Müxalifət daxilində parçalanma - SİYASİ ANALİZ

Ənənəvi müxalifət El hərəkatını, Rüstəm İbrahimbəyovu hədəfə aldı

El hərəkatının siyasi uğurlarının ənənəvi müxalifətdə qısqanclıq doğuracağına dair deyilənlər təsdiqini tapmaqdadır. Hərəkatın təsis olunduğu gün "Ağrıdağ" cəmiyyətinin sədri Nurəddin Mustafayevin ənənəvi müxalifəti "gündəmdə qalmaq üçün efirə çıxan və qalmaqal yaradan şou-biznes təmsilçilərinə" bənzətməsi tərəflər arasında söz savaşına səbəb oldu. Həmin gün məlum oldu ki, El hərəkatı ilə Müsavat və AXCP arasında münasibətlər soyuq olacaq. Siyasi qısqanclıq davam edəcək. Bu günlərdə AXC şinelindən çıxmış bir sıra partiyalardan El hərəkatına qopmaların baş verməsi ənənəvi müxalifəti qıcıqlandırıb. Məlum olub ki, El hərəkatı bölgələrdə maddi şirnikləndimə və siyasi vədlərlə köhnə müxalifət  aktivlərini ələ almaq xətti tutub. Hər halda bu barədə Müsavatda keçirilən toplantıda danışlıb. Sabiq millət vəkili, Müsavatın Divan üzvü İkram İsrafil deyib ki, EL-in təşkilatlanma prosesində Müsavatdan və onun yerlərdəki fəallarından istifadə etməsi düzgün deyil: "Müsavatın yerli təşkilatlarında və rəhbərlikdə təmsil olunan bir neçə nəfərin EL-in regionlarda şöbələrinin təsis olunmasında iştirak etməsi ilə bağlı məlumatım var. EL rəhbərliyində təmsil olunanlar da demişdi ki, hərəkat bu günədək siyasi proseslərdən kənarda qalan insanları siyasi proseslərə cəlb edəcək bir qurum kimi formalaşacaq. Əlbəttə, bu, çox gözəl ideya idi. Amma sadəcə Müsavatın bazasında və ya onun bölgələrdə, eləcə də Bakı kəndlərində yaşayan tanınmış üzvlərindən istifadə etməklə təşkilatlanma heç nəyi dəyişməyəcək. Siyasi proseslərdə iştirak edən cəbhəçi, müsavatçı, ADP-çi, AMİP-çi və digərləri onsuzda siyasətdədilər. Ancaq EL daha əvvəl indiyədək siyasətdə olmayan insanların prosesə cəlb olunmasına çalışacaqlarını deyirdi".

Yəqin ki bu yaxınlarda AXCP funksionerlərinin də eyni bəyanatla çıxış edəcəyi gözlənilir. Çünki El emissarları bir sıra rayonlarda Xalq Cəbhəsinin fəallarına da elçi düşüblər. Ənənəvi müxalifətlə El hərəkatı arasında narazılığın yaranması təbiidir. Çünki hər iki qüvvə köhnə zehniyyəti təmsil edir,  gəncliyi siyasi proseslərə cəlb edə bilmir. Ona görə də bir-birinin elektoratına göz dikməkdən başqa çarələri yoxdur. Ziddiyyətlər getdikcə qabarır və hətta düşmənçilik səviyyəsinə də çata bilər. Artıq İkram İsrafil El hərəkatının mənəvi lideri barədə tənqidlərini dilə gətirib.  Müsavat yetkilsi (böyük ehtimalla, Arif Hacılı-Pənah Hüseyn cütlüyünün xeyir duası ilə) ilk atəşi açıb. El hərəkatına qarşı ideloji savaşın bünövrəsi atılıb. İ.İsrafil EL hərəkatının ideya rəhbəri Rüstəm İbrahimbəyovun bəzi açıqlamalarının narazılıqla qarşılandığını deyib. O, bununla bağlı Məclisin toplantısında fikirlərini söyləyib: "Haqlı olaraq demişəm ki, EL-in yaranmasını ideya kimi ortaya atan hörmətli Rüstəm İbrahimbəyovun son çıxış və bəyanatları müraciət etdikləri kəsimin də narazılığına səbəb olub. Jurnalistlər ona sual verdi ki, Azərbaycana qayıdacağınız təqdirdə həbs olunmağınız ehtimalı var, ölkəyə gələcəksinizmi? O isə cavabında demişdi axmaq deyiləm ki, bilə-bilə gəlim, və məni həbs etsinlər. Bu, çox ciddi fikirdir ki, insanlar haqlı olaraq bundan narazılıq edirlər. O zaman 20 ildir bu hakimiyyətə qarşı mübarizə aparan, dəfələrlə həbs olunan, bu gün də həbsdən çəkinməyərək ölkədə demokratiya uğrunda mübarizə aparan insanlar niyə həbs olunur, həbsxanalara düşür, amma mübarizələrini davam etdirir?" Müsavat yetkilisi prostest elektoratı üçün həssas olan məsələyə toxunub və El hərəkatına, Ziyalılar Forumuna qarşı ideoloji savaşın bünövrəsini qoyub. Bir müddət öncə həqiqətən də İbrahimbəyov   bu cür bəyanat vermiş, "axmaq deyiləm ki, ölkəyə gələm, gəlsəm, həbs edəcəklər" demişdi. Deməli, İbrahimbəyov həbsə düşməyi "axmaqlıq" hesab edir.  Bu məntiqlə İlqar Məmmədov və Müsavat başqanının müavini Tofiq Yaqublu həbsə düşməklə "axmaqlıq ediblər". Göründüyü kimi, olduqca acı mənzərədir və kinodramaturqun buraxdığı siyasi xəta müxalifət daxilində ciddi narazılığın əsasını qoya bilər. 20 ildir mübarizə aparan siyasi qüvvələr bu cür siyasi xətaları bağışlamırlar. Ziyalılar Forumu, El hərəkatı və İbrahimbəyov ciddi barış mesajları verməsə, ənənəvi müxalifətə qarşı aparılan "sosial baza ovu" dayandırılmasa, AXCP-Müsavat ittifaqı El hərəkatı arasında qarşıdurma qızışacaq.

Ərhun Abbas

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00