Müsavat-AXCP müttəfiqliyi pozulur - SİYASİ ANALİZ

AXCP seçkilərdə “Ağrıdağ”ın namizədini dəstəkləyəcək

AXCP ilə Müsavat arasında müttəfiqlik münasibətləri pozulmaq ərəfəsindədir. Bu proses xüsusən El hərəkatı yaranandan sonra daha da sürətlənib. Eldar Namazovun rəhbərlik etdiyi hərəkat elan olunandan sonra Müsavatın rayonlardakı aktivlərini ələ keçirməyə başlayıb. Maraqlıdır ki, El hərəkatının hələki AXCP ilə işçi yoxdur. Bu günə qədər yalnız iqtidaryönlü partiyaların və Müsavatın "Ağrıdağ" regional qruplaşmasına yaxınlığı olan fəalları El hərəkatına keçiblər. Müsavat Divan üzvü səviyyəsində buna etirazını bildirib. Amma proses AXCP-nin ürəyincədir. Partiya sədrinin müavini Fuad Qəhrəmanlının ABŞ-da keçirdiyi görüşlər, gənclər təşkilatlarının Əli Kərimliyə dəstək ifadə etmələri cəbhəçiləri ümidləndirib. İndi onlar İctimai Palata daxilində daha inamlı davranırlar. Maraqlıdır ki, indi Müsavat Partiyası İP-i qorumaqda daha maraqlı görünür. Divan üzvü Səxavət Əlisoy AXCP-yə "Müsavatsız AXCP heç bir uğura imza ata bilməz" mesajını verib. Amma İP-in son toplantısında AXCP Gənclər Komitəsinin sədri Əbülfəz Qurbanlının çıxşı onu deməyə əsas verir ki, AXCP Müsavatla bağlı qərarını artıq verib. Sadəcə, ayrılmanın yolları aranır. Əli Kərimli mümkün qədər çalışır ki, Müsavat-AXCP müttəfiqliyinin pozulmasında suçlu tərəf İsa Qəmbər olsun, Müsavat ictimai qınaq obyektinə çevrilsin. Görünür, AXCP sədri uyğun məqamı gözləyir. Məqam yetişən kimi AXCP Müsavatdan ayrılacaq. Sızan xəbərlərə görə, AXCP çalışır ki, əsas müxalifət partiyalarını Müsavata qarşı birləşdirsin. Bunun üçün "Ağrıdağ"ın sosial bazasına iddialı partiya və hərəkatlarla danışıqlara başlanılıb. Bir az da konkretləşdirsək, AXCP El hərəkatı və AMİP-lə təmaslara baş vurub. Artıq mətbuata bilərəkdən nəbz yoxlama xəbərləri buraxılıb. Saytlardan bir AXCP sədrinin El hərəkatının lideri Eldar Namazova güzəştə gedəcəyini yazıb. Düzdür, AXCP Ali Məclisinin sədri Həsən Kərimov bunu təkzib edib. Amma bir fakt var ki, AXCP sədri "daha şanslı namizədə güzəştə gedə bilərəm" mesajını verib. AXCP yetkililərinin davranışı göstərir ki, həmin "şanslı namizəd" İsa Qəmbər deyil. Deməli, AXCP sədri daha perspektivli namizədə güzəştə gedə bilər. İndiki halda bu namizəd Ziyalılar Forumunun da dəstəyini almış Eldar Namazov ola bilər. AMİP yetkilsi Əli Oruclunun AXCP ilə Müsavat arasında konfliktləri dilə gətirməsi də maraqlıdır. Görünür, AXCP İlə Müsavatı bir-birindən ayırmaq istəyən qüvvələrə komanda verilib. Amma bu prosesdə AXCP də maraqlıdır. Əli Kərimli İsa Qəmbəri namizəd kimi dəstəkləməyəcək. Bu, aydındır. Özü də namizəd olmayınca, AXCP-nin 1998-ci il ssenarisinə qayıdacağı şəksizdir. Xatırladaq ki, 1998-ci ildə AXCP Demkonqres üzvü ola-ola AMİP-lə müqavilə bağladı. Partiyanın Əli Kərimli qanadı seçkilərdə AMİP liderinə piar dəstəyi verdi. 2003-cü ildə də Əli Kərimli eyni taktikanı seçdi. Müxalifətin daha şanslı namizədi Müsavat başqanı ola-ola Əli Kərimli Etibar Məmmədovu dəstəklədi. Amma ikili siyasət yeridərək AMİP-i Müsavatla toqquşdurub siyasi iflasa yuvarlatdı. Bu gün eyni taktika Müsavat başqanına qarşı tətbiq olunur.  Böyük ehtimal var ki, AXCP sədri bu seçkiyədə qatılmayacaq, Müsavat başqanı ilə Eldar Namazovu-daha dəqiq desək, "Ağrıdağ"ı üz-üzə qoyacaq. Ciddi uğur qazanmasa da, bu seçkidə Eldar Namazov Müsavat başqanından üstün olacaq. Bir sözlə, proses Müsavatın təklənməsinə doğru gedir. Müsavatın AXCP ilə mübarizədə yeganə dayağı köhnə müttəfiqləri olacaq. Artıq KXCP-dən Elman Türkoğlunun dili ilə  "AXCP-dən özünü gözlə" mesajı gəlib. Bu mesaj müttəfiqlik jesti kimi də anlaşıla bilər. Bu gedişlə Müsavat seçkilərdə KXCP də daxil köhnə mütəffiqlərinin dəstəyinə ümid etməli olacaq.

Ərhun Abbas

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00