Səfirimiz Körfəz Əməkdaşlıq Şurasının Baş katibi ilə görüşüb
16 Aprel 2013 12:41 Siyasət
Azərbaycan Respublikasının Səudiyyə Ərəbistanı Krallığındakı səfiri Rasim Rzayev Körfəz Əməkdaşlıq Şurasının (KƏŞ) Baş katibi Əbdül Lətif bin Rəşid Əl-Zəyəni ilə görüş keçirib.
Görüş zamanı səfir Azərbaycan Respublikasının öz müstəqilliyini bərpa etdikdən sonra tarixən dini və mədəni köklərlə bağlı olduğu ərəb ölkələri ilə əlaqələrin hərtərəfli inkişafına və müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsinə xüsusi əhəmiyyət verdiyini bildirib. Azərbaycanla KƏŞ üzv dövlətlər arasında siyasi, iqtisadi, investisiya qoyuluşu, mədəni, təhlükəsizlik və bir sıra digər sahələrdə ikitərəfli əlaqələrin inkişaf etdirilməsinin vacibliyini vurğulayaraq, ölkəmizin KƏŞ dövlətləri ilə əlaqələrin inkişafına böyük maraq göstərdiyini və gələcəkdə də KƏŞ-lə birbaşa təmasların yaradılmasında maraqlı olduğunu bildirib. Azərbaycan və KƏŞ üzv dövlətlərinin hökumətləri arasında əlaqələrin genişləndirilməsi, qarşılıqlı səfər mübadilələrinin intensivləşdirilməsinin zəruriliyini qeyd edib.
Həmçinin, səfir Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində torpaqlarımızın 20%-nin işğal olunduğunu, 1 milyona yaxın həmvətənimizin qaçqın və məcburi köçkünə çevrildiyini, onların ağır şəraitdə yaşadıqlarını, habelə işğal altında olan torpaqlarımızda ermənilər tərəfindən etnik təmizləmənin aparıldığını və münaqişənin hazırkı durumu barədə məlumat verib. Münaqişə ilə bağlı beynəlxalq ictimaiyyətin rəyinin Azərbaycan üçün böyük əhəmiyyət kəsb etdiyini həmsöhbətinin diqqətinə çatdıraraq, beynəlxalq təşkilatlar çərçivəsində birmənalı şəkildə Ermənistanın təcavüzü məsələsində AR-ın mövqeyinin KƏŞ üzv dövlətləri tərəfindən daim dəstəkləndiyinə görə təşəkkürünü bildirib.
Azərbaycanda son illərdə həyata keçirilmiş iqtisadi islahatlar, ölkədə xarici investisiyaların qorunması və təşviqi üçün qəbul edilmiş qanunverici bazanın olmasını nəzərə alaraq, KƏŞ üzv dövlətləri tərəfindən ölkəmizə investisiya yatırılması üçün geniş imkanların olduğunu diqqətə çatdırıb.
Öz növbəsində Əbdül Lətif bin Rəşid Əl-Zəyəni, Azərbaycan ilə KƏŞ arasında əlaqələrin qurulmasının vacib olduğunu, KƏŞ-in Azərbaycanla bütün sahələrdə əlaqələrin inkişafına böyük əhəmiyyət verdiyini ifadə edib. O, ikitərəfli siyasi əlaqələrin inkişaf perspektivlərinə toxunaraq, KƏŞ üzv dövlətlərinin Azərbaycanla digər sahələrdə də əlaqələrin inkişafına xüsusi önəm verdiyini və Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı Azərbaycanın mövqeyini daim dəstəkləyəcəklərini də bildirib.
Görüşün sonunda KƏŞ Baş katibinə Ermənistan-Azərbaycan münaqişəsi, ölkəmizin tarixi, mədəniyyəti və turizminə dair kitab, jurnal və broşürlar təqdim edilib.