AXCP yol ayrıcında - SİYASİ ŞƏRH

Müsavatla müttəfiqlik pozulur, İctimai Palatada parçalanma meylləri artır

Müsavat Partiyasının seçki siyasəti, təkbaşına mübarizə taktikası müxalifət daxilində narazılığı artırıb. Artıq partiyalar aşkar etiraz edirlər. Ötən həftə İctimai Palatanın son toplantısında da narazılıq yaranıb, qarşılıqlı replikalar yadda qalıb. Xəbər saytlarının məlumatına görə, narazılıq AXCP Gənclər Birliyinin sədri Əbülfəz Qurbanlının çıxışı zamanı yaranıb. Qurbanlı deyib ki, İP siyasi dəyişikliyə nail olan addım ata bilməyib: "Tarixə düşmək üçün İsa bəyin namizədliyini dəstəkləyənlər İctimai Palatadan, AXCP-dən güclüdür? Müsavatçı dostlar məndən inciməsin. Sonra xalq kimə güvənəcək? Müxalifətin namizədi müəyyənləşməlidir. Gəlin son aksiyalarda cərimə olunanların siyahısına baxaq. Səmimi olaq, əksəriyyəti AXCP, digərləri isə yeni qoşulan gənclərdir. 3300 manat cərimə qalıb və onlar cəbhəçilərdir. İnsanlar bu problemlərlə mitinqə çıxmayacaqlar. Bu cərimələrin ödənilməsinə kömək edin". Müsavat Partiyası Gənclər Təşkilatının sədri Tural Abbaslı bildirib ki, təmsil olunduğu partiya müttəfiq olduğu AXCP-nin seçkilərə gedib-getməməsini bilmirsə, hansı şəkildə vahid namizəd məsələsi müəyyənləşə bilər? O, AXCP-nin aksiyalarda daha aktiv iştirak etməsi haqda adıçəkilən partiyanın Gənclər Təşkilatının sədri Əbülfəz Qurbanlının iradları ilə razılaşmadığını da qeyd edib. Göründüyü kimi hələki gənclər səviyyəsində üzə çıxan narazılığın arxasında partiya liderləri dayanır. Əbülfəz Qurbanlının  həyəcanlı çıxışı yeni başlanmış prosesin anonsu sayıla bilər. Türkiyədən yayınlanan "Azərbaycan saatı" verilişi ilə protest elektoratında AXCP-nin qazandığı avantaj, partiya sədrinin müavini Fuad Qəhrəmanlının Amerikada qəbul olunması və keçirdiyi görüşlərin yaratdığı eyforiya cəbhəçiləri mühüm qərarlar astanasına gətirib. AXCP gənclərinin liderinin açıq mətnlə İsa Qəmbərin namizədliyinin mənasızlığına eyham vurması, keçirilən aksiyaların əsas gücünün AXCP-yə düşdüyünü bildirməsi Əli Kərimlinin yol ayrıcında olduğunu sübut edir. Oxşar situasiya AXCP-nin 2003-cü ildə AMİP-lə, 2006-cı ildə ALP və AVİP-lə müttəfiqliyinin sonunda da yaranmışdı. O zaman da müttəfqiliyin pozulmasına bəhanə olaraq AXCP-nin daha əzabkeş olduğu söylənilirdi.  İndi də buna bənzər durum yaranıb. AXCP-nin mitinqdə daha çox zərbə aldığı, cərimələrin daha çox cəbhəçilərə kəsildiyi faktdır. Amma bu, müttəfiqliyin pozulması üçün bəhanədir. AXCP sadəcə, vahid namizəd olmaq istəyən Müsavat başqanı İsa Qəmbərin yanında sona qədər dayanıb "Müsavatın yedək partiyası" adını qazanmaq istəmir.  Son zamanlar müxalifət daxilində yaranmış vəziyyət də AXCP-nin Müsavatdan ayrılmaq istədiyini təsdiq edir. Adının çəkilməsini istəməyən İctimai Palata üzvlərindən biri bildirir ki, Müsavatın təkbaşına seçki taktikası onları narazı salıb: "Müsavat başqanı bilir ki, onlar prezident seçkilərində ciddi uğur qazana bilməyəcəklər. Ona görə də 2015-ci il parlament seçkilərinə, daha dəqiqi "siyasi bazarlığa" hazırlaşırlar. İsa Qəmbər çalışır ki, özünə və 10 Müsavat fəalına mandat ala bilsin. Müsavatın pozucu hərəkətləri müxalifəti təngə gətirib.  Yaxın günlərdə ümumüxalifətin toplantısında Müsavatla bağlı ciddi qərar qəbul oluna bilər". Mənbəmizin ADP-yə yaxın olduğunu və AXCP sədri haqqında ümidlə danışdığını nəzərə alsaq, ehtimal etmək olar ki, artıq müxalifət daxilində müəyyən danışıqlar və razılaşmalar var. Böyük ehtimalla, ADP-nin də içində olduğu və AXCP sədri Əli Kərimlinin prezidentliyə namizədliyini dəstəkləyəcək yeni seçki blokunun yaradılması müzakirə mövzusudur. Bu isə İctimai Palatanın dağılması, Müsavatın müxalifət daxilində dışlanması anlamına gəlir.

Ərhun Abbas

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00