Deputat İTV-də Qarabağla bağlı videoçarxın dəyişdirilməsini təklif etdi
19 Aprel 2013 17:58 SiyasətMillət vəkili Etibar Hüseynov artıq 8 ildir İTV-də Qarabağın işğalına aid nümayiş etdirilən sosial çarxın efirdən çıxarılmasını istəyib. E. Hüseynov qeyd edib ki, televiziyaya adamın gözü sataşanda elə bilirsən ki, Suriyadan xəbərlər yayılır: "Pafosu, populistliyi kənara qoyaq. Yəni biz sadəlövhcəsinə inanırıq ki, dünya bu qədər anlaqsızdır, bilmir ki, Azərbaycan hansı meridianda yerləşir, işğalçı kimdir? Məncə, bu gülünc görünür. Əgər 8 ildə bu çarxlar göstərilibsə və dünyaya çatmayıbsa, 18 il də göstərilsə, çatmayacaq". E. Hüseynov bu cür təbliğatın zərərli tərəfindən da danışdı: "Biz bütün görüşlərdə iş adamlarına deyirik ki, ölkəmizdə sabitlikdir, bura gəlin, sərmayə qoyun. Amma bir əcnəbi gəlib bu çarxı, yəni yanan, ölən adamları görəndə bura hansısa yatırım qoyub iş görə bilərmi?" E. Hüseynov Dağlıq Qarabağ münaqişəsi ilə bağlı sözügedən sosial çarxı Azərbaycan ordusunun qüdrətinə dair video-çarxla əvəzləməyi məsləhət görüb.