İranla birləşək, amma ölkə Azərbaycan adlansın - SİYASİ ANALİZ
Dərbənddən Kəngər körfəzinə qədər torpaqların tarixi sahibi türklərdir
12 Aprel 2013 15:09 Siyasətİran parlamentinin bir neçə deputatının Azərbaycan Respublikası haqqqında verdiyi bəyanatlar Azərbaycan cəmiyyətində hələ də müzakirə olunur. İranlı deputatlar tarixi "Gülüstan" və "Türkmənçay" müqavilələrinin ləğv edilməsini tələb ediblər. Xatırladaq ki, ötən həftə jurnalsitlərə açıqlamasında İran parlamentinin Urmiyadan seçilmiş deputatı Nadir Qazipur demişdi ki, Azərbaycan Respublikası İrana qarşı siyasətində düzəliş etməsə, iranlı deputatlar parlamentdə Türkmənçay müqaviləsini gündəmə çıxaracaq, ona yenidən baxılmasını tələb edəcəklər: "Əgər Azərbaycan rəsmiləri münafiqlərə (İran hakimiyyətinin ən güclü və təşkilatlandırılmış müxalif qrupu olan İran Xalq Mücahidləri Təşkilatı - red.) və əks-inqilabçılara sığınacaq versə, Ərdəbil, Təbriz və Urmiyadan seçilmiş azərbaycanlı deputatlar hazırladıqları birgə layihəni İran parlamentinə təqdim edəcək, "Türkmənçay müqaviləsi"nə yenidən baxılmasını tələb edəcəklər. Azərbaycan Respublikası bir neçə ildir ki, müstəqil olub. Lakin əgər qanunlara yenidən baxılsa, Azərbaycan Respublikasının ərazisi İrana aiddir. Əgər Azərbaycan rəsmiləri sionistlərin oyunu ilə oynayıb İrana qarşı fitnə törətsələr, o zaman İran parlamentindəki azərbaycanlı deputatlar da İran xalqının nümayəndələri kimi "Türkmənçay müqaviləsi"nə yenidən baxılması məsələsini qaldıracaqlar". İran parlamentinin daha bir türk deputattı, Urmiyadan seçilmiş Seyid Salman Zakir də oxşar fikir səsləndirmişdi. Ərdəbildən olan deputat Kəmaləddin Pirmoazzən isə parlamentin azərbaycanlı deputatlarının qanun layihəsini yaxın vaxtlarda hazırlayacaqlarını bildirmişdi. Onun sözlərinə görə, Rusiya ilə 1828-ci ildə imzalanan müqavilənin müddətinin bitdiyini nəzərə alaraq İranın şimal regionlardan olan deputatların forumu qərara alıb ki, bu sənədə yenidən baxılsın. Azərbaycan parlamentinin deputatları iranlı həmkarlarına cavab veriblər. Onlar bildiriblər ki, tarixi müqavilələrin ləğvi mümkündür. Həqiqətən də Azərbaycan türklərini ikiyə ayıran yuxarıda sözügedən müqavilərin ləğvi, ikiyə ayrılmış xalqın birləşməsi tarixi prosesdir və bu, hökmən baş verəcək. Məsələ burasındadır ki, İran parlamentariləri bu məsələnin panfarsizmin ideya-siyasi prizmasından həllinin tərəfdarıdırlar. Fars şovinistləri "Qafqazın 17 şəhəri İranındır" iddiasını tez-tez irəli sürürlər. Azərbaycan Respublikasına "Şimali İran" deyə xitab edirlər. Hesab edirlər ki, İran parçalanıb" və birləşməlidir. Bu məsələdə həqiqət var. Həqiqətən də 1813 və 1928-ci il müqavilələrinə əsasən Rusiya imperiyası sonralar ərazisində 3 müttəfiq Sovet respublikası, bir neçə muxtar qurum yaradılmış Cənubi Qafqazı indi İran adlanan dövlətdən ayıraraq ilhaq edib, özünə birləşdirib. Amma məsələ burasındadır ki, o zaman "İran" adlı dövlət yox idi. Eramızın 642-ci ilindən fars dövlətçilyi ərəblər tərəfindən ləğv edilib. O vaxtdan Azərbaycan və İran ərazilərini türk sülalələri idarə edirlər. Səfəvilər, Avşarlar və Qacarlar növbə ilə hakimiyyətdə bir-birini əvəz ediblər. Ruslarla yuxarıda sözügedən müqaviləni də azərbaycanlı şahlar-Qacarlar imzalayıb. O zaman dövlət Qacar Məmləkətləri Birliyi adlanırdı. Fətəli şah Qacarın oğlu, ruslarla döyüşdə böyük şücaətlər göstərmiş Abbas Mirzə Təbrizdə əyləşirdi və "Azərbaycan vəlihədi" adlanırdı. Bu o zaman idi ki, "İran" adı siyasi xəritədə yox idi. İran adı siyasi xəritəyə 1924-cü ildə ingilis, fransız və rusların köməyi ilə Azərbaycan qacarları əvəz etmiş fars Pəhləvi sülaləsinin Millətlər Cəmiyyətinə müraciəti əsasında 1936-cı ildə qəbul edilib. Bundan 16 il əvvəl isə Millətlər Cəmiyyəti "Azərbaycan Xalq Cümhuriyyəti" adlanan dövləti rəsmən tanımışdı. Hazırda İran adlanan dövlət türklərlə farsların ortaq dövlətidir. "Gülüstan" və "Türkmənçay" müqavilələri ilə farslar parçalanmayıb, Azərbaycan türkləri parçalanıb. Birləşmək azərbaycanlılarn doğal haqqıdır. İranın "ruslar tərəfindən işğal olunmuş 17 şəhəri" dedikləri Azərbaycan şəhərləridir. Sonradan Gürcüstana verilmiş Tiflis tarixi türk şəhəridir və adı mənbələrdə "Tiflis xanlığı" olaraq çəkilir. İrəvan xanlığı türk feodal dövləti idi, sonralar Rusiya inperiyası orada "Erməni vilayəti", sonra isə "Ermənistan SSR" yaratdı. Türk şəhəri Dərbənd Dağıstan Muxtar Respublikasına verildi. Dərbənddən tutmuş Tiflisə, Borçalıya, İrəvana qədər torpaqlar türklərin olub və bu gün həmin ərazilərə yalnız Azərbaycan türkləri iddia edə bilər. İran adlanan dövlətin Kəngər körfəzinə qədər əraziləri tarixi Azərbaycan türk torpaqlarıdır. Bu baxımdan birləşmə olsun, amma "İran" yox, Azərbaycan adında! Fikrimizcə, bu cür, bu adla birləşmə tarixi ədalətin bərpasına yol açardı.
Hüseyn Meşkinli