Müxalifət daxilində mövqe savaşı qızışır - SİYASİ ANALİZ

Müsavat funksioneri El hərəkatını aşağıladı

Ənənəvi müxalifətlə üçüncü qüvvə arasında soyuq münasibətlər qarşılıqlı söz atışmasına gətirib çıxarıb. Ənənəvi müxalifəti təmsil edən Müsavat Partiyası ilə El hərəkatı arasında söz savaşı qızışıb. Hərəkat təsis edilən gün qurumun siyasi vitrinində olan Nurəddin Mustafayev köhnə müxalifəti sərt tənqid edən açıqlamalarla çıxış etdi. Ad çəkməsə də, onun "bəzi liderlər gündəmdə qalmaq üçün şou verilişlərə çıxıb qalmaqal yaradan müğənnilərə bənzəyirlər" ifadəsinin prostest elektoratın istəyinin ziddinə olaraq yenidən namizədliyini irəli sürmüş  Müsavat başqanı İsa Qəmbərə ünvanlandığı aid olduğu aşkardır. El hərəkatı elan olunan kimi ənənəvi müxalifətin elektoratını ələ keçirməyə başladı. Rayonlarda maddi şirnikləndirmə və cəlbedici vədlər yolu ilə müsavatçı və cəbhəçiləri ələ keçirməyə çalışdılar. Bəzi rayonlarda buna nail də oldular. Buna ilk etiraz ötən həftə Müsavatı Milli Məclisdə təmsil etmiş İkram İsrafildən gəldi. İkram İsrafil açıq şəkildə bəyan elədi ki, El hərəkatının ənənəvi müxalifətin siyasi fəallarını ələ keçirməsi doğru taktika deyil. Bu dəfə Hikmət Hacızadə El hərəkatının siyasi iddialarına münasibət bildirib.   Mətbuata açıqlamasında Hikmət Hacızadə  "Azərbaycanda nə EL hərəkatı var, nə müxalifət" fikrini səsləndirib. Müsahibədə 20 illik təcrübəsi olan (Müsavat və AXCP də daxil) əksər partiyalar siyasi klub kimi səciyyələndirir. Müsavatçı politoloqun partiyaları klub adlandırması El hərəkatını vurmaq məqsədli deyimdir. Necə deyərlər, "Şeytan min doğru söylər. Bir yalanı sırımaq üçün". Hikmət Hacızadənin də, digər müsavatçıların da əsas məqsədi Müsavatın elektoratına göz dikmiş,  İsa Qəmbərin namizədliyinə mane olan El hərəkatını sıradan çıxarmaqdır. Müsavat düşərgəsinin bir müddət susqunluğunun əsas məqsədi də bu idi. İsa Qəmbər-Arif Hacılı-Pənah Hüseyn yönətimi bir müddət gözləmə taktikası seçdi. Artıq hücum zamanıdır. Hikmət Hacızadənin "hanı xalq, hanı El hərəkatı" sualı El hərəkatı barədə ajiotaj yaradanlara yönəlmiş ironik sualdır. Xatırladaq ki, El hərəkatının bütün ölkəni əhatə edəcəyi, xalqın kütləvi şəkildə bu quruma qoşulacağı, yeni siyasi simaların üzə çıxacağı söylənilirdi. Lakin üstündən ay yarım keçsə də, vəd olan siyasi fəallıq, yeni simalar və Hikmət Hacızadə demiş "xalq" yoxdur.  Müsavatçı politoloq deyir: "Heyf ki, həqiqət acıdır. El hərəkatı elan olunanda cəmiyyətə proqram təqdim etmişdi. Orada xeyli hay-küylü cümlələrlə yazılırdı ki, bütün demokratik qüvvələrin birliyinə nail olacağıq, xalqı öz haqların uğrunda mübarizəyə qaldıracağıq, ölkədə sivil yolla demokratik dəyişikliklərə nail olacağıq. Hanı? Mən onların hərəkətlərində ardıcıllıq görmürəm. Bakının mərkəzində bir ofisdə yerləşdilər, sonra o ofisi polis boşaltdı. Ardınca Novxanıya getdilər, orda da polis onları içəri buraxmadı. Hanı hərəkat, hanı birləşdirmə meylləri, hanı xalq? Yoxdur. Hərəkat o deməkdir ki, onu geniş xalq kütlələri dəstəkləyir. Əgər onlar doğrudan da hərəkat olsaydılar biz o xalqı, onun hərəkətlərini artıq görməli idik, indi Bakıda, bölgələrdə insanlar müxtəlif tələblərlə küçələrə axışmalı idi. Görmürük axı... 20 nəfər ziyalı bir araya gəlib, niyyətlərini açıqlayıb". Əslində Hikmət Hacızadə doğru söyləyir. El hərəkatı vəd etdiyi elektoratı cəmiyyətə təqdim  edə bilmədi. Yaradılmış ajiotaj da dağılıb getdi. Eldar Namazov tələsməsi işləri korladı. Rüstəm İbrahimbəyovun təklif etdiyi birlik yaradılsaydı, bu daha effektiv olardı. Buna isə ənənəvi müxalifət mane oldu.  İbrahimbəyov kənara çəkilən kimi meydan boşaldı və bu boşluğu heç bir siyasi harizması, elektoral resursu olmayan Eldar Namazov doldurmağa çalışdı. Nəticə ortadadır. Maraqlıdır ki, El hərəkatının zəifliyinin daha bir səbəbi də Ziyalılar Forumunun dəstək verməməsi oldu. Forumun üzvlərindən biri Rafiq Əliyevin "bizim El hərəkatına aidiyyatımız yoxdur" bəyanatı vəziyyəti dəyişdi. Hərəkat Namazovun klubu kimi formalaşdı. Bu gün protest elektorat üçün yeganə ümid yeri İbrahimbəyovun vəd etdiyi Milli Şuradır. Bu qurum da yaradılmasa, müxalifət bəribaşdan məğlubiyyəti ilə barışmalıdır.

Ərhun Abbas

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00