Müxalifətin qeyri-sağlam mübarizə üsulu - AKTUAL

İlham Əliyevin qələbəsini qaçılmaz edəcək

Bu ilin oktyabrında Azərbaycanda növbəti prezident seçkiləri keçiriləcək. Müstəqil Azərbaycan Respublikasında sayca altıncı dəfə keçirilən bu seçkilərin əvvəlkilərdən fərqli və gərgin mübarizə şəraitində keçəcəyi həm hakimiyyət, həm də müxalifət tərəfindən etiraf edilməkdədir. Bu seçkilərin əvvəlkilərdən fərqliliyi ondan ibarətdir ki, bu dəfə seçkilərə xarici aləmdən daha çox ilgi var. Daha doğrusu Azərbaycandakı siyasi sabilikdən narahatçılıq keçirən və bu səbəbdən ölkədəki prosesləri öz xeyirlərinə dəyişmək istəyən bəzi xarici dairələr seçki prosesinə də ciddi təsir etmək niyyətini açıq şəkildə ortaya qoyurlar. Hələlik şimal qonşumuz olan Rusiya Federasiyası və cənub qonşumuz İran İslam Respublikasının timsalında özünü göstərən bu cəhdlər indiki məqamda Azərbaycan üçün o qədər də təhlükə mənbəyi hesab edilməsə də, seçkiyə qısa bir müddət qaldıqda Moskva və Tehranın təsir vasitələri ciddi təhlükə xarakteri daşıya bilər. Rusiyanın bu ölkədə yaşayan bir neçə azərbaycanlı oliqarxı təsir dairəsinə salaraq şimal qonşumuzdakı Azərbaycan diasporunun daxilində parçalanma yaratması, Kremlin maraqlarına xidmət edən yeni bir təşkilatın təsis edilməsinə dəstək verməsi, hətta birilərinin seçkilərdə Moskvanın adamı kimi seçki mübarizəsinə qoşulacağı barədə planlar deyilənləri təsdiqləyir. Paralel olaraq İranın da seçkiqabağı ölkədə dini zəmində qarşıdurma yaratma planlarını da nəzərə alsaq, oktyabr seçkilərinin həqiqətən də əvvəlki seçkilərdən fərqli formada baş tutacağını söyləyə bilərik. Son günlər "hicaba azadlıq" adı altında bir neçə nəfərin paytaxtda qarşıdurma yaratmaq və dövlət qurumlarına hücumlar təşkil etmək planlarının aşkar olunması cənub qonşumuzun da Azərbaycanda seçkiqabağı mühiti gərginləşdirmək planının artıq işə düşdüyündən xəbər verir.

***

Prezident seçkilərinin gərgin siyasi mübarizə şəraitində keçəcəyinə gəlincə isə, bunu namizəd iddiasında olanların sayından görmək mümkündür. Hələ seçkilərə 6 aydan artıq bir vaxt qalmasına və seçki prosesinə rəsmi start verilməməsinə baxmayaraq artıq 10-a yaxın siyasi prezident seçkilərində mübarizə aparacağını açıqlayıb və namizəd olaraq seçki mübarizəsinə qoşulacağını bildirib. Bu baxımdan prezident seçkilərinin gərgin mübarizə şəraitində keçəcəyi danılmazdır. Ancaq burada maraqlı məqamlardan biri ondan ibarətdir ki, gərgin seçki mübarizəsi iqtidarla müxalifət namizədi arasında deyil, müxalifətin öz namizədləri arasında gedəcək. Yuxarıda da qeyd etdiyimiz kimi seçkiyə altı aydan artıq vaxt qalmasına baxmayaraq Azərbaycanın müxalifət düşərgəsindən 10-a yaxın siyasi partiya və ya təşkilat liderinin namizəd kimi mübarizəyə qoşulacağını açıqlaması deyilənləri təsdiqləyir. Hətta vəziyyət elə bir həddə çatıb ki, 2010-cu ilin parlament seçkilərindən sonra İctimai Palata adlı qurumda təmsil olunan və cəmiyyətə yaxın müttəfiq kimi təqdim edilən Azərbaycan Xalq Cəbhəsi Partiyası və Müsavat Partiyasının liderləri də ayrı-ayrılıqda seçki mübarizəsinə qoşulacağını açıqlayıb. Dəfələrlə bu iki "mehriban düşmən"in eyni mövqedən çıxış etməsi, seçkilərə vahid namizədlə getməsi istiqamətində cəhdlər edilsə də, lakin partiyalar və onların liderlərinin bir-birini qəbul etməməsi, eləcə də şəxsi və qrup maraqları AXCP və Müsavat Partiyasının seçkilərdə birgə mübarizəsini qeyri-mümkün etdi. Artıq vəziyyət elə bir həddə çatıb ki, bu iki "müttəfiq" partiyanın  seçkilərdə birgə mübarizəsindən danışmaq mənasiz söhbətə çevrilib.  Hətta 3 il bir çətir altında olduqları İctimai Palata adlı qurumun yaxın müddətdə dağılacağı qaçılmaz olub. Bu azmış kimi sosial şəbəkələrdə AXCP və Müsavat funksionerlərinin bir-birilərinə qarşı səsləndirdikləri iradlar, birinin digərini pozuluq fəaliyyətlərində kəskin ittiham etməsi bu iki partiya arasında ziddiyətləri daha da artırıb.

Eyni situasiyanı digər siyasi partiya və birliklərə də şamil etmək mümkündür. Belə ki, Demokratik Qüvvələrin Məşvərət Məclisində təmsil olunan Azərbaycan Milli İstiqlal Partiyası, Klassik Xalq Cəbhəsi Partiyası, Liberal Partiyası, eləcə də digər siyasi dairələrin prezident seçkilərinə öz namizədi ilə gedəcəyini açıqlaması müxalifət düşərgəsinin prezident seçkiləri ərəfəsində necə böhranlı vəziyyətə düşdüyünü açıq göstərir. Qarşıdakı müddət ərzində daha onlarla müxalifət partiyası liderinin prezidentliyə namizədliyini açıqlayacağı şübhə doğurmur ki, bu da istər-istəməz Azərbaycan müxalifətinin seçkilərdən yenə də məğlub ayrılacağını qaçılmaz edəcək. Bu bir reallıqdır ki, müxalifət düşərgəsindən namizədlərin sayının çox olması bu düşərgənin malik olduğu elektoratın səsini bir neçə yerə parçalayacaq. Müxalifətin qeyri-sağlam mübarizəsi nəticəsində yaranmış olacaq situasiya isə Yeni Azərbaycan Partiyasının namizədi, cənab İlham Əliyevin növbəti müddətə qələbəsini təmin etmiş olacaq.

Əslində müxalifətin seçkidə bir və ya bir neçə namizədlə iştirak etməsi də mahiyyətcə heç nəyi dəyişməyəcək. Çünki hətta müxalifət seçkilərə vahid namizədlə getsə belə, bu düşərgənin seçkidə İlham Əliyevə qarşı ciddi alternativ olması qeyri-mümkündür. Çünki Azərbaycan müxalifətindən fərqli olaraq hakim partiyanın namizədi, cənab İlham Əliyev nəinki dövlət başçısı olduğu dövrlərdə, eləcə də Milli Məclisdə təmsil olunduğu illərdə, hökumətə rəhbərlik etdiyi zamanda xalqın böyük etimadını qazanıb. Özü də bu etimadi cənab İlham Əliyev gördüyü işlərlə əldə edib. Azərbaycan müxalifətindən fərqli olaraq İlham Əliyev xalqa boş vədlər verməyib, onu aldatmayıb. Dövlət başçısının əvvəlki seçkilərdə verdiyi vədlərin hamısının reallaşması birmənalı olaraq onu deməyə əsas verir ki, bu ilin oktyabrında keçiriləcək prezident seçkilərinin də şəriksiz qalibi məhz İlham Əliyev olacaq.

Süleyman İsmayılbəyli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00