Heydər Əliyev və Azərbaycanda milli sahibkar təbəqəsinin formalaşması
16 Aprel 2013 14:21 Siyasət1991-ci ildə dövlət müstəqilliyinin bərpasından sonra Azərbaycanda siyasi inkişafla yanaşı, milli iqtisadiyyatın formalaşdırılması və ölkənin iqtisadi inkişafını təmin etmək zərurəti də yaranmışdı. Lakin həmin illərdə Azərbaycana rəhbərlik edən iqtidarların dövlətçilik və ölkəni idarəçilik bacarıqlarının olmaması nəinki iqtisadi inkişafa zəmin yaradır, əksinə ölkənin vəziyyətini daha da ağırlaşdırır, əhalini ciddi sosial problemlər qarşısında qoyurdu. Ölkədə getdikcə vəziyyətin pisləşməsi, bütün sahələrdə müşahidə edilən geriləmə sosial partlayışı qaçılmaz edirdi. Elə bu səbəbdən idi ki, 1993-cü ilin əvvəllərindən Azərbaycan demək olar ki, tamamilə idarəolunmaz vəziyyətə düşdü. Ölkəni bürüyən xaos, anarxiya, ciddi sosial problemlər xalqı yeni lider axtarışına çıxarmışdı. Əslində xalq öz liderini müəyyən etmişdi və onun, həmin vaxt Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri vəzifəsini icra edən Heydər Əliyevin müstəqil Azərbaycan Respublikasına rəhbərlik etməsini istəyirdi. Beləliklə, xalqın təkidli tələbi ilə 1993-cü ilin iyununda Heydər Əliyev Bakıya gələrək ölkədə yaranmış çətin bir vəziyyətdə yenidən öz çiyinlərini ağır bir yükün altına verdi. Zəngin idarəçilik təcrübəsi və zamanında doğru-düzgün qərarlar qəbul etmək bacarığı olan Heydər Əliyev qısa müddət ərzində Azərbaycanda mövcud olan hərc-mərcliyə son qoydu, ölkədə siyasi sabitliyi bərqərar etdi. Siyasi sabitliyin bərpasından sonrakı mərhələdə isə ölkənin iqtisadi sahədə inkişafına nail olmaq başlıca vəzifə olaraq qarşıda dayanırdı. Bunun üçünsə bir sıra vacib addımların atılması qaçılmaz idi. Azərbaycanın iqtisadi inkişafını təmin etməyin bir yolunun da ölkədə sahibkarlıq mühitinin yaradılmasından keçdiyini bilən ümummilli lider Heydər Əliyev bu baxımdan milli sahibkar təbəqəsinin yaradılmasını vacib hesab edirdi. Təsadüfi deyil ki, Azərbaycanda müasir milli sahibkarlığın inkişafı bilavasitə müstəqilliyimizin əldə olunmasından sonrakı dövrə, xüsusən də 1993-cü ildən sonrakı illərə təsadüf edir. Həmin dövrdə ümümmilli lider Heydər Əliyev bazar iqtisadiyyatı prinsiplərinə sadiq qalaraq Azərbaycanın yeni dövr üçün prioritetlərini müəyyənləşdirmiş və ölkənin iqtisadi siyasətinin təməlini qoymuşdur. Bu dövrdə digər taleyüklü məsələlərlə yanaşı respublikanın sosial-iqtisadi inkişafı, xalqın maddi rifah halının yaxşılaşması azad sahibkarlığın inkişafından həlledici şəkildə asılı idi. Bu reallığı əsas götürən ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında həyata keçirilmiş sosial-iqtisadi islahatların ana xəttini də məhz sahibkarlığın inkişafı kimi həyati əhəmiyyətli məsələ təşkil edirdi.
Bu dövr ərzində həyata keçirilən iqtisadi islahatların rəsmiləşdirilməsi 1993-cü ildə təsdiq edilmiş ''Azərbaycanda Sahibkarlığın Inkişafı (1993-1995)'' adlı Dövlət Proqramı ilə təsdiqini tapdı. 1993-cü ilə qədər ölkədə sahibkarlıq sektoru istiqamətində ciddi islahatların həyata keçirilməməsinin ardınca belə bir proqramın qəbul edilməsi və onun həyata keçirilməsinə başlanması bu sahədə nisbi uğurların əldə edilməsinə imkan yaratdı. Nəticədə ölkədə fəaliyyət göstərən kiçik və orta sahibakarların sayı çoxaldı, onların iqtisadi fəaliyyəti genişləndi. Ümumiyyətlə, müstəqillik dövründən bu günə kimi ölkədə mövcud iqtisadi inkişafı iki əsas mərhələyə ayırmaq olar. Birincisi, 1991-1995-ci illər, ikincisi, 1996-cı ildən başlayaraq davam edən sonrakı dövr. Təqdirəlayiq haldır ki, iqtisadi inkişafın ikinci mərhələsində Azərbaycan Respublikasında qeyd edilən modelin gerçəkləşməsinin rəsmi bazası kimi bir çox irimiqyaslı sənədlər, konsepsiya, strategiya və proqramlar qəbul olunmuşdu. Qəbul edilən sənədlər əsas etibarilə Azərbaycan Respublikasında sahibkarlıq fəaliyyətinə mane olan bürokratik əngəllərin və yoxlamaların aradan qaldırılmasına xidmət edirdi. Onların arasında Azərbaycan Respublikası Prezidentinin "İstehsalat, xidmət, maliyyə-kredit fəaliyyətinə dövlət nəzarətinin qaydaya salınması və əsassız yoxlamaların qadağan edilməsi barədə" 1996-cı il 17 iyun tarixli 463 nömrəli və "Dövlət nəzarəti sisteminin təkmilləşdirilməsi və sahibkarlığın inkişafı sahəsində süni maneələrin aradan qaldırılması haqqında" 1999-cu il 7 yanvar tarixli 69 nömrəli fərmanları, Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 24 iyun tarixli 610 nömrəli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında kiçik və orta sahibkarlığa dövlət köməyi proqramı (1997-2000-ci illər)" xüsusi yer tutur.
Ümummilli lider davamlı olaraq ölkədə sahibkarlığın inkişaf etdirilməsi istiqamətində çalışır, bu sahə ilə əlaqədar məqsədyönlü tədbirlər həyata keçirirdi. Bu baxımdan Heydər Əliyevin "2002-2005-ci illər Azərbaycan Respublikasında kiçik və orta sahibkarlığın inkişafının Dövlət Proqramı" xüsusi əhəmiyyət daşıyırdı. Sonrakı dövrdə isə ümummilli lider Heydər Əliyevin 2002-ci il 27 avqust tarixli Fərmanı ilə "Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondu haqqında Əsasnamə" və "Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondunun vəsaitinin istifadəsi Qaydaları"nın təsdiq edilməsi özəl bölmənin inkişafı və sahibkarlığa dövlət dəstəyinin gücləndirilməsinin təmin edilməsi sahəsində atılmış mühüm addım oldu. Bütün bunlar Azərbaycanda özəl sektorun inkişafına zəmin yaratdı, iqtisadiyyatın neftdən asılılığını aradan qaldırmış oldu.
Heydər Əliyev daim sahibkarları diqqətdə saxlayır, onların üzləşdiyi problemlərin həlli istiqamətində əməli addımlar atırdı. İş adamlarına edilən müdaxilələri onların öz dilindən eşitmək üçün ümummilli lider sahibkarlarla mütəmadi görüşlər keçirir, mövcud problemləri onlarla birgə müzakirə edirdi. Ümummilli lider ölkə sahibkarları ilə keçirdiyi tarixi görüşlərində təssüf hissi ilə qeyd edirdi ki, sahibkarlığın inkişafı ilə bağlı görülən işlərə baxmayaraq, bu sahədə bir sıra problemlər hələ də tam aradan qaldırılmamışdır: "Bu gün sahibkarlığın dövlət tənzimlənməsini həyata keçirən bir sıra mərkəzi, şəhər və rayon icra hakimiyyəti orqanlarının işi qənaətbəxş sayıla bilməz. Belə ki, ayrı-ayrı mərkəzi və yerli icra hakimiyyəti orqanları, o cümlədən vergi, gömrük, hüquq-mühafizə və sanitar-epidemioloji xidmət orqanları tərəfindən sahibkarların fəaliyyətinə yerli-yersiz müdaxilələr edilir, müxtəlif yoxlamalar aparmaqla onların işinə maneçilik törədilir. Məhkəmələr tərəfindən iqtisadi mübahisələrin həllində süründürməçilik və qeyri-obyektiv qərarların qəbul olunması hallarına rast gəlinir. Bütün bunlar sahibkarlıq fəaliyyəti ilə məşğul olan adamların haqlı narazılığına səbəb olur, onların sahibkarlıq təşəbbüsünün reallaşmasına və daxili potensialdan daha dolğun istifadə edilməsinə imkan vermir".
Sevindrici haldır ki, ümummilli lider Heydər Əliyevin başlamış olduğu bu siyasət bu gün cənab prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Məhz dövlət başçısı da ümummilli lider kimi ölkədə sahibkarlığın inkişaf etdirilməsinə maraq göstərir, bu istiqamətdə zəruri addımlar atır, fərman və sərəncamlar imzalayır.
Dövlət başçısının diqqət və qayğısı sayəsində sahibkarlıq mühitinin inkişafı üçün yaradılan əlverişli şəraitə uyğun olaraq, Sahibkarlığa Kömək Milli Fondunun vəsaitinin istifadəsi Qaydalarının təkmilləşdirilməsi istiqamətində işlər növbəti illərdə də müvəffəqiyyətlə davam etdirilmişdir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 13 oktyabr tarixli Fərmanı ilə Sahibkarlığa Kömək Milli Fondunun vəsaitlərinin istifadəsi mexanizmi daha da təkmilləşdirildi. Sahibkarlığın inkişafı sahəsində qəbul olunmuş dövlət proqramlarının bu sahənin inkişafında xüsusi rolu olmuş, kiçik və orta sahibkarlığın inkişafı üzrə tədbirləri iqtisadi siyasətinin prioritet istiqamətlərindən birinə çevirmişdir. Artıq ölkəmizdə sahibkarlara təkmil dövlət maliyyə dəstəyi sistemi formalaşdırılmış, sahibkarlara zəruri texniki yardım göstərən strukturlar yaradılmışdır.
Bu gün dövlət rəhbərinin həyata keçirdiyi məqsədyönlü iqtisadi siyasət hesabına Azərbaycanda özəl sektor yeni inkişaf mərhələsinə qədəm qoymuş, sahibkarlığın inkişafına diqqət daha da artırılmışdır. Ötən müddət ərzində iş adamlarının fəaliyyətinə yersiz mudaxilələrin qarşısının alinması, bu sahədə inkişafa mane olan problemlərin aradan qaldırılması istiqamətində mühüm addımlar atılmışdır. Regionlarda mühüm infrastruktur layihələrinin həyata keçirilməsi, göstərilən xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması, anti-inhisar fəaliyyətinin gücləndirilməsi, infilyasiyanın qarşısının alınması üçün əsaslı tədbirlərin görülməsi, "Korrupsiyaya qarşı mübarizə üzrə Dövlət Proqramı"nın təsdiqlənməsi, bir pəncərə prinsipinin tətbiqi ilə biznes subyektlərinin qeydiyyat və lisenziya sisteminin sadələşdirilməsi, yerlərdə regional iqtisad məhkəmələrinin yaradılması və digər tədbirlər bu istiqamətdə atılmış ciddi addımlardır.
Sahibkarlığa dövlət dəstəyinin bariz nümünəsi kimi, 28 fevral 2012-ci il tarixdə "Bakı Ekspo" Mərkəzində "Azərbaycan Respublikası Regionlarının 2009-2013 illərdə sosial-iqtisadi inkişafı dövlət proqramının ücüncü ilinin yekunlarına həsr olunmuş konfransda Prezident İlham Əliyevin cıxışını qeyd etmək olar. Dövlət başçısı həmin konfransda qeyd etdi ki, "Azərbaycan dövləti sahibkarlara siyasi dəstəkdən başqa iqtisadi dəstək də verir. Ölkəmizin inkişafı, sahibkarlığın inkişafından asılıdır."
Azərbaycanda sahibkarlığı inkişaf etdirən amillərdən biri də regionlarda rəqabət qabiliyyətli və ixrac yönümlü məhsullar istehsal edən, müasir texnologiyalara əsaslanan müəssisələrin yaradılmasıdır. Regionlarda istehsal olunan bir cox məhsullarımız artıq Avropa və Amerika bazarlarına da ixrac olunur ki, bu da bütövlükdə ixrac payında qeyri-neft məhsullarının payını artırır. İxrac yönümlü məhsul istehsal edən müəssisələrə dövlət dəstəyinin genişləndirilməsi və ixrac imkanlarının artırılması istiqamətində işlər davam etdirilir.
Bu gün də sahibkarlığın inkişafı ilə bağlı Azərbaycan dövləti öz iradəsini nümayiş etdirir. Sahibkarlara daim diqqət göstərilir, onlara güzəştli kreditlərin, texnikanın lizinq yolu ilə verilməsi, fermerlərə subsidiyaların ayrılması, bütövlükdə kənd təsərrüfatını, eləcə də sahibkarlığı stimullaşdıran əsas amillərdəndir. Sahibkarlığa dövlət dəstəyinin bariz nümünəsi kimi, 12 fevral 2013-cü il tarixdə Bakı Biznes Mərkəzində "Azərbaycan Respublikası Regionlarının 2009-2013 illərdə sosial-iqtisadi inkişafı dövlət proqramının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransda prezident İlham Əliyevin cıxışını qeyd etmək olar. Dövlət başçısı həmin görüşdə çıxışı zamanı bildirdi ki, "Həm bölgələrdə, həm böyük şəhərlərdə sahibkarlığın inkişafı ölkəmizin uğurlu inkişafını təmin edəcəkdir. Bizim secdiyimiz yol bazar iqtisadiyyatı, liberal iqtisadiyyat yoludur."
Məlahət Xəlilova
"Avromed" şirkətinin dəstəyi ilə "Xalq qəzeti" və "Kaspi" qəzetlərinin ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi münasibəti ilə keçirdiyi "Azərbaycan Respublikasında sahibkarlığın inkişafı" istiqaməti üzrə yazı müsabiqəsinə təqdim olunur