Sərdar Cəlaloğlu da el qınağına gələcək

Elxan Zal: “Səməd Vurğunu təhqir etmək etikadan kənar bir şeydir”

"Hazırda insanlar ziyalıları söyməklə tanınmaq istəyirlər. Çünki mətbuat buna daha tez reaksiya verir. Sərdar Cəlaloğlu da siyasətçidir və xalqdan gileylənir. Söhbət ondan gedir ki, Azərbaycan xalqı bunları niyə dəstəkləmir. Siyasətçilər də o tonda giley-güzarlarını ziyalıların üzərinə tökürlər ki, guya ziyalılar xalqı düzgün istiqamətə yönəltmirlər". Bunu "Olaylar"a açıqlamasında şair, publisist Elxan Zal deyib. O, əlavə edib ki, Sərdar Cəlaloğlu mətbuata verdiyi müsahibəsində Səməd Vurğunu "dılğır" adlandırır, guya o, Qacar şahı tarixdən silib, Vaqifi qaldırıb. Başqa bir məqamda Həcəri təhqir edir: "Əslində Nigar, Həcər tarixi şəxsiyyətdən başqa Azərbaycan xalqının yaddaşında daşlaşmış, heykəlləşmiş bir mifdir. İndi xaricdən Azərbaycanda mifləşmiş, heykəlləşmiş stereotipləri dağıtmaq ideyaları gəlir. Yəni, qloballaşma deyilən bir siyasəti həyata keçirmək üçün milli məfkurə, milli mentalitet məhv olmalıdır. Belə bir tendensiya var ki, ziyalılar xaricdən maliyyələşir. Yəqin Sərdar Cəlaloğlu da belə bir şeydə iştirak edib. Hesab edirəm ki, Səməd Vurğunu təhqir etmək etikadan kənar bir şeydir, bu, Səməd Vurğunu kiçiltmir. Cəlaloğlunun bu açıqlaması isə bütün Qulluverə meydan oxumasına oxşayır. Səməd Vurğun yeni Azərbaycan ədəbiyyatının elə bir sütunudur ki, 40-50 ildir ki, o sterotipi heç kim dağıda bilməyib. Onun yaratdığı obrazlar yaddaşlarda daşlaşır. Əlbəttdə, Qacar da, Nadir də bizimki olublar. Amma Bəxtiyar Vahabzadə demişkən "şahlar bizim olub, zəfər özgənin". Elxan Zal deyib ki, S. Cəlaloğlu özünü ziyalı sayırsa, Azərbaycan şahlarını cəmiyyətə tanıtdırmaq üçün bir kitab yazsın. Məsələn, Yunus Oğuz kimi- Hadir şah, Təhmasib şah haqqında kitab yazaraq tarixi şəxsiyyətlərimizi cəmiyyətə tanıdıb. Elçin Əlibəyli kimi: "Bunlar əziyyət çəkib, ortada yazılar var. Kimisə təhqir etməklə özünü gündəmə gətirmək çox cılız işdir. Hesab edirəm ki, Sərdar Cəlaloğlu da el qınağına gələcək. Belə bir məsələ bir dəfə də olmuşdu. Rəhmətlik Akif Səməd Həcəri təhqir etmişdi. Onda Qarabağ camaatı elə bir el qınağı təşkil etdi ki, o, iki ay Bakıya hərlənə bilmədi. Təəssüf ki, biz ictimai, el qınağından istifadə etmirik. Elə şeylər var ki, onları təhqir etmək olmaz. Harada görünüb ki, ingils Şekspiri, rus Puşkini, gürcü Rustavelini təhqir etsin?! Belə tendensiya yalnız bizdə var. Belə halların qarşısının alınmasından ötrü bu cür adamlar heç olmasa mənən cəzalandırılmalıdır".
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00