“Borçalılar Azərbaycanın uğurları ilə fəxr edir, qürur hissi keçirirlər”
17 Aprel 2013 13:58 SiyasətMilli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov Gürcüstan parlamentinin deputatı, "Gürcü arzusu" partiyasının üzvü Mahir Dərziyevlə görüşüb. Milli Məclisdən "Olaylar"a daxil olan məlumata görə, deputat Eldar İbrahimov qonağa Azərbaycan parlamentinin qanunvericilik bazası, komitələrin fəaliyyəti, rəhbəri olduğu komitədə hazırlanan qanunlar barədə ətraflı məlumat verib. O, qeyd edib ki, qeyri-neft sektoru kimi aqrar sahənin inkişafı ölkəmizdə əsas prioritet sayılır. 1996-cı ildə "Torpaq islahatı haqqında" qanun qəbul edildi, torpaq kəndliyə verildi. O zamandan etibarən ölkəmizdə kənd təsərrüfatı xeyli inkişaf edib. Hər il aqrar islahatların həyata keçirilməsi üçün büdcədən yetərli vəsait ayrılır, əkinçiliyin, heyvandarlığın yaxşılaşdırılması üçün fermerlərə ən yaxşı şərtlərlə maliyyə kreditləri verilir. Komitə sədri bildirib ki, Gürcüstanda 500 mindən çox soydaşımız yaşayır. Onların qayğı və problemləri bizi də düşündürür. Azərbaycan dövləti hər zaman onların çətinliklərini diqqət mərkəzində saxlayır. Görüşdən çox məmnun olduğunu bildirən Mahir Dərziyev Gürcüstanda yaşayan soydaşlarımızın Azərbaycan dövlətinin uğurları və nailiyyətləri ilə hər zaman fəxr etdiklərini, qürur hissi keçirdiklərini deyib. O, qeyd edib ki, Azərbaycanın beynəlxalq aləmdə inkişaf edən ölkəyə çevrilməsi onları çox sevindirir.