"Uzun illər insanları aldadaraq..."
"Müsavat başqanı İsa Qəmbərin guya regionlarda görüş keçirməsi ilə bağlı yayılan xəbərlər yalançı təbliğatdan başqa bir şey deyil".
15 Aprel 2013 11:02 Siyasət"Onlar Azərbaycan vətəndaşlarından daha çox, ayrı-ayrı xarici güclərin maraqlarının ifadəçisi kimi çıxış edirlər. Bütün bunlar qrant layihələri üçün şəkil çəkdirmək mərhələsidir. Onlar bu şəkilçəkdirmə mərasimi ilə onlara ayrılan müəyyən vəsaitin xərclənmə istiqamətini göstərirlər. Bu da pul silməyin bir yoludur".
Bu sözləri Milli.Az-ın əməkdaşı ilə söhbəti zamanı Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini Elçin Mirzəbəyli bildirib.
Onun sözlərinə görə, hər görüşdə faktiki olaraq eyni adamlar iştirak edirlər. Orada çəkilən fotoşəkillər qabarıq şəkildə yayımlanmır. Mirzəbəyli hesab edir ki, bu məqama xüsusi diqqət yetirmək lazımdır.
Bu texnologiyanın Müsavat partiyası tərəfindən uzun illər istifadə olunduğunu xatırladan E.Mirzəbəyli bildirib ki, burada rayonda yaşayan insanlarla görüşdən söhbət getmir. Bu görüşlərdə iştirak etmək üçün partiya Bakıdan bir neçə maşınla rayona adamlar aparır.
"Eyni adamlar bir neçə maşınla toplaşıb harayasa gedirlər, rayon təşkilatlarından bir neçə nəfər gəlir və görüş keçirirlər. Bunu da rayonlarda görüş kimi qələmə verirlər. Bu görüşlərdə iştirak edən adamların sayı da hər dəfə daha da azalır", - BAXCP rəsmisi qeyd edib.
E.Mirzəbəyli hesab edir ki, Müsavat partiyası tərəfindən aparılan bu təbliğatın heç bir effekti yoxdur. Onun sözlərinə görə, onlar ətraflarında olan bir-iki nəfər insana müəyyən ümidlər vermək üçün bu cür təbliğat aparırlar.
"Uzun illərdir ki, insanları aldadaraq bəlli bir yerə qədər gətirib çıxarıblar. Nəinki verdikləri vədlərə, hətta öz partiyaları daxilində belə demokratik proseslərin inkişafına nail olan bilməyiblər", - o vurğulayıb.