İsrailli jurnalistlər Azərbaycan parlamentində olublar
16 Aprel 2013 12:59 SiyasətMilli Məclisdə deputatlar Fuad Muradov, Rasim Musabəyov və Cavanşir Feyziyev ölkəmizdə səfərdə olan bir qrup İsrail kütləvi informasiya vasitələri nümayəndələri ilə görüşüblər. Milli Məclisin mətbuat xidmətindən "Olaylar"a verilən məlumata görə, millət vəkili Fuad Muradov ölkəmizlə İsrail arasında əlaqələrin yüksək səviyyədə olduğunu vurğulayıb. O, Azərbaycan və İsrail jurnalistləri arasında əlaqələrin qurulması, media vasitəsi ilə ölkələrimiz barədə həqiqətlərin geniş ictimaiyyətə çatdırılmasının əhəmiyyəti barədə danışıb. Söhbətdə İsraillə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Rasim Musabəyov bildirib ki, Azərbaycan İsraili öz strateji tərəfdaşı hesab edir. Ölkələrimiz arasında enerji, mədəniyyət, turizm, kənd təsərrüfatı, səhiyyə, hərbi sahələrdə əlaqələr mövcuddur. Millət vəkili qeyd edib ki, bu gün İsraildə Azərbaycandan getmiş çoxlu sayda yəhudi yaşayır. O, müxtəlif səviyyədə qarşılıqlı səfərlərin həyata keçirilməsini önəmli hesab edib.
Görüşdə deputat Cavanşir Feyziyev Azərbaycanın geosiyasi mövqeyindən danışıb. Qeyd edilib ki, ölkə müharibə şəraitindədir. Bu gün təhlükəsizliyin təmin edilməsi aktual məsələlərdəndir və bu sahədə səmərəli işlər həyata keçirilir. İsrail jurnalistlərinin bu səfəri real vəziyyət barədə məlumatların öyrənilməsi baxımından çox əhəmiyyətlidir. Söhbətdə Beynəlxalq "AZİZ" İsrail-Azərbaycan təşkilatını təmsil edən Lev Spivak İsrail media nümayəndələrinin belə geniş tərkibdə Azərbaycanda ilk dəfə olduğunu bildirib və parlamentdə deputatlar üçün yaradılmış iş şəraitini yüksək qiymətləndirdib.