Siyasi ölüm neçəyədir?
Ermənistanda siyasi ölülərin sırasına biri də əlavə olundu
15 Aprel 2013 11:04 SiyasətQəbristanlıqda sakitlikdir və yalnız aradabir hansısa məzardan xısın pıçıltı, sonra da nalə səsləri gəlir.
O səslər özünü canlı, şux hiss edən ölünün xırıltısı, sonra da zarımasıdır.
Siyasi məzarlıqdakı ölülər diriləri idarə etməyə çalışırlar, amma səylərinin nəticəsiz olduğunu və bundan sonra da bir sonuc verməyəcəyini hələ də dərk etmirlər.
Anlamaq istəmirlər.
Fevralın 18-də keçirilmiş prezident seçkilərindəki biabırçılıqlardan sonra ermənilər qanunlara tapınaraq haqlarını tələb etmək, saxtakarlıqların hədsiz olduğunu deyərək ədalət tələb etmək istəyirdilər.
Onlar prezident seçkilərinə namizəd qismində qatılmış çoxsaylı təlxəklər arasında İrs Partiyasının sədri Raffi Hovannisyanın nisbətən adekvat adam olduğunu düşünürdülər. Bu adam prezident postunda qalmağa çalışan və bütün səylərini bir məqsədə xərcləyən Serj Sarkisyanın alternativi sayılırdı hətta.
Anlaşılan durumdur, çünki ermənilərin total əksəriyyəti Yerevandakı hakimiyyətin stilindən narazıdır.
Serj Sarkisyan hakimiyyətinin son davranışları, xüsusilə də etiraz aksiyalarına qatılanlara divan tutulması müxalifətin xeyrinə olan olaylardır. Çünki Yerevandakı rejim aşkar şəkildə, bir daha göstərdi ki, ölkəni idarə edən özlərini feodal sayan qudurğanlar, harınlamış məmurlar və oliqarxlardır.
Adi ermənilərin bu insanlara nifrəti o qədərdir ki, Sarkisyan komandasındakı balaca feodalların beşinci istinad nöqtələrini qorumaq üçün polislə bahəm, hərbçilər də küçələrə çıxarılırlar.
Fəqət, hakimiyyətə dərin nifrət olsa da, müxalifət xalqın qəzəbindən, protest elektoratının qüvvəsindən və potensialından yararlana bilmir.
Halbuki Serj Sarkisyanın hakimiyyətdə qalmasına laqeyd münasibət bəsləyərək "pislərin içində bu pis də yaxşıdır" düşünən insanlar belə, özlərini sümüyünə bıçaq dirənmiş adamlar kimi hiss edirlər.
Nə olsun ki...
Serj Sarkisyan iqtidarı Ermənistanın indiki müxalifətindən qorxmur və çəkinmir. Bu iqtidar Yerevan küçələrindəki toqquşmalardan, "Rədd ol, Serj!" bağırtılarından da əndişələnmir, çünki toqquşmaları, yürüşləri, aksiyaları və bağırtıları elə özü təşkil edir.
Ermənistan müxalifətinin liderləri fasiləsiz şəkildə bəyan edirlər ki, Sarkisyan iqtidarı polis və hərbçilərdən yararlanıb etiraz aksiyalarını boğmasa, hakimiyyət devriləcək. Bir anlıq "kəpənək effekti"ni təsəvvür edək və hadisələrin alternativ məcrasını təxminləyək.
Düşünək ki, müxalifətçilər etiraz aksiyası keçirib, minlərlə insan küçələrə çıxıb, Sarkisyanın istefası tələb olunur və ermənilər prezident iqamətgahına yürüşə hazırlaşırlar.
Polislər və əsgərlər yolları kəsməyiblər, müxalifət fəalları tutulmayıblar, yol ayrıclarında da əllərində qalxan və dəyənək olan paqonlular durmayıblar.
Nə baş verəcəkdi?
Heç nə. İndi olduğu kimi, həmin aksiyaya da qatılanların tam əksəriyyətini təşkil edən "təsadüfi adam"lar meydana yığışacaq, amma sonra hakimiyyəti ələ almaq üçün Sarkisyanın dəftərxanasına yürüməyəcəkdilər.
Onlar iş-güclərinə gedəcəkdilər, çünki "yollar bağlı idi, işə gələ bilmədim" bəhanəsi effektiv olmayacaqdı.
Sarkisyan rejimi xalqdan xoflandığı üçün çox sərt davranır.
Halbuki daha yumşaq olmaq gərəkdir və nəticə də eynidir.
Məsələn, Raffi Hovannisyanın tərəfdarları bundan sonra da aksiya keçirmək istəsələr, əllərində şam və Konstitusiya tutacaq, "Ermənistan!", "Rədd ol, Serj!" bağıracaqlar. Sonra polis bu aksiyanın sanksiyalaşdırılmadığını, qanunsuz olduğunu deyəcək və mitinqi dağıdacaq.
Belə durumda heç şübhə yox ki, Raffi Hovannisyan əvvəlcə özü meydanı tərk edəcək, sonra da bu marionetkanın tərəfdarları dağılışacaqlar.
Bəlli ssenari, ənənəvi davranışdır. Raffiyə qədər Ermənistanda çox siyasətçi özünü az qala "millət atası", "xilaskar", "mövcud hakimiyyətin ən real alternativi" bəyan edəndən sonra tərəfdarlarını prezident iqamətgahına tərəf aparıb. Və yürüşə çıxanlar iqamətgaha çatmamış pərən-pərən düşüblər.
Raffi Hovannisyan həmişəki kimi yalan danışır və bütün erməni "müxalifət liderləri"nin indiyədək dediklərini təkrarlayır: "Hakimiyyətin qəddar davranışı olmasaydı, xalq..."
Və sair və ilaxır - dəfələrlə eşidilmiş ifadələrdir.
Halbuki Serj Sarkisyan diktokratiyasını devirmək üçün şam və Konstitusiya o qədər də əlverişli nəsnələr deyil.
Ermənistanın sabiq prezidenti, Erməni Milli Konqresinin lideri Levon Ter-Petrosyan kimi, Raffi Hovannisyan da boşboğaz, demaqogiyanı siyasi fəaliyyət prinsipinə döndərmiş yararsız, qorxaq adam, həddən ziyadə pis təşkilatçı və bivec liderdir.
İrs Partiyasının sədri pafoslu, gurultulu, amma ziddiyyətli çıxışları ilə özünü dalana salıb.
Hovannisyanın seçdiyi mübarizə yolu əhalinin geniş kütləsinin qəzəbli donqultuları və "Bu hakimiyyət bizi boğaza yığıb" açıqlamalarından savayı heç bir effektə hesablanmayıb. Halbuki başqa "lider"lər təki, Hovannisyan ermənilərə yeni, demokratik, vətəndaşın insan sayıldığı dövlət vəd edib.
Ən nəhayət, Hovannisyanın digər ciddi səhvi onun "mübarizənin intensivlik və aktivliyinin pik nöqtəsi" ilə bağlı konkret tarixlər göstərməsidir. Məsələn, prezident seçkilərindən sonra İrs Partiyasının sədri durmadan deyirdi: "9 aprel mübarizənin qətiyyətinin zirvəsi, müxalifətin mübarizə və müqavimətində pik olacaq".
Erməni müxalifətinin də ən ciddi səhvlərindən biri həmişə dəqiq vaxt və tarixlərdən bəhs etməsidir. "Qaynar" payız, qış, bahar və yay vədləri, habelə bir həftə, ay və ildən sonra qələbə öhdəlikləri, sonra da qələbəyə və vədlərin reallaşmasına doğru hər hansı irəliləyişin yoxluğu təəssüf, pərişanlıq hissləri yaradır, insanların müxalifət partiyalarına olan inamı itir və sonucda müxalifət özünə zərbə vurur, özünü korlayır.
Hovannisyan da prezident seçkilərindən sonra sürəkli olaraq "sabah", "aprelin 9-da" ifadələrini söylədiyindən kütlə onu fitə basır indi.
Axı kütlə aprelin 9-da İrs Partiyasının inauqurasiyasını gözləyirdisə, aldığı yenə də işıqlı gələcəklə bağlı vədlər oldu.
Yaşananlar ermənilərə gələcəkdə gərək ola biləcək siyasi müntəxəbatdır. Əsas problem özlərini müxalifət lideri elan edənlərin fərdi məsuliyyətlə xəyalları və istəkləri, real qüvvələri ilə niyyətləri arasında uyğunluğa, harmoniyaya nail olmamalarıdır. Belə harmoniya yoxdursa, qeyri-adekvat siyasi şərait, məsuliyyətsizlik mühiti formalaşır və durum iqtidarın tam nəzarətinə keçir.
İdarə olunma məsələsi isə fevralın 18-də keçirilmiş prezident seçkiləri adlı şoudan sonra erməni müxalifəti üçün ikinci dərsdir.
Əvəzolunmaz müəllim isə Levon Ter-Petrosyan ola bilər. 2008-ci ildən sonra onun fəaliyyəti yarıtmazdır, doğru - amma ermənilərin "Qoca tülkü" adlandırdıqları sabiq prezident rəhbəri olduğu struktura tam nəzarət edir.
O, kütlənin və meydanın tələblərinə uymayaraq siyasi tələbat, sözlərlə əməllər arasında harmoniya ilə bağlı fərdi təsəvvürlərinə xəyanət etməyərək meydanda insanları mübarizəyə çağırdı, sonra isə "dialoq" adı ilə Sarkisyan rejimi ilə sövdələşdi.
Prezident seçkiləri ərəfəsində Ermənistandakı müxalifət simasını, seçkilərdən sonra hadisələrə təsir imkanlarını, aprelin 9-dan sonra isə ümidini və situasiyadan bəhrələnmək imkanlarını itirib.
Məntiqlə belədir, amma sadəcə, zahirən.
Hadisələrin əsl batini isə odur ki, yaşananlar müxalifətlə hakimiyyət arasında hələ prezident seçkiləri başlamazdan əvvəl əldə edilmiş razılaşmalar və hesablanmış sövdələşmələrin təsbitlənən modelidir.
Seçkilərdə müxalifət qəfil nəticələrlə, seçicilərin gözlənilməz davranışı, yəni səslərin 36,8 faizinin Raffi Hovannisyana verilməsi ilə qarşılaşdılarsa, sonradan hakimiyyətə qarşı durduqlarını bəyan edən partiyalar bütün ümidlərin fiaskosu və "prezident" Raffi Hovannisyanın döyülüb yerə yıxılmasının şahidi oldular.
Raffi Hovannisyan indi deyir ki, olayların belə inkişaf edəcəyini, iqtidarın qəddarlığını və amansızlığını təsəvvür edə bilməzdi.
Ola bilər.
Lakin müxalifət liderliyinə, xalqın xilaskarlığına və guya yaxşı siyasətçiliyə iddialı adam hadisələrin arxasınca qaçmaq əvəzinə bu proseslərin yaşanmasına imkan verməməli idi.
Ermənistandakı müxalifət düşərgəsindəki partiyalarla həmin təşkilatları saxlayan, bəsləyən və lazım olanda ortaya atan qüvvələrin düşünmək üçün mövzuları var.
Novruz Sultanov
Milli.Az