Müxalifətin səsləri parçalana bilər - SİYASİ ANALİZ
Seçkiyə 6 ay qalmış düşərgənin 10 namizədi var
10 Aprel 2013 15:00 Siyasətİqtidar düşərgəsindən prezidentliyə namizədlər bəlli olmamış müxalifətdən 10 prezidentliyə namizəd var. Bunlar "Şərq-Qərb" Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu, Müsavat başqanı İsa Qəmbər, Real Alternativ Hərəkatının sədri İlqar Məmmədov, hüquq müdafiəçisi Vidadi İsgəndərli, El hərəkatının sədri Eldar Namazov, AVİP lideri Əli Əliyev, Müstəqil Tədqiqatlar Mərkəzinin rəhbəri İlqar Altay, ADP sədri Sərdar Cəlaloğlu, KXCP sədri Mirmahmud Mirəlioğu və Ümid Partiyasının sədri İqbal Ağazadədir. Siyasi müşahidəçilər namizədlərin çoxluğunun düşərgə üçün problem yaradacağını bildirir. "Şərq-Qərb" Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu namizədlərin çoxluğundan narahat olmasa da, ənənəvi müxalifətin qara piarından ehtiyat edir. Onun fikrincə, əlində təbliğat resursları olan partiyalar müstəqil namizədlərə qarşı qısqanc davrana bilərlər. Politoloqun narahatlğı anlaşılandır. İki ay öncə Müsavatın təbliğat ruporu namizədliyini irəli sürəcəyini bəyan etmiş Ərəstun Oruclunu "hakimiyyətin müstəqil radikal namizəd layihəsi" adlandırmışdı. Bu tip ittihamlar Vidadi İsgəndərli, İlqar Məmmədov haqqında da irəli sürülə bilər. AXCP-nin, Xaliq Bahadırın təbirincə desək "Pravda"sı ilə Vidadi İsgəndərlinin arasında yaşanan mübahisələri buna şamil etmək olar. AXCP İsgəndərlinin namizəd olmasını heç cür həzm edə bilmir.
Prezidentliyə namizəd kimi adı hallandırılan 10 nəfəri 2 qrupa ayırmaq olar. Arxasında təşkilati güc, informasiya dəstəyi dayanan partiya rəhbərləri və yalnız öz doğulduğu bölgənin nüfuzlu insanlarının səsinə arxalanan müstəqil namizədlər. İsa Qəmbər, Mirmahmud bəy, Sərdar Cəlaloğlu, namizədliyini irəli sürsə Əli Kərimli, İqbal Ağazadə seçkiyə müəyyən sosial baza ilə gedirlər. AMİP sədri, AVİP lideri də az da olsa elektoral resurslara malikdir. Müsavat başqanı, AXCP sədri, ADP lideri hakimiyyət tərəfindən ciddi rəqib kimi qəbul edilirlər. Amma AVİP lideri, AMİP sədri, İqbal Ağazadə haqqında bunu demək mümkün deyil. Müsavat başqanı ilə rəqib olsa, Ümid Partiyası sədrinin regional elektorata da ümid etməsi çətin olacaq. İkinci qrup-müstəqil namizədlərə gəlincə, onlar üçün imza toplamaq, təbliğat aparmaq üçün təcrübəli adamlara ehtiyac var. Müsavat, AXCP, KCXP, ADP kimi partiyalarda illərin sınağından çıxmış təcrübəli seçki mütəxəssisləri var. Ərəstun Oruclu, İlqar Altay, İlqar Məmmədov, Vidadi İsgəndərli bu kimi məsələlərdə çətinlik çəkəcəklər. Onların komandasında seçicilərlə işləməyi bacaran səriştəli insanlar olmayacaq.
Qeydiyyat baryerini aşıb seçkiyə girə bilsələr, müstəqil namizədlər partiya sədrləri üçün, özəlliklə də ənənəvi müxalifət partiyaları üçün problem yaradacaqlar. Məsələn, Ərəstun Oruclu Müsavatın elektoratına yaxın adamdır. Politoloq teleçıxışlarını yaxşı qura bilsə, effektli təbliğat aparsa, Gəncə-Qazax bölgəsində İsa Qəmbərin elektoratına iddia edə biləcək. İlqar Məmmədov da Müsavat və AXCP-nin namizədinə problem yarada bilər. Vidadi İsgəndərli Şirvan bölgəsində AXCP-nin səslərini parçalaya bilər. Emosional çıxışları ilə diqqət çəkən hüquq müdafiəçisi təbliğat kampaniyasını sosial tələblər üzərində qursa, ənənəvi müxalifətin səslərini parçalayacaq. Ənənəvi müxalifət bir halda müstəqil namizədlərə üstün gələ bilər:vahid namizəd müəyyən edilsə. Bu isə real görünmür. Müxalifət bu tərkibdə seçkilərə getsə, ciddi səs itkilərinə yol verəcək. Düşərgəyə verilən səslər parçalanacaq.
Ərhun Abbas