AŞ Azərbaycanla əməkdaşlıqda maraqlıdır

Bakıda səfərdə olan Avropa Şurası Nazirlər Komitəsinin Demokratiya üzrə Məruzəçilər Qrupuna  daxil olan bir neçə ölkənin səfirləri Milli Məclisdə Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvləri ilə görüşüblər. Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin rəhbəri, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Avropa Şurasının Nazirlər Komitəsinin Demokratiya üzrə Məruzəçilər Qrupunun fəaliyyətinin əhəmiyyətindən danışaraq bildirib ki,  inkişaf edən Azərbaycanla işləyən hər bir qurumun obyektiv, şəffaf və qərəzsiz mövqeyi bizim üçün çox vacibdir. Azərbaycan qısa zamanda dünyada və regionda böyük nailiyyətlər əldə edib. Paytaxt Bakı dünyanın siyasi liderlərinin, iqtisadiyyatı idarə edənlərin toplaşdığı beynəlxalq tədbirlərə ev sahibliyi edir. Bu günlərdə Dünya İqtisadi Forumunun Bakıda keçirilməsi buna əyani sübutdur.

S.Seyidov bildirib ki, Azərbaycanın müxtəlif sahələrdə əlaqələri daim genişlənir. Lakin Avropa Şurasının tamhüquqlu üzvü olan Azərbaycanın torpaqlarının bu beynəlxalq təşkilatın digər üzvü Ermənistan tərəfindən işğal olunması bu inkişafa ciddi mane olur və eyni zamanda, bütöv bir regionda təhlükəsizliyə ciddi təhdiddir. Biz bu məsələdə Avropa Şurası Nazirlər Komitəsinin beynəlxalq hüququn aliliyini təmin etməsini istəyirik. Bu istiqamətdə də əməkdaşlığa hazırıq.

Söhbət zamanı Polşanın Avropa Şurası yanındakı daimi nümayəndəliyinin rəhbəri, səfir xanım Urszula Qaçek bildirib ki, Avropa Şurası Nazirlər Komitəsinin Demokratiya üzrə Məruzəçilər Qrupu Azərbaycan ilə əlaqələrin inkişafında və faydalı qarşılıqlı əməkdaşlıqda maraqlıdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00