“Sərdar Cəlaloğlu məntiqsiz çıxışları ilə gündəmdəki yerini qorumağa çalışır”
Alpay Azər: “ADP sədrinin Səməd Vurğun haqqında irəli sürdüyü populist iddialar yerində olmayan və mənasız reaksiya toplusudur”
19 Aprel 2013 15:07 Siyasət"Qacar sırf Azərbaycan türkü olub. Mən də deyirəm ki, bu necə bir xalq şairidir ki, Azərbaycanın işğalını xalqın nailiyyəti kimi qələmə alır? Amma Azərbaycanın parçalanmasının qarşısını almağa çalışan bir adamı qaniçən kimi təqdim edir. Bu səbəbdən də Səməd Vurğunun kəndliləri onun kitablarını yandırmalı idi!". Mətbuata açıqlamasında ADP sədri Sərdar Cəlaloğlu belə deyib. Məsələyə münasibət bildirən yazıçı Alpay Azərin sözlərinə görə Sərdar Cəlaloğlunun Səməd Vurğun haqqında verdiyi açıqlamalar sadəcə olaraq bir siyasətçinin populist çıxışlarıdır: "ADP sədrinin şair barəsində dedikləri yerində olmayan və mənasız reaksiya toplusudur. Sərdar Cəlaloğlu çalışır ki, bu cür məntiqsiz açıqlamaları ilə gündəmdəki yerini qoruyub saxlasın. Səməd Vurğunun tutduğu ideoloji xətt insanlar tərəfindən qəbul edilməsə də Xalq şairinin Azərbaycan türkcəsinin inkişafında əvəzsiz xidmətləri olub. Səmdə Vurğun Azərbaycan türkcəsinin zənginləşdirilməsi və poeziyasına əlavə ruh gətirməsi baxımından dəyərli şəxsiyyətdir, böyük klassikdir". ("OLAYLAR" İA)