İngiltərənin Suriyada şeytan kimi barmağı var, amma özü görünmür - AÇIQLAMA
Cümşüd Nuriyev: “Rəsmi London yeni resurslar əldə etmək üçün Suriyadakı qədim muzeylərdə toplanmış bahalı qənimətləri oğurlamağa çalışır”
16 Aprel 2013 12:47 SiyasətDəməşq ətrafından götürülən torpaq nümunələri Britaniya Kimyəvi və Bioloji Müdafiə Tədqiqat İnstitutu Nazirliyində analiz edilib. Torpaq nümunələri Britaniyaya aparılıb və analizin nəticəsinə əsasən, Suriyada vətəndaş müharibəsi zamanı kimyəvi silahdan istifadə olunması sübut edilib. Məsələnin İngiltərənin Suriyaya qarşı hazırladığı ssenari olduğunu deyən politoloq Cümşüd Nuriyevin sözlərinə görə Bəşər Əsəd kimyəvi silahdan istifadə etsəydi, regionda hiss ediləcək dərəcədə ekoloji dəyişiklik baş verərdi. C.Nuriyev hesab edir ki, torpaqdan götürülən nümunələrə istənilən vaxt kimyəvi silahın maddələrini qatmaq çox rahatdır, Britaniyanın Tədqiqat İnstitutunun Dəməşq ətrafından həmin torpaq nümunələrinin götürməsinin özü şübhəlidir və bu Corc Buşun Səddam Hüseyni devirmək üçün İraqda nüvə silahı axtarışı ilə oxşar ssenaridir: "Həmin ssenariyə uyğun Avropa və ABŞ İslam dünyasını parçalamaq niyyəti güdürlər. Dünya baş verən bütün hadisələrdə İngiltərənin şeytan kimi barmağı var, amma özü görünmür. İngiltərənin qəfil açıq müstəviyə çıxmasının da səbəbi Amerikanın Yaxın Orta Şərqə sahib olmaq niyyətindən irəli gəlir. Çünki, Səudiyyə Ərəbistanı daxil olmaqla digər ərəb dövlətləri İngiltərənin təsir dairəsindən çıxmaq üzrədirlər. Şimali Afrikanın (Mali) Fransa tərəfindən zəbt edilməsi ingilis qoşunlarını Asiyaya girməyə həvəsləndirib. Əgər İngiltərə həqiqətən tədqiqat işi aparırsa o zaman Suriyadan hava nümunəsi də götürməli idi. İsrailin laboratoriya sahəsi İngiltərədən də inkişaf etmiş vəziyyətdədir. Bu fakt da məsələnin əslində siyasi çərçivədə baş verməsini də sübut edir. Ümumiyyətlə Əsəd rejiminin vətəndaşlarına qarşı kimyəvi silahdan istifadə etməsi inandırıcı deyil. İngiltərə dünyada yeganə dövlətdir ki, hökumətin verdiyi qərardan xalq yalnız 50 ildən sonra xəbər tutur. Heç bir təbii resursları olmayan İngiltərə məhz təxribatları sayəsində dünyanın ən bahalı ölkələrindən birinə çevrilib. İngiltərə yeni resurslar əldə etmək üçün Suriyadakı qədim muzeylərdə toplanmış bahalı qənimətləri oğurlamağa çalışır. İngiltərə həmişə başqa-başqa dövlətlərdən onların ən bahalı tarixi əşyalalarını oğurlayaraq öz iqtisadiyyatını qurub". ("OLAYLAR" İA)