“Qadın Seçici Klubu” yaradılacaq
Əsli Əliyeva: “Qadınların aktiv seçki hüququ ictimai müzakirəyə çıxarılacaq”
16 Aprel 2013 17:58 SiyasətAvrasiya Beynəlxalq Əlaqələr və Araşdırmalar İctimai Birliyi QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Kənd rayonlarında qadınların seçki fəallığının artırılması və seçki hüququnun təbliği" layihəsinin icrasına başlayıb. Avrasiya Beynəlxalq Əlaqələr və Araşdırmalar İctimai Birliyinin sədri Əsli Əliyeva layihə barəsində danışarkən qeyd edib ki, 3 ay müddətində həyata keçirilən layihə çərçivəsində İsmayıllı və Qəbələ rayonlarından olan qadınlar arasında seçki maarifləndirilməsi işi aparılacaq. Onun sözlərinə görə, qadınların seçki hüququnun tam təmin edilməsi məqsədilə həyata keçirilən layihə çərçivəsində Monitorinq Qrupu yaradılacaq: "Monitorinq Qrupu 3 ay müddətində layihə həyata keçirəcəyi regionların Dairə Seçki Komissiyalarında qadınların əvvəlki seçkilərdə iştirakı ilə bağlı monitorinq aparılacaq. Ayrı-ayrı bölgələr və ayrı-ayrı seçkilər (prezident, parlament, bələdiyyə) üzrə faizlər müəyyənləşdiriləcək.
Eləcə də yerli əhali ilə şifahi söhbətlər aparılacaq və qadınların səsvermədə iştirak edib-etməməsi müəyyənləşdiriləcək. Monitorinqin metodologiyasına görə, bütün informasiya və məlumatlar bir mənbədən toplanmayacaq. Bunun üçün həm qadınların özləri, həm bələdiyyələr, həm də digər əlaqədar qurumlar mexanizmə daxil ediləcək". Ə.Əliyeva onu da bildirib ki, "Facebook" sosial şəbəkəsində "Qadın Seçici Klubu" qrupu yaradılacaq: "Qrup layihə boyu fəaliyyət göstərəcək. Qrupun admini və təşkilat tərəfindən layihə çərçivəsində qadınların seçki hüququ, seçkidə iştirakın zəruriliyi ilə bağlı müxtəlif mövzularda təbliğat aparılacaq, ictimai müzakirələr təşkil ediləcək. Qrupda eləcə də layihə çərçivəsində keçirilən tədbirlər geniş işıqlandırılacaq və daha çox regionun əhatə olunması, qadınlar arasında seçki həmrəyliyi yaradılması, qadınların seçkidə iştirakının təbliği aparılacaq".