Partiyalı olmağın üstünlüyü - KÖŞƏ
18 Aprel 2013 15:45 SiyasətMəşədi Cəfər
Müxalifətin prezident seçkilərində 9 namizədi var. Uca millətimin perspektivli liderlərindən biri Əli Kərimli, Oqtay müəllimin sələfi Rəsul Quliyev də namizəd olsa, adayların sayı 11 namizəd olacaq. Namizədlər arasında partiyalısı da var, partiyasızı da. Əvvəllər, yəni sovet dönəmində "partiyalı", "partiyasız" anlayışları bir az fərqli idi. "Partiyalı" Sov.İKP üzvü olana deyilirdi, "partiyasız" isə kommunist partiyası sıralarında olmayana. O zaman partiyalı olmaq xətir-hörmətli şey idi, arxadaş. Vəzifə qapıları üzünə açılırdı (təbii ki adamın vardısa), hətta kənd yerlərində "partiya üzvü olmaq" elə institut qurtarmaq kimi bir şey idi. Sonra Elçin Bayramlı demiş, "imperialistlər birləşib gəlib-keçmiş tarixin ən ədalətli dövlətini-SSRİ-ni" dağıtdılar. Partiyanın hörməti-izzəti də getdi işinin dalınca. O qədər partiya yarandı ki, 5-6 ildən sonra xalq partiya sözündən diksinməyə başladı. İndi də partiya sözü o qədər urvatlı sayılmır. Özünə partiya qurub qərargah tutan, cangüdənlərlə gəzən adamların çoxu indi qeyri-hökumət təşkilatı ilə məşğuldur. Vaxt vardı Samir Adıgözəlli partiya işinin perspektivinə böyük ümidlər bəsləyir, qərargah, cangüdənlər saxlayır, hətta metroya da əmanət canını qoruyanlarla düşürdü. "Axırıncı aşırım"ın İmanı demiş, keçdi o günlər. İndi siyasi arenada 5-6 altı dişə vurulası partiya qalıb. İndi "bir sədr, bir qovluq" dönəmi də deyil. Əksər partiyaların sədrləri qərargahı qapadıb, möhürü evə qoyublar. İndi başqa zamandı. İndi ictimai rəyə postmodernist köşə yazarı, televiziya ekranlarından düşməyən ictimai təşkilat və ya araşdırma mərkəzi rəhbəri siyasi partiya liderindən daha çox təsir edə bilər. Məsələn, iki ildir Azərbaycanın 20 illik partiyaları, yorğun liderləri oturub gözləyirlər ki, görək Ziyalılar Forumunun üzvləri hansı bəyanatı verəcək, hansı təkliflərlə çıxış edəcək. Kəsəsi, partiyalı olmaq artıq hər şey demək deyil. Amma... partiyalı olmağın hələ də bu ölkədə üstünlükləri var, arxadaş. Məsələn, br prezidentliyə namizəd ola bilr ki, yaxşı natiq olsun, faydalı fikirlər irəli sürsün, cəlbeidici sözlər desin, insanları özünə inandıra bilsin. Nə qədər güclü olsa da, ona adamlar lazımdı. Seçki qabağı təşviqat var, imza toplama var. Hazır partiya yerlərdə tərəfdarlar deməkdir. Bir var tanınmış bir nəslin qapısına səs istəməyə təkbaşına, nabələd gedirsən, bir də var rayon təşkilatının fəalları öncədən kəşfiyyat aparır, kimin-kim olduğunu bilir və sən qapılara əmin-arxayın gedirsən. Kəsəsi, partiya yaxşı şeydi, amma gərək partiya da sanballı ola. Elə partiya var ki, sədri ondan böyükdür. Məsələn, BQP, CXP, MDHP, Azadlıq, BAP. İctimai rəy Əhməd Orucu daha çox tanıyır, nəinki Azadlıq Partiyasını. Seçkiyə daha çox rayon təşkilatı, fəal üzvləri, seçki işini bilən mütəxəssisləri olan partiya ilə girmək daha əlverişlidir. Əhməd bəy özünü müəllimliklə dolandırdığından partiyanı, həmin fəalları saxlamağa gücü yoxdur. Ona görə də onun işi zor olacaq. Balaca partiya sədrinin işi çətindir. Bu barədə ayrıca "Məşədi Cəfər" deyimləri də var. Məsələn, "Xırda partiyaya sədr olunca, böyük QHT-ın olsun", "Tərəfdarların azdısa, çalış tanışların çox olsun". Seçkidə tanış amili mühümdür. Bunu inşallah, başqa mövzuda danışarıq. Seçkiyə güclü partiya və zəif partiya ilə girmək bilirsiz nəyə bənzəyir? Hardan biləsiz, deməmişəm axı. Məsələn, İsa Qəmbər yola öz dördgöz "Mercedes"i ilə çıxır, Əhməd Orucu 1983-cü il buraxılışlı 06 "Jiquli"si ilə. Mənzil başına kim tez çatar?
Əhməd Oruc hələ yaxşıdı. Pisdən-yaxşıdan partiyası var. Ərəstun Oruclu, Vidadi İsgəndərli kimi adayların işi lap çətindir. Bu adayların işi yalnız öz doğma bölgələrində yaxşı gedə bilər. O da tanışların, qohum-əqrabanın hesabına. Ortada təcrübə var. 1992-ci ildə seçkiyə partiyasız girmiş Yaqub Məmmədov yalnız Gədəbəy rayonunda uğur qazanmışdı. Belə baxıram, xırda da olsa, adamın partiyası olsa yaxşıdı.