Prezident Mingəçevirə 8 milyon manat ayırdı

Dövlət büdcəsindən Şəhər İcra Hakimiyyətinə 5 milyon, Mingəçevir Mərkəzi Şəhər Xəstəxanasının yenidən qurulması üçün 3 milyon manat ayrılıb

Azərbaycan prezidenti İlham Əliyev Mingəçevir şəhərinin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair tədbirlər haqqında sərəncam imzalayıb. ANS PRESS-in prezidentin rəsmi saytına istinadən verdiyi məlumata görə, Mingəçevir şəhərinin sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədi ilə Mingəçevir Şəhər İcra Hakimiyyətinə Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan ilkin olaraq 5 milyon manat ayrılıb.Maliyyə Nazirliyinə bu sərəncamda nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək, Nazirlər Kabinetinə isə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.Dövlət başçısı, həmçinin Mingəçevir Mərkəzi Şəhər Xəstəxanasının yenidən qurulması haqqında sərəncam imzalayıb.Sərəncamda deyilir ki, Mingəçevir Mərkəzi Şəhər Xəstəxanasında əsaslı təmir və yenidənqurma işləri apararaq, onu çoxprofilli tibb müəssisəsinə çevirmək məqsədi ilə Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan Səhiyyə Nazirliyinə ilkin olaraq 3 milyon manat ayrılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00