Qənirə Paşayeva gürcü deputatla görüşüb

Millət vəkili, Azərbaycan-Gürcüstan Parlamentlərarası Dostluq qrupunun rəhbəri Qənirə Paşayeva Gürcüstan Parlamentinin deputatı Mahir Dərziyev və Qafqaz Araşdırmaları Mərkəzinin rəhbəri Kamran Ramazanlı ilə görüşmüşdür. Görüş zamanı Azərbaycan-Gürcüstan münasibətləri, Azərbaycan və Gürcüstan Parlamentləri arasındakı əlaqələr, Gürcüstan vətəndaşı olan soydaşlarımızın vəziyyəti, onların təhsili, Gürcüstan cəmiyyətinə inteqrasiyası, miqrasiya sahəsindəki problemlər müzakirə olunmuşdur. Millət vəkili Qənirə Paşayeva bildirib ki, Azərbaycan-Gürcüstan Parlamentlərarası Dostluq qrupunun rəhbəri olaraq onların qaldırdıqları məsələlərin həlli istiqamətində əlindən gələn dəstəyi bundan sonra göstərəcəkdir. Millət vəkili qeyd edib ki, Azərbaycan dövləti, cənab preziden İlham Əliyev hər zaman Gürcüstanda yaşayan soydaşlarımıza böyük diqqətlə yanaşıb və yanaşır. "Azərbaycanın Gürcüstanla bağlı həyata keçirdiyi siyasətdə, layihələrdə, Azərbaycan tərəfindən bu ölkəyə qoyulan böyük investisiyalarda, açılan iş yerlərində təbii ki, Gürcüstan vətəndaşı olan soydaşlarımız hər zaman böyük diqqət mərkəzində olur. Biz də Azərbaycan-Gürcüstan Parlamentlərarası Dostluq qrupu olaraq bəzi dövlət qurumları ilə bu istiqamətdə müzakirələri daha da artıraraq, onların həlli istiqamətində səylərimizi daha da gücləndirəcəyik  ", - deyə millət vəkili əlavə edib.Gürcüstan Parlamentinin deputatı Mahir Dərziyev Gürcüstan Parlamentində artıq Gürcüstan-Azərbaycan Parlamentlərarası Dostluq qrupunun yaradıldığını və bu qrupun sayına görə Gürcüstan Parlamentində 3-cü böyük dostluq qrupu olduğunu bildirdi.

Millət vəkili, Azərbaycan-Gürcüstan Parlamentlərarası Dostluq qrupunun rəhbəri Qənirə Paşayeva Gürcüstan Parlamentində dostluq qrupunun formalaşmasından məmnunluğunu bildirib. Yaxın zamanlarda hər iki ölkənin parlamentlərarası dostluq qrupları arasında qarşılıqlı səfərlərin təşkil edilməsinin vacibliyini bildirən millət vəkili, Azərbaycan-Gürcüstan Parlamentlərarası Dostluq qrupunun rəhbəri Qənirə Paşayeva yeni yaradılan Gürcüstan-Azərbaycan Parlamentlərarası Dostluq qrupunun üzvlərini ölkəmizdə görməkdən məmnun olacağını bildirib və millət vəkili Mahir Dərziyevin də daxil olduğu Gürcüstan-Azərbaycan Parlamentlərarası Dostluq qrupunu ölkəmizə dəvət edib. Azərbaycan həqiqətlərinin Gürcüstan cəmiyyətində daha geniş yayılması məsələsi də müzakirə olunub və Gürcüstan Parlamentinin deputatı Mahir Dərziyev bildirib ki, bundan sonra bu istiqamətdə səylərini daha da gücləndirəcəklər.

Millət vəkili Qənirə Paşayeva Gürcüstan Parlamentinin millət vəkili Mahir Dərziyevə Azərbaycan həqiqətlərini özündə əks etdirən materiallar təqdim edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00