Heydər Əliyev-müasir dövlət qulluğu sisteminin banisi

Bu mövzuda elmi-praktik konrfans keçirilib

Aprelin 17-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın təşkilatçılığı ilə  ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illiyinə həsr olunmuş "Heydər Əliyev-Azərbaycanın dövlət qulluğu sisteminin banisi" mövzusunda nəzəri-praktik konfrans keçirilib. Tədbiri giriş sözü ilə açan Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədr müavini Vəfadar Misirov ümummilli liderin Azərbaycan dövlətçilyinin qorunub-saxlanması istiqamətindəki xidmətlərindən danışıb. Bildirib ki, Heydər Əliyev görkəmli siyasi xadim olmaqla yanaşı, müasir Azərbaycan dövlətinin qurucusu, böyük azərbaycançı və bir nömrəli dövlət qulluqçusu kimi tarixə düşüb. Vəfadar Misirov ulu öndərin Azərbaycanda dövlət qulluğunun inkişafı sahəsində gördüyü işlərdən söz açaraq qeyd edib ki, bu siyasət cənab prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.  Sonra komissiyanın sədri Bəhram Xəlilov "Heydər Əliyev- Azərbaycanın müasir dövlət qulluğu sisteminin banisi" mövzusu ilə çıxış edib.  Bildirib ki, Heydər Əliyev hələ Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi olduğu dövrdə Azərbaycan dilinin dövlət, sovet və partiya orqanlarında işlək dilə çevrilməyə başlayıb: "Məhz Heydər Əliyevin sayəsində 1978-ci il Konstitusiyasında Azərbaycan dili rəsmən dövlət dili elan olunub". Bəhram Xəlilov çıxışı zamanı hələ SSRİ dövründə gənclərin xaricə oxumağa göndərilməsi, milli kadrların dövlətin idarə edilməsində irəli çəkilməsinin ümummilli liderin adı ilə bağlı olduğunu vurğulayıb. Bildirib ki, müstəqil Azərbaycan Respublikasının Konstitusiyasının hazırlanması da məhz ümummillim lider Heydər Əliyevin adı ilə bağlıdır: "Belə ki, 1995-ci ildə Heydər Əliyevin sədrliyi ilə Konstitusiya layihəsinin hazırlanması məqsədilə komissiya yaradıldı. Həmin il noyabr ayının 12-də Konstitusiya layihəsi  ümumxalq səsverməsi yolu ilə qəbul edildi və noyabrın 27-də qüvvəyə mindi. Bununla da müasir dövlət idarəçiliyi və dövlət qulluğu sisteminin yaradılmasının hüquqi layihəsinin özülü qoyuldu". Ümummilli liderin müstəqillik dövründə dövlət qulluğunun təkmilləşdirilməsi məqsədilə atdığı addımlardan  bəhs edən komissiyanın sədri deyib ki,  "Dövlət Qulluğu Haqqında" Azərbaycan Respublikası Qanunu da daxil olmaqla dövlət qulluğuna dair bir sıra qanunvericilik aktları məhz Heydər Əliyevin hakimiyyəti dövründə qəbul olunmuş və "dövlət qulluğu" və "dövlət qulluqçusu" anlayışları gündəmə gəlmişdir. Bəhram Xəlilov ümummilli liderin başlamış olduğun siyasətin bu gün cənab prezident İlham Əliyev tərəfindən uöurla davam etdirildiyini söyləyib. Bildirib ki, dövlət başçısının bu sahəyə göstərdiyi diqqət və qayğı nəticəsində Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın fəaliyyəti genişlənib, komissiya tərəfindən dövlət qulluğuna qəbulla bağlı müsabiqə və müsahibələr keçirilib. Komisiya sədri dövlət qulluqçularının da öz növbəsində dövlətin və onun prezidenti İlham Əliyevin etimadını doğrultmağa çalışdıqlarını vurğulayıb. Daha sonra çıxış edən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov ümummilli liderin milli kadrların hazırlanması məqsədilə hər il müxtəlif xarici ölkələrə təhsil almaq üçün yüzlərlə gəncin göndərildiyini diqqətə çatdırıb. Bildirib ki, məhz Heydər Əliyevin xarici ölkələrə göndərdiyi həmin gənclər bu gün ölkənin müxtəlif sahələrində çalışaraq dövlətə qulluq edirlər. İnam Kərimov Heydər Əliyev siyasətinin bu gün cənab prezident İlham Əliyev tərəfindən davam etdirildiyini qeyd edib. Bildirib ki, rəhbərlik etdiyi qurumun yaradılması da məhz bunun bariz nümunəsidir. İnam Kərimov çıxışında qurumun fəaliyyət istiqamətləri və vətəndaşlara göstərdiyi xidmət barədə ətraflı məlumat verib. Daha sonra çıxış edən digər natiqlər də Heydər Əliyevin milli kadrların hazırlanmasında xidmətlərindən söz açıblar.

Süleyman İsmayılbəyli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00