Müxalifət aksiya mövsümünə hazırlaşır - SİYASİ ANALİZ

AXC-Müsavat qovğası bitməsə, aksiyalarda kəmiyyət artımı mümkün olmayacaq

İctimai Palatanın son toplantısında siyasi aksiyaların başlanması təklif edilib. Partiya fəalları bildiriblər ki,  may ayına qədər aksiyalar başlanmalı, protest elektoratı fəallaşdırılmalıdı. Lakin müzakirələr gərgin keçib, AXCP Gənclər Komitəsinin sədri Əbülfəz Qurbanlı Müsavatı açıq şəkildə tənqid edib. AXCP yetkilisi dolayısı ilə bildirib ki, Müsavat aksiyalara diqqət yetirmir, müxalifət adına keçirilən icazəsiz aksiyaların bütün gücü AXCP-nin üzərinə düşür. Qurbanlı aksiyalardan sonra kəsilən cərimələrin də böyük qisminin AXCP tərəfindən ödənildiyini vurğulayıb. Müsavat tərəfinin Qurbanlıya cavabı onu deməyə əsas verir ki, İctimai Palatanın kütləvi aksiyalarla bağlı vahid mövqeyi yoxdur. Daha dəqiqi, aksiya keçirməyə AXCP-nin istəyi, həvəsi yoxdur. Əli Kərimli namizədliyini irəli sürməyib.  Sürmək fikri də yoxdur. Görünən odur ki, AXCP sədri 2003-cü ildəki taktikasını təkrarlamaq, Müsavatla "Ağrıdağ"ı üz-üzə gətirmək və hər ikisini sıradan çıxarmaq istəyir. O zaman "Ağrıdağ"ı AMİP təmsil etdi və siyasi iflasa uğradı. Bu dəfə regional qruplaşmanı El hərəkatı təmsil edir. Ziyalılar Forumundan dəstək alsa El hərəkatı Müsavata sanballı rəqib olacaq.  Əks halda Müsavat irəli çıxacaq.  Müsavat başqanı sona qədər seçkilərdə iştirak etmək istəyir. İsa Qəmbər prezident seçkilərinə qatılırsa, məcburdur ki, aksiyalara diqqət ayırsın. AXCP-nin də istəyi budur. AXCP-də düşünürlər ki, partiya  seçkiyə qatılmırsa, əziyyətə nədən qatlaşmalı, cəbhəçilər niyə türməyə düşməli, cərimələr ödəməlidir.

İctimai Palatada aksiya müzakirələri gedən bir vaxtda Demokratik Qüvvələrin Məşvərət Məclisi artıq qərarını verib. Rəsul Quliyevçi düşərgə kimi tanınan MM aprelin 28-də Bakıda demokratik seçkilərin keçirilməsi, əsgər ölümlərinə son və korrupsiyaya qarşı mübarizə tələbi ilə mitinq keçirmək niyyətindədir. Açıq Cəmiyyət Partiyasının sədri Sülhəddin Əkbərin sözlərinə görə, İcra Hakimiyyətinə göstərilən üç yerdən birində mitinqin keçirilməsinə icazə verilməsi üçün xəbərdarlıq məktubu göndərilib. MM  "Təbriz" kinoteatrının qarşısını, "Dərnəgül" metro stansiyasının çıxışını və 4 -cü mikrorayonda "Qızıl tac" şadlıq evinin yaxınlığındakı meydanı təklif ediblər. Xatırladaq ki, MM-ə Açıq Cəmiyyət Partiyasından əlavə 11 partiya daxildir. Quliyevçilərin revanş cəhdi anlaşılandır. Onlar İP daxilindəki ziddiyyətlərdən maksimum yararlanmaq niyyətindədirlər. Ancaq iş burasındadır ki, cəmiyyətin MM-ə münasibəti birmənalı deyil. İctimai rəy MM-i real müxalifət kimi qəbul etmir. İP-in ötənilki aksiyaları göstərdi ki, istər İP, istərsə də o biri sağ mərkəzçi partiyalar artıq mövqelərini itiriblər. İP 5 min adam çıxara bildisə, MM 2 min adam çıxara biləcək. Sağ müxalifətin yeganə uduşu AXCP ilə Müsavat arasında ziddiyyətləri aradan qaldırmaqdır. Müsavat AXCP-nin adayını vahid namizəd kimi qəbul edərsə, o zaman müxalifətin aksiyalarında kəmiyyət artımı nəzərə çarpa bilər. Əks halda ötən ilki uğursuzluq təkrar olunacaq.

Ərhun Abbas

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00