“Ərəb baharı” Tehranın planlarını alt-üst etdii - REGİON
İran təklənib, ölkənin taleyi isə sual altındadır
11 Aprel 2013 15:27 Siyasət2010-cu ildə "Ərəb baharı"nın başlanmasının ərəfəsində İran demək olar ki, Yaxın Şərqdə ən güclü dövlətlərdən biri idi. Ancaq "Ərəb baharı" adı ilə qəflətən başlanan və ətraf ölkələrə ildırım surəti ilə yayılan hərəkat, İran diplomatiyasının son 20 ildəki nailiyyətlərini bir neçə ay ərzində heç etdi. Tehran qısa bir zaman içində bütün mövqelərini demək olar ki, itirdi, hal-hazırda isə ölkənin müqəddəratı da təhlükə altındadır. "Ərəb baharı" başlayanda bir çox siyasətçı, analitik və Yaxın Şərq üzrə mütəxəssislər bu hərakatın start düyməsini basan barmağın məhz Tehranın barmağı olduğunu iddia etdilər. Belə bir fikir yayıldı ki, regionun surətlə islamlaşması və hərəkatların islami şuarlarla çıxış etməsi İrana sərf edən bir ssenaridir və Tehranın o zamanlar güclü olan mövqeləri daha da güclənəcək. Bu fikirə Tehranda oturan bəzi başı sarıqlılar da inandı və bir çox ayətullah da ərəb inqilabını alqışladı, bu inqilablarla öz həmrəyliyini nümayiş etdirməyə başladı. Bir neçə ay sonra məlum oldu ki, inqilabın gətirdiyi yaşıl dalğa bölgədə İranı tam olaraq siyasi cəhətdən təcrid edəcək bir axarda hərəkət edir. "Ərəb baharı"nın ilk aylarında Tehran "Həmas"ı və Türkiyəni itirdi, hal-hazırda isə Suriya və Livan da İranın əlindən gedir. Hadisələrin gedişatı isə onu göstərir ki, bir neçə ay sonra Tehranın özü də bu dalğaya qurban gedə bilər. Ancaq 2-3 il əvvəl hər şey Tehran üçün nə qözəl məcrada gedirdi. 2000-ci illərin əvvəlində İran ciddi diplomatik və siyasi nailiyyətlər əldə edə bildi. İranın bölgədə ciddi və güclü bir dövlət olmasının əsas səbəbkarı Tehranda "Böyük Şeytan" adı ilə tanınan və rejimin ən böyük düşmanı olaraq bilinən ABŞ idi. Terrorla mübarizə şuarı ilə yola çıxan Vaşinqtondakı "ağıllılar" İranın ən böyük və təhlükəli düşməni olan Səddam Hüseyn və "Taliban"ı məhv edərək İran üçün Yaxın Şərqdə meydan sulamaq üçün şərait yaratdılar. Fələyin bu gözlənilməz şıltaqlığını təəccüb və sevinclə qarşılayan saqqallı generallar ABŞ hərbçilərinə Əfqanıstan və İraqda bütün hərbi əhəmiyyətə malik obyektlərin yerini şəxsən göstərdilər, gizli olaraq öz hava və dəniz sahələrini ABŞ və NATO güclərinə açaraq qonşularına quyu qazılmasında canfəşanlıqla fəal iştirak etdilər. İraqın işğalı isə Tehran üçün tam bir göydəndüşmə fürsət oldu. Səddam Hüseyn rejiminin çöküşündən sonra başlanan vətəndaş müharibəsini də bir şans olaraq görən Tehran xaos və hərc-mərclikdən istifadə edərək İran əleyhdarı olan bir çox iraqlı şiə liderini ortadan götürdü. ABŞ isə Tehran əleyhdarı olan sünni liderləri öz tərəfinə çəkərək ölkədə və regionda güclənmək üçün istifadə etmək əvəzinə, bu şəxslərin demək olar ki, hamısını yox etdi. Fikrimizcə, kim deyirsə ki, Amerikada Yaxın Şərqi yaxşı bilən mütəxəssislər var o, heç nə bilmir. Bölgəni yaxşı bilən mütəxəssisi olan bir supergüc girdiyi yerdən başını götürərək qaçmaz, o bölgədən dost olaraq ayrılar. Vaşınqton bunu bacara bilmədi, "texaslı kovboy" isə bölgəni qan çanağına çevirərək ölkəsini və özünü də rüsvay edib, Dallas yaxınlığında yerləşən səhradakı rançosuna ördək bəsləməyə getdi . ABŞ isə öz gücünü və beynəlxalq nüfuzunu Beynəl -Nəhreyn çöllərində itirdi. İndi isə Cənubi Amerikadaki bəzi savadsız başı lələkli prezidentlər Vaşinqtona "Əlvida dostum, Hudzon körfəzinə qədər yolun var" deyir.
Nəticədə hazırda İraqın 3/2- nə İran nəzarət edir və heç kim üçün sirr deyil ki, Nuri Əl-Maliki Tehranın adamıdır. İran Bağdaddakı nüfuzunu açıq şəkildə nümayiş etmir, çünki Amerikanın İraqdan ən qısa zamanda çıxmasını gözləyir, buna baxmayaraq Tehran aktiv şəkildə İraqdan Yaxın Şərqi qarışdırmaq məqsədi ilə bir alət kimi istifadə edir.
Səddam Hüseynin süqutundan sonra İran "Hizbullah" və "Həmas"ı da yanına çəkərək Yaxın Şərqdə öz mövqeyini gücləndirməyə başladı. "Hizbullah"ın vasitəsilə Tehran Livandakı mövqelərini çox tezliklə möhkəmləndirməyə nail oldu. 2006-cı ildə Livan müharibəsindəki İsrailin siyasi məğlubiyyəti isə Tehranın Beyrutdakı əlini daha da gücləndirdi. Qəzzada "Həmas"ın hakimiyyətə gəlməsi isə Tehranın güc və nüfuz baxımından bölgədə Misir bərabər ən güclü və nüfuzlu dövlət səviyyəsinə çıxmasına imkan verdi. Kiçik Corc Buş zamanında bölgədəki antiAmerikanizm dalğasının artması da İran üçün bir şans idi.
Mahmud Əhmədinejadın sərt antiAmerikan və antiİsrail mövqeyi və çıxışları ona ən qısa zamanda ərəb şəhərlərinin kasıb məhəllərinin küçə qəhrəmanı adını qazandırdı. Amerikanpərəst mövqedə duran yerli mütləq rejimlər öz ölkələrində legitimliklərinin əldən getdiyini və İranın gücünün zərərverici bir səviyyəyə çıxdığını hiss etməyə başladılar.
Ən böyük zərbə Səudiyyə Ərəbistanının mövqelərinə dəydi. Ər-Riyadın bütün antiiran ittifaq qurma cəhdləri ardarda boşa çıxdı. Bəzi hakim dairələr kütləvi etirazlardan, bəziləri İranın hərbi gücündən çəkinirdi, bəziləri isə Tehranla Ər-Riyad arasındakı qarşıdurmadan öz mənafeləri üçün istifadə etmək üçün hər hansı bir ittifaqa girməkdən boyun qaçırırdı.
Nəticədə bir çox kral, şeyx, seyid və sultan tək çıxış yolunu Qərbin İrana qarşı hərbi hərəkatların başladılmasında görməyə başladı. Ancaq ağıllı Vaşınqton strateqləri güclərini İraq və Əfqanıstanda boş yerə xərcləyərək belə bir əməliyyat ehtimalını sıfra endirmişdilər. Bəziləri İran tərəfindən Hörmüz boğazının kəsilməsindən, bəziləri Qətər və Kuveytə Tehranın endirəcəyi zərbədən, bəziləri "Həmas" və "Hizbullah"ın törədəcəyi terror aksiyalarından çəkinərək bu işə girmədi. Bölgədəki tək "Dəli" olan Dəliqanlı Səddam isə çoxdan yerin altında qurdlara ziyafət verirdi. 2008-ci ilin payızında baş verən iqtisadi böhran isə hər şeyi alt-üst etdi.
Gözlənmədən başlayan "Ərəb baharı" dalğası İranın ən böyük rəqibi olan iki rejimi Misirdə Hüsnü Mübarəki və Liviya inqilabının 40 illik lideri olan Müəmmər Qəddafini məhv etdi.
İlk baxışda Tehranın qarşısında sərbəst hərəkət etmək üçün operativ bir sahə açılmışdı. Bölgənin ən böyük neft gücü olan və bu sahədə Tehranı ciddi şəkildə neft bazarından sıxışdıran Liviya xaosa qərq olmuşdu, regionun ən güclü hərbu gücü olan Misir isə ölkədəki daxili münaqişə üzündən demək olar ki, can çəkişirdi. Tehrandakı mollalar isə gülərək 1978-ci ildə İsraillə imzalanan Kemp-Devid sazişinin ləğv edilməsinin xəyalı ilə əllərini ovuşdururdular.
Ancaq Tehranda unudulan bir faktor var idi. Mollalar Ankarada oturan Rəcəb Tayyib Ərdoğanı yaddan çıxarmışdılar. Ərəb dalğası başlayanda Ankara ilə Tehran bir çox sahədə geniş şəkildə əməkdaşlıq edirdilər. Bəzilərinin fikrincə, hətta Türkiyə ilə İran Yaxın Şərqi öz aralarında bölüşdürmüşdülər.
İlk baxışda belə görünsə də, əslində İranın səmimiliyi bir az şübhəli idi. Tehranın PKK terror təşkilatı ilə sıx əlaqələri isə Ankara üçün sirr deyildi. Beləliklə Tehranın necə dost olduğu bəlli oldu. Ancaq Tehranda tam bir eyforiya hökm sürürdü. Rejim kulislərində inqilabın yaxın ölkələrə ixracatı üçün artıq bəyannamələr açılmağa başlamışdı. Mollaların fikrincə, islamçılarla dil tapmaq prezident, kral, sultan və şeyxlərlə dil tapmaqdan daha asan olacaq. Ayətullahlar yataraq yuxularında Qətərdə, Səudiyyə Ərəbistanında, Küveytə, BƏƏ də inqilab dalğasının neft səltənətlərini bir-bir devirdiyini görürdülər. Ərəb ölkələrindəki iğtişaşların başlamasından az müddət sonra Tehran başa düşdü ki, bu inqilablar onun gözlədiyi nəticəni vermir. İran sürətlə dünya ictimaiyyəti tərəfindən təcrid edilməyə başlanıb. Bu problemin bir tərəfidir, ikinci vacib amil isə bu inqilabi dalğanın yayılmasının İran dövlətçilyi üçün təhlükəli bir məcrada hərəkət etməsidir.
Bir neçə misal gətirək. Tehranın Bəhreyndə böyük ümidlərlə gözlədiyi və başqa Körfəz ölkələrinə də sıçramasını arzu etdiyi kütləvi münaqişə baş tutmadı. Mirvari meydanındakı kütləvi nümayişlər Səudiyyə Ərəbistanından gətirilən xüsusi təyinatlı ekspedisiya korpusu tərəfindən qəddarcasına və az bir müddət içində dağıdıldı. Ər -Riyad gözlənməyəcək qədər çevik bir hərbi-siyasi manevr Mirvari Meydan adlı siyasi oyun masasında Tehranın inqilab Kral Kartını qara Tref Tuz ilə vurdu. Səud səltənətinin sürətli, ciddi və sərt addımları ilə bərabər Qərbin bir ölkənin faktiki işğalına məhəl qoymaması Tehranı etiraz edənlərə yardım etmək fikrindən də daşındırdı. Səudiyyə Ərəbistanının ciddi və sərt addımları bölgədəki digər nümayiş həvəsində olanlar üçün yetərli bir xəbərdarlıq oldu. Bəhreynə hərbi yardımla kömək edən Ər-Riyad ordu birliklərini də ən yüksək döyüş səviyyəsinə gətirdi. Körfəzə böyük bir amerikan hərbi dəniz eskadrası daxil olaraq İran sahilindən cəmi 7 kilometr məsafədə lövbər saldı. Tehranın Fars körfəzindəki mütləq monarxiya rejimlərini devirmək planı da baş tutmadı.
Molla rejimi qırqovul ovuna çıxsa da qarğa vurub kor - peşman evinə geri döndü.
Mollaların şirin inqilab röyasını gecə yarısı gələn bir telefon zəngi pozdu. Zəng edən Suriya prezidenti Bəşər Əsəd idi, o təşviş və təlatüm içində Dərra, İdlib, Rakka, Rastan və Homs şəhərlərinin bir gecədə üsyan edərək inqilabın xalq kütlələrinin əlinə keçdiyini deyərək ağalardan məsləhət istəyirdi. Bunun nəticəsi nə oldu, hər kəsə bəllidir. Hazırda Suriya İranın nəzarətindən çıxmaq üzrədir.
Bu hadisələr nəticəsində Tehran Fələstin-İsrail məsələlərinə müdaxilə etmə imkanını da itirdi. İran bölgədəki strateji təşəbbüsü də əldən vermiş oldu. Suriyanın İran rejimi üçün əhəmiyyəti haqqında bəhs etmək istəməzdik, ancaq bir gerçək var. Tehran tək ciddi müttəfiqi olan Bəşər Əsədi sona qədər müdafiə edəcək. Hazırda Qərb Suriyada vəziyyəti o qədər ağır və çıxılmaz bir səviyyəyə gətirmək istəyir ki, Tehran Dəməşq rejimini xilas etmək üçün ölkəyə ekspedisiya korpusu yeritsin. İran rejimi bu addımı atarsa, Qərbın və Körfəz səltənətlərinin ən böyük istəyi baş tutar. Bu Tehranla İran hüdudlarının xaricində müharibə etmək arzusu və planıdır. Qərb üçün Əsədin məmləkətinə dinc əhalini qoruma bəhanəsi ilə ordu birləşmələrinin yeridilməsi ilə nəticələnə bilər. Bu molla rejimi üçün məhşər imtahanından sonra ən ciddi bir imtahan ola bilər. İranın bu hərbi qarşıdurmada məğlub olması labuddur. Hərbi məğlubiyyət İranın nüvə silahı əldə etmə iddialarına da ciddi zərbə vura bilər.
"Ərəb baharı"nın Tehran üçün kəsb etdiyi ən böyük təhlükə isə Səudiyyə səltənətinin İran əleyhinə sünni hərbi -siyasi blokunun təşkil etmə çalışmalarını aktiv bir şəkildə aparmasıdır. Mübarək və Qəddafinin dünyəvi rejimlərinin devrilməsi ilə başlayan Suriya münaqişəsi köklü bir şəkildə Yaxın Şərqdəki güc və nüfuz balansını Körfəz monarxiyalarının lehinə dəyişdi. Səudiyyə Ərəbistanı və Qətər az bir zaman içində inqilabın baş verdiyi ölkələrdəki islamçı gücləri öz nəzarətləri altına ala bildilər. Az bir zaman içində bəlli oldu ki, neft dollarları yeni üsyançı liderlər üçün Tehranın şirin vədlərindən daha şirindir. Bu pul -inqilab, islamçılıq oyununun da ilk qurbanı əvvəllər Körfəz baronlarının İran mollaları ilə mübahisələrindən uzaq durmağa cəhd edən İordaniya Krallığı oldu. Əmmanda başlayan kütləvi etiraz aksiyaları Qətərdən gələn pul -dollar seli ilə yuyuldu.Türkiyənin neytral mövqedən fəal Əsəd əleyhdarı mövqeyinə keçməsi isə Doxa, Ər-Riyad, Əl-Küveyt və Əbu-Dabidə böyük sevinclə qarşılandı.
Beynəlxalq sanksiya və təcrid siyasəti ilə zəifləmiş Tehran rejimini köhnə dostları da tərk etməyə başladı.
2012-ci ilin mart ayında dünənə qədər Tehranla ölümünə qardaşlıqdan dəm vuran "Həmas" molla rejimindən üz çevirərək Qətərlə ittifaqa girdi və baş qərargahını da Dohada qurdu. "Həmas" liderlərinin İranla İsrail arasında hərbi münaqişə başladığında Tehranın tərəfində olmaycaqları bəyanatı isə mollalar üçün bir şok təsirli xəbər oldu. İranın ən yaxın müttəfiqi "Hizbullah" lideri şeyx Nəsrullahın "İsrailə hərbi münaqişəyə girsən, bizdən kömək istəmə" mesaji Tehran üçün tam bir arxadan vurulan zərbə mahiyyətli bir bəyanat oldu. Diqqət edin ki, Şeyx Nəsrullah bu bəyanatla , SEPAH-ın yüksək rütbəli bir generalının Beyruta səfərindən bir gün sonra çıxış edərək, Tehranı tam bir çaşbaş vəziyyətdə qoydu.
Bu hadisələrin hamısı İran molla rejimi üçün, "ərəb baharın"dan ilham alaraq ölkə daxilində baş verə biləcək kütləvi etirazlar dalğasının başlaması ehtimalı qarşısında heç bir şey deyil.
Ərəbistan yarımadasındakı əzəmətli saraylarda oturan kral, sultan və şeyxlər rahat çarpayılarında yataraq Tehranda inqilab röyasını görülər. Sirr deyil ki, Qərb bir neçə dəfə İranda vəziyyəti qarışdırmağa cəhd edib. Ancaq indiyə qədər bütün bu təşəbbüslər boşa çıxıb.
Bizə görə ölkədə hakimiyyətdə olan və bir-biri ilə didişən elitalar və zümrələr arasında İranda islam dövləti konsepsiyasının qorunub saxlanmasına dair bir konsensus mövcuddur. Ölkədə siyasi güclər balansı SEPAH, ordu və ruhani zümrə arasında çəkişmələr və ziddiyyətlərlə saxlansa da, bu güclərdən heç birisi islamı dövlət siyası xəttindən üz döndərə bilməz.
Ümmət anlayışı üzərində mövcud olan islam dövləti konsepsiyası hal-hazırda İran dövləti daxilində yaşayan türkləri, kürdləri, bəlucları, ərəbləri , farsları hələlik bir yerdə tutan tək amildir. Bu ideologiyanın çöküşü isə rejimin çöküşü deməkdir. Qərbin də istəyi və xəyalı da bu ideoloji çöküşdür.
Mehdi Səlimov