“İvanişvili Gürcüstanın müstəqilliyini Rusiyaya satmaqla hakimiyyətə gəlib” - MÖVQE
Cümşüd Nuriyev: “Mixail Saakaşvili Gürcüstan üçün çox böyük işlər gördü və gürcülər buna görə onu 5 ildən sonra axtaracaqlar, o zaman da artıq gec olacaq, çünki həmin an Gürcüstan öz dövlət müstəqilliyini itirmiş olacaq”
19 Aprel 2013 14:17 Siyasət"Mixail Saakaşvilinin taleyi artıq həll olunub, çox təəssüf ki, Gürcüstan dövlət başçısı özünü ucuzlaşdırdı. Məsələ ondan ibarətdir ki, Bidzina İvanişvili Kremlin layihəsi idi və Saakaşvilinin gözdən salınması üçün külli miqdarda pul xərclədi". "Olaylar"a açıqlamasında politoloq Cümşüd Nuriyev belə deyib. C.Nuriyev hesab edir ki, Saakaşvilini gündəmdən çıxarmaq üçün Rusiya ona qarşı silahdan yox, piardan istifadə etdi, Kreml təxminən 3 milyard dolları Fransa üzərindən İvanişvilinin əli ilə Gürcüstana yatırmaqla ölkəni demək olar ki aldı: "Bu birmənalıdır. İvanişvili də siyasətçi deyil, onu Gürcüstanın milli maraqlarından çox biznes gəlirləri maraqlandırır. İvanişvilinin Gürcüstanın siyasi həyatındakı rolu Elşad Abdullayevin Azərbaycan müxalifəti üçün oynadığı rol kimidir. Saakaşvili gərək özünə hörmət edib, yanvarın 20-də könüllü şəkildə istefa verəydi. Belə olan təqdirdə Saakaşvilinin yenidən Gürcüstan siyasətinə qayıtmaq şansı daha yüksək olacaqdı. Amma bu onu göstərdi ki, bu adam vəzifə hərisidir. Saakaşvili üçün Gürcüstanın milli maraqlarından çox ABŞ-ın Cənubi Qafqazda güclənməsi və Ağ Evə verdiyi sözə əməl etmək üstündür. Bunların heç biri baş tutmayacaq, çünki Saakaşvili artıq bir siyasətçi kimi tükənib. Lakin Saakaşvilinin həbs edilməsi o qədər də inandırıcı deyil. Hər halda Gürcüstanda çıxaracaqlar. O, ya Gürcüstandan çıxmalıdır, ya da ki, siyasətdən geri çəkilməlidir. Çəkilməsə belə o, yenidən prezident seçilə bilməz. Amma Mixail Saakaşvili Gürcüstan üçün çox böyük işlər gördü və gürcülər buna görə onu 5 ildən sonra axtaracaqlar. O zaman da artıq gec olacaq, çünki həmin an Gürcüstan öz dövlət müstəqilliyini itirmiş olacaq. Çünki İvanişvili gürcüstanın müstəqilliyini Rusiyaya satmaqla hakimiyyətə gəlib. Baş nazir gələcək biznesi üçün Gürcüstanın müstəqilliyinin Kremlə satılması üçün əlindən gələni etdi və edəcək. İndiki məqamda isə Saakaşvilinin zamanı bitib". ("OLAYLAR "İA)