ABŞ Azərbaycanla əməkdaşlıqda maraqlıdır
17 Aprel 2013 18:13 SiyasətAprelin 17-də xarici işlər naziri Elmar Məmmədyarov ölkəmizdə səfərdə olan ABŞ Dövlət Katibinin demokratiya, insan haqları və əmək məsələləri üzrə köməkçisinin müavini Tomas Melianın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. ("OLAYLAR"İA)
Görüşdə regionda baş verən hadisələr, eləcə də demokratiya, insan haqları və söz azadlığı məsələləri ətrafında fikir mübadiləsi aparılıb, bu sahələrdə iki ölkə arasında əməkdaşlığın inkişaf etdirilməsi yolları müzakirə edilib.
Tomas Melia ABŞ-ın Azərbaycanla adıçəkilən sahələr üzrə əməkdaşlıqda maraqlı olduğunu və bu istiqamətdə əməkdaşlığın davam etdirilməsinin vacibliyini qeyd edib.
Nazir Elmar Məmmədyarov, həmçinin, Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması üzrə aparılan danışıqların son vəziyyəti barədə qonaqlara qısa məlumat verib və rəsmi Yerevanın müxtəlif bəhanələrlə danışıqlar prosesindən yayındığını bildirib. Nazir eyni zamanda ATƏT-in Minsk Qrupunun münaqişənin nizamlanması prosesində aktivliyinin artırılmasının vacibliyini qeyd edib və münaqişənin bu günə kimi həll edilməməsinin regionun təhlükəsizliyi üçün böyük bir təhdid olduğunu vurğulayıb.