İranda prezident seçkiləri: kim şanslıdı? - SİYASİ ŞƏRH
15 Aprel 2013 15:15 SiyasətElçin Hatəmi
İranda 11-ci dönəm prezident seçkisi ərəfəsində hökumət daxilindəki müxtəlif rəqib qüvvələr arasında qalmaqallar artmağa başlayıb. Bu qüvvələrin məqsədi öz namizədlərini nə yolla olursa olsun prezidentlik kürsüsünə gətirməkdi. Bu qüvvələr üçün xalqın səs verib verməməsinin heç əhəmiyyəti yoxdu. Bu ilin seçkisində 2 mühüm qüvvə iştirak edir. Biri hazırkı prezident Mahmud Əhmədinejadın, digəri isə ali dini lider ayətullah Əli Xamneyinin tərəfdarlarıdı. Bu qüvvələrin ikisi də fundamental və ideoloq qüvvələrdi. Son zamanlar mətbuatda, mediada iki tərəf bir-birinə qarşı ağır ittihamlarla çıxış edərək bir-birinə seçkiləri öz namizədlərinin xeyrinə saxtalaşdırmaq barədə xəbərdarlıq ediblər. Onlar arasında yaranan qalmaqalın şiddəti artmaqdadı. Ayətullah Xamneyi Əhmədinejad tərəfdarlarına üz tutaraq bir neçə müddət bundan qabaq üstörtülü demişdi ki, hər hansı bir qüvvə seçkiqabağı qalmaqal yaratmağa cəhd göstərirsə xəyanət edir. Kimsə Xamneyinin sözünə baxmadı. Bir tərəfdə İran inqilab keşikçiləri korpusu başda "SEPAH" olmaqla digər tərəfdə isə prezident Əhmədinejadın başçılq etdiyi qüvvə arasında dartışmalar qurtarmaq bilmir. Dini liderin SEPAHda nümayəndəsi Əli Səidi bir neçə ay qabaq seçkiləri məntiqə dayanaraq dəyişdirməyi bu hərbi təhlükəsizlik qüvvənin mühüm vəzifəsi adlandırmışdı. Bu izahatdan bir gün sonra prezident Əhmədinejad demişdi ki, kimsə xalqın seçkisini saxtalaşdıra bilməz və bu barədə hökümətin mövqeyi sərtdir, buna icazə verilməyəcək. Ayətullah Xamneyiyə bağlı olan radikal mühafizəkar qüvvələr "yolunu azmış qüvvə" adlandırdıqları Əhmədinejad tərəfdarlarının seçkiləri öz namizədlərinin xeyrinə saxtalaşdıracaqlarından narahatdılar. Bir çoxları Əhmədinejadın yaxın adamı olan İsfəndiyar Rəhim Məşayinin prezident tərəfindən namizədliyinin irəli sürüldüyündən söz açırlar. Xamneyi tərəfdarları isə xəbərdarlıq ediblər ki, əgər bu şəxs namizəd olarsa namizədliyi İran ana yasa şurası tərəfindən təsdiqlənməyəcək. Bu barədə İran ana yasa şurasının üzvü Ayətullah Məhəmməd Momeni yolunu azmış qrupun, yəni Əhmədinejad və tərəfdarlarına xəbərdarlıq etdi ki, şura bu qrupun prezidentliyə namizədinin səlahiyyətini təsdiqləməyəcəkdi. Bununla yanaşı Ayətullah Xamneyinin İsfahan vilayətindəki nümayəndəsi və bu şəhərin Cümə namazının imamı Məhəmməd Tağı Rəhbər Fardanews saytına verdiyi müsahibədə deyib ki, fitnə hərəkatı və yolunu azmış qrupların tərəfdarlarının öz namizədliyini irəli sürməyə heç bir haqqı yoxdur. Fitnə hərəkatı İran dövlətinin islahatçı müxalifləri olan Mir Hüseyin Musəvi və Mehdi Kərrubinin tərəfdarlarına Xaməneyinin yaxınları tərəfindən deyilir. Hazırda bu 2 müxalif lider evdə həbs ediliblər və onların ətraf mühitlə heç bir təmasları yoxdu və onların evləri təhlükəsizlik orqanlarının nəzarəti altındadı. İran ali məhkəməsinin sədri Ayətullah Sadiq Laricani də hökumətə xəbərdarlıq edib ki, kimsə seçkilərə bir xələl gətirə bilməz və bu barədə son sözü ali dini lider tərəfindən seçilən İran ana yasa şurası danışacaq və seçkinin nəticəsini təsdiqləyəcək. Əhmədinejad tərəfdarları da düşünürlər ki, seçkinin nəticəsi Ali dini liderə bağlı olan orqanlar və hərbi təhlükəsizlik qüvvələr tərəfindən öz namizədlərinin xeyrinə dəyişdiriləcək.. Əli Əkbər Vilayəti Xamneyinin ali məsləhətçisi, bir neçə gün öncə yaratdıqları "inkişaf üçün ittifaq" adlı seçki ittifaqının namizədi Xamneyinin nəzəri ilə qətiləşəcəkdi. Bu ittifaqda Xamneyinin qohumu və hazırda İran parlamentində deputat olan Qulam Əli Həddad Adil, Tehran şəhərbələdiyyəsinin sədri Məhəmməd Baqir Qalibaf və Əli Əkbər Vilayəti iştirak edirlər. Əli Xamneyinin bu üç nəfərdən birinin son namizəd olaraq bildirməsi gözlənilir.
Hazırda Xamneyiyə bağlı olan qüvvələr güclüdürlər və hökumət daxilində çoxluq təşkil edirlər. Bütün hərbi və təhlükəsizlik qüvvələri Xamneyinin əmrinə tabe idilər. Əhmədinejad və tərəfdarları nə qədər çalışsalarda öz namizədlərini prezdentlik kürsüsünə oturda bilməyəcəklər. SEPAH-in bir çox komandir və yetkililərinin son zamanlarda etiraflarına istinadən İranda 11-ci prezidentin Xamneyiyə yaxın birisi olacağı gözlənilir. SEPAH və Xamneyi elə bir prezdent istəyirlər ki, itaətkar və əmrə tabe birisi olsun. Bunuda fırıldaq və saxtakarlıq yolu ilə seçkinin qalibi elan etmək niyyətindədilər. Ayətullah Xamneyinin SEPAH daki nümayəndəsi 11 mart tarixində bu barədə deyib SEPAH bu prezident seçkilərinə biganə qala bilməz və seçilən prezdent hər kim olursa olsun gərək Ayətullah Əli Xamneyinin əmrinə itaət edə və onun fərman və planlarını icra edə. Əli Səidinin sözləri göstərirki, Xameneyiyə yaxın olmayan birisi və onun itaətkarı olmayan namizəd prezident seçilməyəcək. Əhmədinejad tərəfdarlarından başqa qrupların, xüsusilə islahatçı qüvvələrə məsub namizəd və xalq içindən çıxan müstəqil namizədlərin bu seçkini qazanma ehtimalı çox azdı, çünkü Xameneyiyə yaxın olan radikal teokrat və hərbi qüvvələr öncədən hər şeyi planlayıblar və seçkinin nəticəsini hərbi gücə dayanaraq öz namizədlərinin xeyrinə elan etmək istəyirlər və buda digər qrupların ölkənin siyasi səhnəsindən aradan qaldırılması ilə nəticələnəcəyi ilə yerinə otura bilər. Seçki sonrası da əgər hər bir güvvə etiraza qalxarsa onu hərbi qüvvələrin, özəlliklə SEPAH-ın gücü ilə zorakılıq tətbiq etməklə yatırda biləcəkləri ehtimal edilir. Güney Azərbaycan Milli hərəkatının bu seçkiləri boykot etmək və xalqa seçkiyə qatilmamaq üçün çağırış etmək millətimizin maraqlarına tam uyğundu. Çünkü bu seçki dövlət daxilində saxtakarlığa arxalanan bir rəqabətdi və nəticəsidə daha öncədən bəllidi. Bu namizədlər hansı qrupa mənsub olur olsunlar, Azərbaycan türklərini təmsil etmirlər və əgər prezident seçilsələrdə millətimizin əleyhinə fəaliyyət göstərəcəklər, bu səbəblərdən dolayı Azərbaycan millətinin bu seçkilərə qatılmaması və buna qarşı fəaliyyət göstərməsi ən ağıllı və məntiqi əməllərdən sayıla bilər.