Ermənistan Azərbaycana 300 milyard dollardan çox ziyan vurub

Dağlıq Qarabağ münaqişəsi nəticəsində Ermənistanın Azərbaycana vurduğu ziyan 300 milyard dollardan çoxdur. "OLAYLAR"ın məlumatına görə, bu barədə Baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov deyib. Onun sözlərinə görə bu rəqəm təxmini hesablanıb və beynəlxalq qiymətləndirmə təşkilatlarının köməyi ilə yenidən qiymətləndirilməlidir: "Əvvəllər Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi nəticəsində dəyən ziyan 60-70 milyard dollar hesablanırdı: "Lakin Milli Məclisin üzvü Xanhüseyn Kazımlı beynəlxalq qiymətləndirmə təşkilatlarını cəlb etməklə bu vurulan ziyanı yenidən hesablamaq təklifi irəli sürüb. Ölkə rəhbəri bizə bu tapşırığı verib. Biz bu məsələni araşdırdıq, müəyyən tədbirlər həyata keçirdik və bu proses davam edir. Beynəlxalq qiymətləndirmə təşkilatları ilə birlikdə aparılan ilkin araşdırmalara əsasən son 20 ildə Ermənistan tərəfindən Azərbaycana vurulmuş ziyan artıq 300 milyard dollardan çoxdur və bu miqdar daha da artır. Ermənistan tərəfi qoy bunu eşitsin, nə vaxtsa onlar bunu ödəməyə məcbur olacaqlar. Ancaq bu gün Ermənistanın dövlət büdcəsi 3 milyard dollardır. Ermənistan bunu necə ödəyəcək, bunun öhdəsindən necə gələcək, bu, çox böyük sual altındadır. Ona görə də Ermənistan tərəfi bütün bunları nəzərə alaraq bir konstruktiv mövqeyə gəlməlidir. Əgər Ermənistan konstruktiv mövqeyə gələrsə, ölkələr arasında sülh müqaviləsi imzalanarsa, barışıq, geriyə qayıdış prosesi başlayarsa, Azərbaycan tərəfi o təzminatlarda müəyyən güzəştlərə gedə bilər. Əks halda, Azərbaycan hökuməti bütün bu iddiaları təqdim edəcək".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00