NATO İrana qarşı olan dövlətləri fars rejiminə qarşı hərəkətə gətirir
Elşən Manafov: “Suriya məsələsi həll edildikdən sonra ABŞ və Qərb İranın nüvə proqramı ilə bağlı məsələlərdə rəsmi Tehranla ortaq nəticəyə gəlməyəcəyi təqdirdə ölkəyə hərbi müdaxilə variantının tətbiq ediləcəyi istisna olunmur”
16 Aprel 2013 15:30 Siyasət"İranın nüvə obyeklərinə ediləcək hər cür hərbi müdaxilə III Dünya Müharibəsinə səbəb olacaq. İranın nüvə obyektlərini yox etmək məqsədilə İsrailin hər hansı hücumu tam bir dəlilik olar və nəzarət edilə bilməyəcək faciəli nəticələrə gətirib çıxaracaq". İranın Fransadakı səfiri Əli Əhəni bu cür bəyanatla çıxış edib. Diplomat İranın istənilən hərbi müdaxiləyə qarşı sakit qalmayacağını deyib. ABŞ-ın İrana hərbi müdaxilə edəcəyi təqdirdə Şanxay Əməkdaşlıq Təşkilatı və rəsmi Tehranın Şərqdəki müttəfiqlərinin bu hərbi müdaxilənin qarşısının alınmasına cəhd göstərəcəklərini deyən politoloq Elşən Manaf hesab edir ki, indiki məqamda ABŞ-ın İranla bağlı problemini hərbi kontekstdə həll etməsi o qədər də inandırıcı deyil: "Amma Suriya prosesləri öz axarına düşəndən sonra ABŞ və Qərb İranın nüvə proqramı ilə bağlı məsələlərdə rəsmi Tehranla ortaq nəticəyə gəlməyəcəyi təqdirdə ölkəyə hərbi müdaxilə variantının tətbiq ediləcəyi istisna olunmur. Bütün hallarda isə Ağ Ev İran probleminin həll edilməsində Rusiya və Çinlə razılığa gəlməlidir. Pekin çox gözəl başa düşür ki, Amerika İranı vuracağı təqdirdə dünya bazarında neftin və enerjinin qiyməti hədsiz dərəcədə artacaq. Çin də hər nə qədər nəhəng dövlət olsa da bu zaman enerji faktoruna görə başqa dövlətlərdən asılı vəziyyətə düşə bilər. Rusiya da enerji amilinə üstünlük verən dövlətdir. Lakin Rusiya Çindən fərqli olaraq enerjini ixrac edən tərəfdir. Yaxın Orta Şərqdə baş verən proseslər enerji baxımından Rusiyanın iqtisadi maraqlarına cavab verdiyi halda Kremlin Şərqdəki geosiyasi istəklərinə uyğun gəlmir və İrana istənilən hücum siyasi baxımdan Kreml tərəfindən kəskin reaksiya ilə qarşılanacaq. NATO-nun İranla soyuq münasibətlərinin hərbi müstəviyə keçəcəyi təqdirdə ölkədə molla rejiminin çökməsini istəyən dövlətləri də ABŞ-la müttəfiqlik etmək üçün hərəkətə gətirəcək və müharibənin qarşısını almaq çox çətin olacaq. Birləşmiş Ştatlar məsələ ilə bağlı Rusiya və Çinlə razılığıa gəlməmiş İrana hərbi müdaxilə variantından daşınacaq". ("OLAYLAR" İA)