“Minsk Qrupu İrəvan-Xankəndi reysinin açılması üçün Azərbaycanın icazəsini almağa çalışır” - POLİTOLOQ

Mübariz Əhmədoğlu: “Aviareys məsələsi Rusiya tərəfindən Cənubi Qafqazda münaqişə ocağının həmişə qaynar saxlanılması üçün ortaya atılmış siyasi oyundur və heç bir hüquqi əsası yoxdur”

"Dağlıq Qarabağ münaqişəsi həll olunanadək Ermənistanın dövlət kimi inkişafı söz mövzusu belə ola bilməz. Serj Sərkisyan əmr verməlidir ki, Ermənistanda doğulan bütün ermənilərin Dağlıq Qarabağda hərbi xidmətdə olması mümkün deyil. Problemin həlli bu istiqamətə yönəldilsə Ermənistan inkişafında nəyəsə nail ola bilər. Lakin Qarabağla bağlı proseslər tərs istiqamətdə inkişaf etsə, Ermənistan hakimiyyətinin dövlət inkişafı ilə əlaqədar bəyanatları yalnız quru və bir yığın quru söz xarakterinə sahib olacaq!". Aprelin 17-də keçirilən mətbuat konfransında Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin rəhbəri, politoloq Mübariz Əhmədoğlu belə deyib. M.Əhmədoğlu hesab edir ki, prezident Serj Sərkisyan Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu bildiyi halda belə bir qərar çıxarmaqdan açıq-aşkar boyun qaçırır və Sərkisyanın nümayiş etdirdiyi oyunun söz sahibi Rusiyadır: "Əgər Kreml Ermənistana əmr versə ki, "Bakı-Tiflis-Qars, Bakı-Tiflis-Ceyhan xətlərini vur!", əmin olun ki, erməni hakimiyyəti Rusiyanın bu radikal qərarını yerinə yetirəcək. Həmçinin bu gün Ermənistan tərəfin Xankəndi hava limanını istifadəyə verməsi cəhdləri də siyasi oyundur və Rusiyanın beyin mərkəzləri tərəfindən oynanılır. Moskva və İrəvan çox gözəl başa düşür ki, Azərbaycan tərəfin icazəsi olmadan aeroport istifadəyə verilə bilməz, rəsmi Bakının xüsusi icazəsi olmadan İrəvandan Xankəndinə, həmçinin əks istiqamətdə uçuşların təşkil edilməsi mümkün deyil. ATƏT-in Minsk Qrupu da məhz Azərbaycandan uçuşların bərpa edilməsi istiqamətində çalışır və Ermənistanın lehinə Azərbaycandan icazə almağa səy göstərir. Amma hələlik həmsədrlər bunu açıq şəkildə bildirmək istəmirlər. Əgər Ermənistan Xankəndi hava limanından istifadə etmək istəyirsə Serj Sərkisyan Azərbaycan Prezidenti İlham Əliyevə xüsusi məktub yazıb icazə almalıdır. Ən azı Ermənistanın Nazirlər Kabineti Azərbaycan tərəfin eyni adlı dövlət qurumuna məktub yazmalıdır. Çox güman ki, belə olacağı təqdirdə Azərbaycan tərəfdən Ermənistana müsbət cavab veriləcək və uçuşların təşkil edilməsi istiqamətdində heç bir əngəl olmayacaq. Lakin Ermənistan hələ də adam dilində danışa bilmir. Digər tərəfdən Rusiya tərəfdən ortaya atılmış aviareys amili süni məsələdir. Çünki, Ermənistanın əsas Hava Yolları Şirkəti "ArmAvia"nın xarici dövlətlərə 45 milyon ABŞ dolları borcu var. Heç bir dövlət, xüsusi şirkət, yaxud sahibkar həmin borcu qaytarmaqdan açıq şəkildə boyun qaçırırlar. Ona görə də Ermənistanın Xankəndi aeroportunu istifadəyə vermək üçün maddi imkanları olduqca məhduddur. Bu gün Ermənistanda xarici dövlətlərə borcu olmayan avia şirkət yoxdur, tam şəkildə ölkənin hava yolları sahəsi iflic vəziyyətdədir. Dağlıq Qarabağda 50 min erməni yaşayır, bununla müqayisədə Azərbaycanın ən kiçik rayonunda cəmi 100 min insan yaşadığı halda respublika həmin bölgəyə təyyarə reysi təşkil etməyə ehtiyac duymur. Məsələnin bu cür müqayisəli təhlilindən aydındır ki, aviareys məsələsi Rusiya tərəfindən Cənubi Qafqazda münaqişə ocağının həmişə qaynar saxlanılması üçün ortaya atılmış siyasi oyundur və heç bir hüquqi əsası yoxdur". ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00