Slovakiya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir
Oqtay Əsədov: “İşğalçı başa düşməlidir ki, zəbt olunmuş Azərbaycan torpaqları heç vaxt Ermənistana qalmayacaq”
12 Aprel 2013 15:44 SiyasətMilli Məclisin Sədri Oqtay Əsədov Slovakiya Respublikası Baş nazirinin müavini, Xarici və Avropa işləri naziri Miroslav Layçakın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Milli Məclisin mətbuat xidmətindən "Olaylar"a verilən məlumata görə, görüşdə spiker qeyd edib ki,
dünyəvi, demokratik dövlət quruculuğu yolu ilə addımlayan Azərbaycan Avropa strukturları ilə inteqrasiyaya böyük önəm verir. Azərbaycan bu gün Avropanın enerji təhlükəsizliyi arxitekturasına öz layiqli töhfəsini verməkdədir. Ölkəmiz qlobal enerji layihələrinin reallaşmasında fəal iştirak edir. Heç də təsadüfi deyil ki, Cənubi Qafqazın ümumi daxili məhsulunun 80 faizi Azərbaycanın payına düşür. Bu gün bölgədə heç bir layihə Azərbaycanın iştirakı olmadan reallaşmır.
Müstəqil Azərbaycanın paytaxtı Bakı beynəlxalq tədbirlərin keçirildiyi bir mərkəzə çevrilmişdir. Yaxın gələcəkdə Parlamentlərarası İttifaqın 130-cu və ATƏT PA-nın növbəti sessiyalarının Bakıda keçirilməsi nəzərdə tutulur. Sədr bildirib ki, sürətlə inkişaf edən Azərbaycanın Dağlıq Qarabağ kimi problemi var: "İşğalçı başa düşməlidir ki, zəbt olunmuş Azərbaycan torpaqları heç vaxt Ermənistana qalmayacaq. Biz münaqişənin beynəlxalq hüquq normaları çərçivəsində, ölkələrin ərazi bütövlüyü prinsipinə uyğun həllinə tərəfdarıq. İnanırıq ki, beynəlxalq birliyin dəstəyi ilə problem tezliklə öz ədalətli həllini tapacaq". Miroslav Layçak Dağlıq Qarabağ məsələsinin həllində ölkəsinin həmişə Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşdığını xüsusi vurğulayıb.