsavat seçkilərə öz namizədi ilə gedəcək. AXCP və Milli Şuranın bir blokda birləşəcəyi də mümkündür, belə olan halda yaradılmış birlik öz vahid namizədi ilə seçkilərdə iştirak edəcək. AXCP-ın təşəbbüsü ilə yaradılacaq blok Müsavatla namizəd məsələsində danışıqlar apara bilər. Lakin yeni yaradılacaq bloka daxil olan müxalifət partiyalarının ortaq məxrəcə gəlməsi də inandırıcı deyil. Tarixdən də məlumdur ki, şəxsi maraqlara görə müxalifət liderləri heç vaxt o birisinin xeyrinə geri addım atmayıblar. İndiki məqamda da müxalifət partiyaları seçkilərə öz namizədləri ilə getmək haqqında düşünürlər. Son anda isə müxalifət həmişə tortun böyük payından məhrum olur". ("OLAYLAR" İA)