Müxalifətin vahid namizəd müəyyən etməsinə nə mane oldu?
18 Aprel 2013 16:04 SiyasətPrezident seçkilərinin vaxtı yaxınlaşdıqca həm iqtidar, həm də müxalifət düşərgəsində seçkiyə hazırlıq prosesi həyata keçirilir. Ancaq iqtidar düşərgəsindən fərqli olaraq müxalifət cəbhəsində seçki hazırlığı heç də ürəkaçan vəziyyətdə deyil. Hələ ötən seçki başa çatdıqdan dərhal sonra müxalifətin 2013-cü ilin prezident seçkilərində vahid namizədlə iştirak etməsinin vacibliyini vurğulayan ayrı-ayrı partiya liderləri cari illin əvvəlindən bu istiqamətdə müəyyən cəhdlər göstərsə də, lakin görünən odur ki, Azərbaycan müxalifəti bu seçkiyə də pərakəndə şəkildə gedəcək? Bəs görəsən Azərbaycan müxalifətinin vahid namizəd müəyyən etməsinə mane olan başlıca amillər hansılardır?
Azadlıq Partiyasının sədri Əhməd Oruc müxalifətin vahid namizəd müəyyən etməsinin ümumiyyətlə hər zaman qeyri-mümkün olduğu qənaətindədir. Partiya sədri hesab edir ki, müxalifətin vahid namizədini müəyyənləşdirmək bundan sonra da mümkün olmayacaq: "Hesab edirəm ki, müxalifətin bu və ya digər düşərgəsi, milli demokratik düşərgə və ya digər düşərgələrin ayrı-ayrı vahid namizədləri ola bilər. Eyni zamanda Azərbaycanda demokratik seçkilərin keçirilməsində maraqlı olan bütün siyasi qüvvələrin fəaliyyətini koordinasiya etmək mümkündür". Əhməd Oruc deyir ki, bu müxalifət düşərgəsi üçün ən uğurlu variant ola bilər: "O ki qaldı müxalifətin hansı səbəbdən vahid namizədə müəyyən edə bilməməsinə Azərbaycanda bir sıra siyasi liderlər var ki, heç vaxt öz ambisiyalarının üstündən keçə bilmirlər. Həmin şəxslər hər an özlərini müxalifətin lideri qismində təqdim etməyə vərdiş ediblər. Onlar bütün ömürləri boyu müxalifətin lideri olaraq qalmaq niyyətindədirlər. Elə bu səbəbdən də müxalifətin vahid namizəd müəyyən etməsi qeyri-mümkün olur".
***
Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev bildirir ki, siyasi dairələrin, partiyaların bir araya gəlməməsinin iki səbəbi olur. VİP sədrinin sözlərinə görə, birinci halda hansısa dairələr tərəfindən idarəolunan müxalifət qüvvələri bu birliyi pozur, onun reallaşmasına qarşı çıxır. İkinci halda isə bəzi siyasi situasiyalar müxalifətin bir hissəsini eyforik hala salır və düşünürlər ki, artıq hakimiyyətə gəlirlər: " Ona görə də istənilən müttəfiqlikdən uzaq olurlar ki, hakimiyyətə gəldikləri təqdirdə ortaqları çox olmasın".
***
Azərbaycan Demokrat Partiyasının sədr müavini Zakir Hüseynov deyib ki, təmsil etdiyi partiyanın da üzv olduğu "Qarabağ" bloku dəfələrlə Azərbaycanda fəaliyyət göstərən bütün müxalifət partiyalarına birgə mübarizə aparmaq, seçkidə vahid namizədlə iştirak etmək barədə müraciət ünvanlayıb: "Ancaq təəssüflər olsun ki, müəyyən qeyri-obyektiv səbəbləri bəhanə edərək partiyalar bizim müraciətimizə müsbət cavab verməyiblər". ADP rəsmisinin sözlərinə görə, bu gün bir sıra partiyalar digərlərinə yuxarıdan aşağı baxır ki, bu da Azərbaycan müxalifətinin bir araya gələ bilməməsinin əsas səbəblərndən biridir: "Əgər Azərbaycan müxalifəti prezident seçkilərinə qədər olan qısa bir vaxt müddətində bir araya gəlməsə, seçkidə iştirak edəcək vahid namizəd müəyyənləşdirməsə, o halda indidən müxalifət düşərgəsinin prezident sekilərindən məğlub ayrılacağını söyləmək olar"
Azərbaycan Milli İstiqlal Partiyasının Mərkəzi Şurasının üzvü Əli Oruclunun qənaətincə müxalifətin prezident seçkilərində iştirak edəcək namizədini müəyyən edə bilməməsi bir neçə səbəblə bağlıdır: "Birincisi, müxalifət partiyaları daxilində liderlərin bir-birinə inamı yox dərəcəsindədir. Eyni zamanda müəyyən partiya maraqları, şəxsi ambisiyalar var ki, bu amillərdə qeyd edilən məsələnin reallaşmasıma mane olur. Ona görə də bir partiya liderinin digərinə güzəştə getməsi absurd görünür. Hesab edirəm ki, müxalifət düşərgəsində bunu gözləməyə dəyməz. Düşünürəm ki, bu gün müxalifətin qarşısında duran əsas vəzifə ölkədə normal seçki mühitinin yaradılmasına, seçki qanunvericiliyinin təkmilləşdirilməsinə nail olmaqdır Bütün bunları bir kənara qoyub müxalifətin vahid namizədi kim olacaq sualına cavab axtarmaq doğru deyil".
Süleyman İsmayılbəyli