Xarici işlər naziri Çexiya parlamentinin nümayəndə heyətini qəbul edib

Olaylar İA xəbər verir ki, xarici işlər naziri Elmar Məmmədyarov Çexiya Parlamentinin Deputatlar Palatasının Xarici Əlaqələr Komitəsinin sədrinin müavini Yan Hamaçekin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Nazir nümayəndə heyətini salamlayıb və Azərbaycan-Çexiya ikitərəfli münasibətlərinin yüksək səviyyədə olduğunu bildirib. İki ölkə arasında əməkdaşlığın bir çox istiqamətlərdə, xüsusilə turizm, mədəniyyət, enerji, infrastruktur kimi sahələrdə genişləndirilməsi üçün geniş potensialın olduğunu vurğulayıb. Nazir parlament diplomatiyasının əhəmiyyətini qeyd edərək, Çexiya-Azərbaycan Dostluq Qrupunun fəaliyyətinin və xüsusilə də bu səfərin bütövlükdə iki ölkə arasındakı münasibətlərin genişlənməsinə öz töhfəsini verəcəyini diqqətə çatdırıb. Ermənistan-Azərbaycan münaqişəsinə toxunan nazir Elmar Məmmədyarov münaqişənin həlli üçün ilk növbədə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasının vacibliyini qeyd etmiş və Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyinə görə Çexiyaya təşəkkürünü bildirib.  Qəbula görə təşəkkür edən Yan Hamaçek ölkəmizə səfər etməkdən məmnun olduqlarını və Azərbaycanın iqtisadi inkişaf tempindən təsirləndiyini bildirib. O, ölkəsinin Azərbaycanı özünün strateji tərəfdaşı hesab etdiyini qeyd edərək, ölkəmizin Çexiyanın və bütövlükdə Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfəni yüksək qiymətləndirib. İki ölkə arasında əməkdaşlığın turizm, mədəniyyət kimi sahələrdə genişləndirilməsi üçün geniş potensialın olduğunu qeyd edib. Azərbaycan və Çexiya parlamentləri arasında təmasların artırılmasının vacibliyini vurğulayıb və bu kimi səfərlərin ölkələr arasındakı münasibətlərə töhfə verdiyini diqqətə çatdırıb.  Görüş zamanı həmçinin regional məsələlər, Azərbaycan-Avropa İttifaqı və Şərq Tərəfdaşlığı proqramı ətrafında da fikir mübadiləsi aparılıb. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00