Rusiya və ABŞ Uzaq Şərqdə gərginliyin qorunub saxlanılmasında maraqlıdırlar

Mübariz Göyüşlü: “Kreml, Ağ Ev, Pekin və Tokio imperialist maraqlarını təmin edənə qədər Şimali və Cənubi Koreya arasında gərginlik davam edəcək”

Şimali Koreya Cənubi Koreyaya daha bir ultimatum verib. Pxenyan rəhbərliyi Seulu hücum mövqeyindən geri çəkilməyəcəyi təqdirdə xəbərdarlıq edilmədən hücum etməklə təhdid edib. Şimali Koreya həmin təhdidlərin Yaponiya və ABŞ-a da aid edildiyini bildirib. Dünyanın zaman-zaman Şimali və Cənubi Koreya arasında bu cür gərginliklərin yaşanmasının şahidi olduğunu deyən siyasi ekspert Mübariz Göyüşlünün sözlərinə görə hər iki dövlət hərdən müharibənin başlanmasının bir addımlığınadək gəlib çatır: "Çox vaxt bu cür bəyanatlar və ssenarilər sadəcə olaraq hədə-qorxu xarakterinə sahib olur. Şimali Koreya rəhbərliyinin bu bəyanatı da eyni mahiyyətə malikdir. Pxenyanın bu xəbərdarlığından sonra güman eləmirəm ki, Uzaq Şərqdə müharibə başlasın. Düzdür, bu gün Uzaq Şərq regionunda həddindən artıq gərgin bir vəziyyət yaranıb. Mövcud gərgin situasiyada Şimali və Cənubi Koreyadan çox həmin dövlətlərin arxasında dayanan güclər maraqlıdır. Şimali Koreyanın sərt bəyanatları tam şəkildə Rusiya, Çin, ABŞ və müəyyən mənada Yaponiyaya ünvanlanmalıdır. Çünki, həmin dövlətlərin imperialist maraqları Sakit okean və Uzaq Şərq regionunda üst-üstə düşür. Kreml, Ağ Ev, Pekin və Tokio imperialist maraqlarını təmin edənə qədər Şimali və Cənubi Koreya arasında gərginlik davam edəcək". ("OLAYLAR" İA) 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00